MULTİKULTURALİZMƏ GİRİŞ
44
Amma bu hal həmişə belə olmur.
Misal olaraq, eqalitar liberalizmin
nümayəndəsi, Britaniyalı filosof Brayan Barrinin yanaşmasını qeyd etmək olar.
O, multikulturalizmə liberal mövqedən yanaşır, amma multikulturalizmin qəti
əleyhinə çıxır və hesab edir ki, liberal dövlət qeyri-liberal elementlərə tolerantlıqla
yanaşa bilməz. Lakin burada problem ondan ibarətdir ki, hansı dəyərin liberal,
hansı dəyərin qeyri-liberal olması mübahisəli məsəlidir. Digər ziddiyyət isə
odur ki, liberalizmin digər nümayəndələrinə, məsələn, Çandran Kukatasa görə,
liberal cəmiyyətdə hətta qeyri-liberal elementlərə də yer olmalıdır
və həmin
elementlərə tolerantlıqla yanaşılmalıdır, çünki bu liberalizmin mahiyyətindən
irəli gəlir.
Barri “Mədəniyyət və Azadlıq” (Culture and Equality) adlı
əsərində
multikulturalizmə eqalitar liberalizm nöqteyi-nəzərindən yanaşır. O, etnik,
dini irqi və mədəniyyət fərqlərinin tanınmasından doğan patologiyalardan
bəhs edərək multikulturalizmə tənqidi baxışla yanaşır. Barrinin eqalitar liberal
nəzəriyyəsinin əsası ondan ibarətdir ki, hər kəs üçün eyni qanun tətbiq edilməlidir
və heç bir istisna olmamalıdır və yaxud da həmin qanunun mövcudluğu əsaslı
deyildirsə, ləğv edilməlidir.
Beləliklə, Barri müxtəlif dini və ya mədəni səbəblərlə bağlı olan mənfi,
xoşagələməz ənənə və ya prakitikalarla bağlı qanuna istisnanı nəzərdən tutan
multikulturalizm strategiyasının əleyhinə çıxır. Bu o deməkdir ki, hər hansı etnik,
mədəni və ya dini səbəbdən fərdlərin qanun qarşısında bərabərliyi pozulmamalı,
hamı eyni hüquqa malik olmalı və eyni dərəcədə məsuliyyət daşımalıdır. Barriyə
görə, multikulturalizmdə fərdlərin bərabərlik prinsipinə istisnalar baş verə bilir
ki, bu da nəticə etibarı ilə insanların bərabər imkanlardan məhrum olmasına
gətirib çıxarır.
Həmin mənfi, xoşagələməz ənənə və ya prakitikalara misal
olaraq, Barri qaraçılara öz uşaqlarını lazımi təhsildən məhrum etmək hüququ
verən qanunları numunə gətirir.
Barri hər kəs üçün eyni qanunun tətbiq edilməsini və burada heç bir
istisnaya
yol verilməməsini, hər kəs üçün bərabər qanunları müdafiə edir və
istisnaların yolverilməzliyini vurğulayır. Buna baxmayaraq, o,
uşaqlar üçün
bərabər təhsil imkanlarının təmin edilməsi məqsədilə bəzi istisnaları dəstəkləyir.
Məsələn, Barri Fransada müsəlman qızların dövlət məktəb sistemində hicab
geyinməsinin Fransanın dünyəvilik prinsipinə təhdid törətmədiyini bildirir.
Başqa sözlə desək, Barrinin bərabər qanunları müdafiə etməsi ilə bərabər təhsil
45
“MULTİKULTURALİZMƏ GİRİŞ” FƏNNİNİN PREDMETİ VƏ ƏHƏMİYYƏTİ
imkanlarının dəstəkləməsi arasında müəyyən ziddiyyətin olduğu görünür. Bu
ziddiyyəti fərdiyyətçilik və xüsusən də bərabərlik prinsipləri ilə izah etmək olar.
Məhz buna görə də, Barrinin eqalitar liberal yanaşmasını anti-multikulturalism
adlandırırlar.
Eqalitar liberalizmə görə, “ədalətli” dövlət ənənəvi liberal azadlıqları
qorumaqla yanaşı, iqtisadi faydaları yenidən bölüşdürərək zənginlərdən kasıblara
çatdırılmasını və ictimai xidmətlərə çıxışda bərabərliyi təmin etməlidir. Barriyə
görə, imkan bərabərliyi özəl təhsil və özəl tibb kimi institutlarla bir araya sığmır.
Əsl imkan bərabərliyi yalnız o zaman mövcud olur ki, nəticələr sosial sinif, irq və
ya ailə mənsubiyyətinin təsir etdiyi faktorlara deyil, müstəsna olaraq insanların
seçimlərinə və qərarlarına əsaslansın.
Yekun
olaraq qeyd edilməlidir ki, multikulturalizmə liberalizm
yanaşmaları yekcins deyil və fərqlidir. Müasir liberalizmin nümayəndəsi Vil
Kimlika mukltikulturalizmdə dövlətin rolunu önə çəkir və qrup hüquqları
məsələsində, xüsusən də özünün irəli sürdüyü “kənar müdafiə” konsepsiyasının
həyata keçirilməsində dövlətin rolunun əhəmiyyətini vurğulayır.
Klassik
liberalizmin nümayəndəsi Çandran Kukatas isə əsas diqqəti fərdlərin azadlığı
üzərinə yönəldir və dövlətin rolunu məhdudlaşdırılmasını müdafiə edir.
Kimlika qruplar arasında tolerantlığı daha önəmli saydığı halda, Kukatas
multikultural cəmiyyətdə fərdlər arasında tolerantlığı zəruri hesab edir və
bildirir ki, liberal cəmiyyət həm də qeyri-liberal elementlərə dözümlü olmalıdır.
Eqalitar liberalizmin nümayəndəsi Barri Brayan fərdlərin bərabərliyi prinsipini
qətiyyətlə müdafiə edir. Barri nə Kimlikanın qrup hüquqları konsepsiyasını, nə
də Kukatasın liberal cəmiyyətin qeyri-liberal elementlərə tolerant yanaşmalı
olduğu fikrini
qəbul edir və ümumiyyətlə, multikulturalizmi sərt tənqid edir.
Multikulturalizmə liberalizm yanaşmaları arasındakı qeyd olunan ziddiyyət və
fikir ayrılıqları təkcə nəzəriyyələrlə məhdudlaşmır, həm də praktikada müxtəlif
dövlətlərin həyat keçirdiyi multikulturalizm siyasəti modellərində əks olunur.