Şəfa Əliyev-Azərbaycanın xarici iqtisadi siyasəti-Dərs vəsaiti-2015-prof. Şəfa Əliyev
4.4. Bazar iqtisadiyyatı prinsiplərinin mənfi və müsbət cəhətləri. 4.5. Azərbaycanın dünya bazarına iqtisadi inteqrasiyasının prioritet istiqamətləri.
4.1. Dünya bazarının əmələ gəlməsi və mahiyyəti.
Dünya ticarəti xarici ticarətin bütün dünya ölkələri üzrə ümumi məcmuəsindən ibarətdir. Hələ qədim zamanlarda bir çox xalqlar və tayfalar bir-biri ilə qarşılaşmalı, bir çox məsələlərdə münasibətlərini araşdırmalı olurdular. Bu cür hallar miqrasiya zamanı, təbii fəlakətdən kütləvi qaçqın hallarında, müəyyən ərazilərin və yaşayış massivlərinin, müharibələr, güc müdaxilələri nəticəsində bölünməsi zamanı baş verirdi.
Qədim yaşayış məskanlarından olan Misirdə, hələ 5 min il bundan qabaq qonşu tayfalar bir-biri ilə metal, mal-qara, ağac məmulatı və sair verərək əvəzində əkinçilik və qədim sənəd məhsulları alardılar. Bu tip ticarət prosesləri sonradan dünyanın bir çox ölkələrinə və ərazilərinə yayılmağa başlandı. Məsələn, Rusiyada müxtəlif tayfalar arasında xidmət və mallar üzrə ticarət genişlənirdi, yunan ticarətçiləri Aralıq dənizi boyu yüklərin daşınması və xidmətlərin göstərilməsi üzrə xarici sərnişinlərlə ticarət aparırdılar. Qeyd ettmək lazımdır ki, bu tip proseslər nəticəsində Aralıq və Qara dəniz sahilləri boyunca, o cümlədən, Qərbi Asiya ölkələri də daxil olmaqla dünya ticarətinin genişlənməsi və dünya təsərrüfatının yaranması prosesləri sürətləndi. Zaman keçdikcə, bu ölkələrə Şərqi Asiya, Cənubi Asiya ölkələri, Afrikanın tropik rayonları, Avstraliya və Okeaniya, Rusiya və Amerika da qoşuldular.
Dünya ticarətinin intensiv inkişafı artıq XV-XVII əsrlərdə bazar iqtisadiyyatı prinsiplərinin formalaşmasına əsaslı təsir göstərə bildi. Bundan əlavə, həmin dövrdə bir çox yeni dünya ərazilərinin kəşf edilməsi, okeanlararası əlaqələrin yaranması, tayfa və qəbilələrin əsasən artıq ölkə qurumları və dövlət formasında bərqərar olması, və nəhayət, XIX əsrdən başlayaraq maşınqayırmanın, sənayenin yaranması, müasir nəqliyat və rabitə vasitələrinin əmələ gəlməsi və sair mühüm amillər nəticəsində bazar iqtisadiyyatı və dünya iqtisadiyyatı nisbətən formalaşmağa başladılar.
Xüsusilə, bir çox mühüm tarixi ekspedisiyalardan sonra (Kolumb, Vasko da Qama, Maqellan və Yermak) artıq dünyada yeni bazarların və regionların əmələ gəlməsi sürətləndi. Bu regionlar arasında təsərrüfat əlaqələri kütləvi forma aldılar və artıq XIX əsrdə Qərbi Avropada hazır məhsulların fabrik və müəssisələr səviyyəsində istehsalı artdı, sonra bu proseslər Amerika, Rusiya və Yaponiyada genişləndi. Bu proseslər nəticəsində müxtəlif regionlar arasında sadə və ucuz istehlak mallarının dünya ticarəti artmaqla yanaşı, ticarət satış prosesləri dəmir yollarının, teleqrafın, buxar gəmilərinin və digər nəqliyyat vasitələrin, xidmət sahələrinin genişlənməsinə əlavə stimullar verirdi.
Qeyd etmək lazımdır ki, artıq XIX əsrin sonralında mal və xidmətlər üzrə dünya bazarı və dünya ticarəti formalaşmışdı. Eyni zamanda, dünya bazarında kapitalın, işçi güvvəsinin hərəkəti, sahibkarlıq fəaliyyəti, texnologiyalar amilləri özünü gösətərməkdə idi. Bu prosesdərdə, Rusiya taxıl və digər kənd təsərrüfatı məhsulları, ağac məmulatını Qərbi Avropaya ixrac edən ölkə kimi tanınırdı, əvəizində isə Qərbi Avropa ölkələrindən hazır məhsullar, materiallar və yarımfabrikatlar gətirirdi. Bu dövrdə Qərbi Avropa ölkələri güclü inkişaf nəticəsində öz kapital resurslarını Amerika və Rusiyaya yatırırdılar. İngilis, fransız, belçika, holland və alman kapitalı Şimali Amerika, Cənubi Afrika və Avstraliyada yeni məkanlarda yerləşdirilirdi. Beləliklə, dünyanın müxtəlif regionları arasında hazırkı bazar prinsiplərinə oxşar proseslər sürətləndi və kapitalın hərəkəti, ixrac və idxal əməliyyatlarının genişlənməsi baş verdi, zəif inkişaf etmiş ölkələrdən ucuz işçi güvvəsi miqrasiyası artdı və istehsala Beynəlxalq amillərin təsiri güclənməyə başlandı.