Sosial siyasətin qalıq modeli
Sosial siyasətin qalıq modeli İngiltərədə kasıblar haqda qanunun qəbul olunmasından başlayaraq formalaşır. Qəbul olunmuş qanunlar 1531-ci ildən 1601-ci ilə kimi cəmiyyətin kasıblamasını tənzimləməyə çalışırdılar, yoxsulluq və pauperizm üzərində dövlət nəzarəti ilə bağlı tədbirlər sistemi müəyyən olunurdu, yoxsulluq içində yaşayan insanlara aid dəstək proqramlarını mərkəzləşdirilmiş formada maliyyələşdirməyə imkan yaradan vergi sistemi işlənib hazırlanırdı. Qanunvericiliklə paralel olaraq ehtiyacı olanlara sosial dəstəklə bağlı tədbirlər, eləcə də professional yoxsulluğun əleyhinə preventiv və repressiv tədbirlər inkişaf etdirilirdi, məzlumların minimal vəsaitlərlə təmin olunmasına imkan yaradan maliyyə modellərinin axtarışları həyata keçirilirdi. Bunların hamısı fəal şəkildə müxtəlif Avropa ölkələrində XIX əsrdə və XX əsrin əvvəllərində həyata keçirilirdi.
Əhalinin dəstəyi ilə bağlı tədbirlər sırasında “qapalı” və “açıq” yardımla bağlı olan müəyyənləşmiş sosial aksiyalar sistemini qeyd etmək olar.Yardımın “qapalı” institutlarına kasıblar üçün evləri, xəstəxanaları, azyaşlılar üçün islahedici müəssisələr və məktəbləri, müvəqqəti sığınacaqları aid etmək olar. “Açıq” yardım müvəqqəti xarakter daşıyırdı və pulun, ərzaq məhsullarının verilməsi, məşğələlərin təqdim olunması, tibbi yardımı özünə daxil edən xidmətlər seriyası və birdəfəlik ödəmələrdən ibarət idi.
Mövcud olan modelin inkişafı prosesində aşağıdakı məqamlara aidiyyəti olan əsas prinsiplər formalaşdırılmışdır: dövlət sosial xidmətlər sistemi vasitəsi ilə ehtiyacı olanlara dəstək və yardımı yalnız fərdi ehtiyacların təmin olunması ailə institutu və özəl bazarın imkanları tərəfindən reallaşmadığı halda göstərir. Lakin bu halda da dəstək ancaq müvəqqəti olaraq göstərilir. Bu yanaşmanın mahiyyəti professor Pikok tərəfindən formalaşdırılmışdır: “Həqiqi dövlət təminatının obyekti ehtiyacı olanlara belə təminatsız necə keçinməyi öyrətməkdir”.
Bu gün sosial siyasətin qalıq modeli daha geniş miqyasda ABŞ-da təqdim olunub. Onun səciyyəvi xüsusiyyətləri demərkəzləşdirmə, federal qanunvericilik yaxud ştatların qanunvericiliyi tərəfindən reqlamentləşdirilən çoxsaylı sosial ünvanlı proqramların mövcudluğudur. Sosial siyasətin qalıq modelinin reallaşdırılması müxtəlif maliyyələşdirmə mənbələri olan dövlət sığortası və sosial yardım formalarında həyata keçirilir. Sosial sığorta, sosial sığorta üçün nəzərdə tutulan zəhmətkeşlərdən və sahibkarlardan yığılan məqsədli vergi hesabına yaranır, sosial yardım isə dövlət təxsisatları hesabına həyata keçir.
SOSİAL SIĞORTA – sosial təminatın təşkilinin formasıdır. Burada sosial ödəmələrin alınmasının şərti müəyyən edilmiş miqdarda və müəyyən vaxtda öncədən ödəmələrin verilməsidir.
Dostları ilə paylaş: |