6. Yaş səviyyəsinə uyğunluq. Dərsliklər şagirdlərin yaş səviyyəsinə uyğun hazırlanmalıdır. Bu zaman iki əsas tələb diqqət mərkəzində saxlanılmalıdır: a) dizayn; b) təlim materiallarının məzmunu, həcmi, maraqlılığı.
7. Təlim vaxtına uyğunluq. Təlim materiallarının miqdarı və ağırlıq çəkisi müəyyənləşdirilərkən ayrılan vaxt nəzərə alınır. Bu zaman nəzəri və praktik materialların balansının gözlənilməsi, standartların reallaşdırılmasına yönəldilməsi zəruri hesab edilir. Şagirdlərin təlim marağının gücləndirilməsi üçün motivasiya imkanları genişləndirilir.
8. Oxunaqlıq. Oxunaqlığın nəzərə alınması üçün ilkin olaraq, məzmun materiallarının maraqlı olması vacib hesab edilir. Belə materiallar şagirdlərin diqqətinə səbəb olur, onları öyrənməyə təhrik edir. Təlim materiallarının lakonikliyi, aydın üslubda, sadə dildə olması öyrənmə fəaliyyətinin səmərəliliyini artırır.
9. İnklüzivlik. Bu prinsip əsasında yazılmış dərslik özünün əhatəliliyinə görə seçilməlidir. Təlim prosesində yalnız bir səviyyəni deyil, müxtəlif səviyyələri ehtiva etməlidir. Həm istedadlı, həm də müəyyən səbəblərdən geridə qalan, sağlamlığı məhdud olan və xüsusi qayğıya ehtiyacı olan uşaqların, şagirdlərin təlim maraqlarını ödəyə bilməlidir. Bunun üçün təlim materiallarının seçilməsinə və dərsliyə daxil edilməsinə diferensial yanaşılmalı, hər bir sinifdə şagirdlərin inkişaf səviyyələri nəzərə alınmalıdır.