Dərsdə təlimin inkişafetdirici funksiyasının nəzərə alınması və təmin edilməsi də çox mühüm məsələdir. “Təlimlə inkişafın qarşılıqlı mürəkkəb əlaqədə olmasına baxmayaraq, təlim inkişafdan əvvəl başlayır, dərketmə elmi anlayışın qapısından keçir” (L.C.Vıqotski). Təlim prosesində uşaq təkcə əqli cəhətdən deyil, həm də fiziki cəhətdən inkişaf edir. Elmlərin əsaslarının öyrənilməsi uşağın intellektual imkanını, onun təfəkkürünü, nitqini, idrak qabiliyyətini, qavrayışını, dərk etməsini, təxəyyül və fantaziyasını, onun hadisələri başa düşmək, müqayisə etmək, faktları ümumiləşdirə bilmək, əqli nəticələr çıxarmaq, yaradıcı bacarığını və s. inkişaf etdirir.
Qeyd etməliyik ki, psixoloq və didaktlar tədqiqatları ilə şagirdlərin inkişafında nəinki təlimin rolunu əsaslandırmış, habelə təlim sistemini təkmilləşdirməklə onun səmərəsini yüksəltməyə yönəldilən dəyərli fikirlər söyləmişlər. Qəti vurğulanmalıdır ki, səmərə verməyən heç bir təlim, o cümlədən heç bir dərs uşağın inkişafını təmin edə bilməz. Təlimin ideya- elmi səviyyəsini və metodikasını yalnız əsaslı surətdə yaxşılaşdırmaqla buna nail ola bilərik.
Dostları ilə paylaş: |