8.6. Təhsilin və təhsilalmanın formaları Azərbaycan Respublikasında formal, qeyri-formal, informal təhsil formaları tətbiq olunur.
formal təhsil - dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil formasıdır;
qeyri-formal təhsil - müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil formasıdır.
informal təhsil - özünütəhsil yolu ilə biliklərə yiyələnmənin formasıdır.
Formal təhsilin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikasında əyani, qiyabi, distant (məsafədən), sərbəst təhsilalma formaları müəyyən olunmuşdur və təhsilalma formaları çərçivəsində evdə təhsil və fərdi təhsil təşkil oluna bilər. Fərdi təhsil - müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslər, habelə müəyən bir sahə üzrə xüsusi istedadı ilə fərqlənən şagirdlər üçün tətbiq edilən təhsil formasıdır. Evdə təhsil müvafiq təhsil proqramlarına uyğun olaraq ümumi təhsilin evdə təşkili formasıdır. Zəruri hallarda, müasir təhsil texnologiyalarından istifadə etməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada digər təhsilalma formaları da tətbiq edilə bilər.