MULTİKULTURALİZMƏ GİRİŞ
80
(hakimiyyət illəri: 306-337) və Lisiniy (hakimiyyət illəri: 308-324) 313-cü ildə
Milan şəhərində görüşüb imperiya ərazisində dini dözümlülüyün elan edilməsi
ilə bağlı razılaşma sənədi imzaladılar. “Milan edikti” adlanan bu sənəd qəbul
edildikdən sonra xristianların nəinki təqiblərinə son qoyuldu, hətta xristianlığın
hakim dinə çevrilməsi istiqamətində addımlar atılmağa başlanıldı.
Xristianlığın nüfuzu artdıqca, onun mənsubları arasında ziddiyyətlər
böyüyür, İsa Məsihin təbiəti ilə bağlı müxtəlif təlimlər ortaya çıxırdı. Bu
ixtilafların aradan qaldırılması məqsədilə fərqli dövrlərdə kilsə məclisləri
çağırıldı. Qeyd edək ki, tarixdə xristian ehkamının formalaşmasına böyük təsir
göstərən aşağıdakı yeddi ümumdünya kilsə məclisi keçirilmişdir:
I
Ümumdünya
Kilsə
Məclisi
-
Roma
imperatoru
I
Konstantin tərəfindən 325-ci ildə Nikeya (indiki
Türkiyənin
İznik şəhəri. – Red.) şəhərində çağırıldı. Həmin məclisdə arianlıq
bidətçi təlim kimi səciyyələndirildi, həmçinin Tanrının üç sifətdən ibarət olması
əqidəsi, yəni Müqəddəs Üçlük (Ata, Oğul və Müqəddəs Ruh) haqqında ehkam
rəsmi şəkildə qəbul olundu.
II Ümumdünya Kilsə Məclisi - 381-ci ildə Konstantinopol (indiki
Türkiyənin İstanbul şəhəri. – Red.) şəhərində keçirildi. Bu kilsə məclisində
Müqəddəs Üçlük haqqında ehkamın formalaşması başa çatdırıldı.
431-ci
ildə
Efes
şəhərində
(Türkiyə
ərazisindədir.
–
Red.) keçirilmiş III Ümumdünya Kilsə Məclisində nestorianlıq
və 451-ci ildə Xalkedon (indiki İstanbul şəhərinin Kadıköy bölgəsi. –
Red.) şəhərində çağırılmış IV Ümumdünya Kilsə Məclisində monofizitlik
bidətçi təlimlər kimi rədd edildi.
V Ümumdünya Kilsə Məclisi - 553-cü ildə
Konstantinopol şəhərində
Bizans imperatoru I Yustian tərəfindən çağırıldı. Bu məclisdə suriyalı üç xristian
ilahiyyatçısının (Mopsuestiyalı Feodor, Kiriyalı Feodorit və Edesalı İv) nestorian
təlimləri, eləcə də yunan xristian mütəfəkkiri Origenin dini-fəlsəfi görüşləri
kəskin şəkildə tənqid edildi.
VI Ümumdünya Kilsə Məclisi - 680-681-cı illərdə Konstantinopol
şəhərində keçirildi. Bu məclisdə İsa Məsihdə həm ilahi, həm də insani iradənin
olduğu haqqında dini təlim qəbul edildi.
VII Ümumdünya Kilsə Məclisi - 787-ci ildə Nikeya şəhərində (hazırda
Türkiyənin İznik şəhəri. – Red.) keçirildi Bu məclisdə isə ikonalara (xristianlıqda
81
DÜNYA DİNLƏRİ
müqəddəs sayılan şəxslərin və ya dini hekayələrin bədii təsviri. – Red.) qarşı
çıxanlar küfrdə ittiham olundu.
Qeyd edək ki, xristian dünyasında ixtilafların səbəbi təkcə ilahiyyatçıların
dini təlimlərindən qaynaqlanmırdı. 395-ci ildə qədim Roma imperiyasının
iki hissəyə - Qərbi və Şərqi Roma imperiyalarına
bölünməsi də xristianlar
arasında nifaqın yaranmasına və vahid xristian kilsəsinin parçalanmasına
gətirib çıxardı. Belə ki, Qərbi Roma imperiyası ərazisində yaşayan
xristianlar dini ayinlərini latın dilində yerinə yetirirdilər. Zaman keçdikcə
onlar Roma şəhərində oturan yepiskop (Roma Papası) ətrafında birləşdilər.
Şərqi Roma imperiyasındakı xristianlar isə yunan dilində ibadət edirdilər.
Onların əsas dini mərkəzi Konstantinopol şəhərində yerləşən patriarxatlıq
oldu. Əsrlər ötdükcə qərbi və şərqi xristianlar arasında ziddiyyətlər böyüdü,
nəticədə 1054-cü ildə Roma Papası və Konstantinopol Patriarxı
bir-birlərini
lənətlədilər. Beləliklə, xristian dini katoliklik (qərbi xristianlıq) və pravoslavlıq
(şərqi xristianlıq) olmaqla iki böyük qola bölündü.
Bütün bu təzad və ixtilaflara rəğmən, xristianlıq Avropada öz mövqeyini
möhkəmləndirməkdə davam edirdi. Artıq IX-X əsrlərdə bu monoteist din german
və slavyan xalqları, X-XIII əsrlərdə isə baltik xalqları tərəfindən qəbul olundu.
Bununla yanaşı, erkən orta əsrlərdə Qərb dünyasında katolik kilsəsinin başçıları
mütləq hakimiyyət əldə etdilər. Roma Papası III İnnokentinin (hakimiyyət illəri:
1198-1216) dövründə isə Papalıq (752-1870-ci illərdə Roma Papaları tərəfindən
idarə olunmuş teokratik dövlət. – Red.) Avropanın ən qüdrətli dövlətinə çevrildi.
Lakin XVI əsrdə Roma Katolik Kilsəsinin nüfuzu xeyli sarsıldı. Həmin dövrdə
qərb dünyasını katoliklik əleyhinə yönəlmiş reformasiya hərəkatı bürüdü,
nəticədə xristianlığın yeni qolu – protestantlıq meydana gəldi.
Xristian dünyasını bürümüş bütün bu təlatümlərə baxmayaraq, böyük
coğrafi kəşflər (XV-XVI əsrlər), Avropa dövlətlərinin yürütdüyü müstəmləkəçilik
siyasəti, qərb müstəmləkəçiləri tərəfindən dəstəklənən
katolik və protestant
missionerlərin fəaliyyəti sayəsində xristianlıq Avropanın hüdudlarını aşaraq
daha geniş coğrafi arealda - Afrika, Amerika və Avstraliya qitələrində, eləcə də
Okeaniyada yayıldı. Beləliklə, xristianlıq mənsublarının sayına görə dünyanın
ən böyük dininə çevrildi. Hazırda Yer kürəsində yaşayan xristianların ümumi
sayı 2,2 milyard nəfərdən çoxdur.