Romalıların şöhrəti 1 Yəhuda Romalıların şöhrətini eşidib
öyrəndi ki, onlar qüdrətli hərbi qüvvəyə
malikdirlər, onlarla bütün ittifaqda olanlara
yaxşı münasibət bəsləyirlər, yanlarına
gələn hər kəslə dostluq əlaqələri qururlar,
çünki qüdrətli hərbi qüvvəyə malikdirlər.
2 Romalıların döyüşləri, Calatiyalılara
qarşı göstərdikləri igidlikləri və onlara
üstün gəlib onlardan xərac almaları barədə
Yəhudaya ətraflı danışıldı. 3 Həmçinin
İspaniya ölkəsində olan qızıl-gümüş
mədənlərini ələ keçirmək üçün orada etdiyi
işlər barədə də bildirildi. 4 Bütün yerləri
səbat və əzmlə hökmranlıqları altına
almışdılar, hərçənd ki bu torpaq onlardan
çox uzaqda idi. Eynilə də dünyanın o biri
ucundan onların üzərinə gələn padşahları
darmadağın edib böyük məğlubiyyətə
uğratmışdılar, digərləri isə onlara hər il
xərac verirlər. 5 Həmçinin Filipi,
Makedoniya padşahı Perseyi və onlara
qarşı üsyan edən digərlərini döyüşdə
darmadağın edib özlərinə tabe
etdirmişdilər. 6 Onlarla yüz iyirmi fil,
süvarilər, döyüş arabaları və olduqca
çoxsaylı qoşunla döyüşə çıxan Suriya
padşahı Böyük Antiox da onlar tərəfindən
darmadağın edilmişdi. 7 Onu diri tutub
özünün və ondan sonra padşahlıq edənlərin
onlara böyük xərac verməsinə qərar
verdilər. Ondan adam girov qoyulması və
ərazi güzəşti tələb etdilər. 8 Hindistan
ölkəsini, Midiyanı, Lidiyanı və başqa ən
yaxşı vilayətlərini əlindən alıb padşah
Evmeneyə vermişdilər. 9 Yəhuda bunu da
öyrəndi ki, Yunanlar Romalıları məhv
etmək qərarına gələndə 10 Romalılar
onların niyyətini bilərək üzərlərinə bir
sərkərdə göndərib onlarla döyüşmüşlər.
Yunanların çoxu vurularaq yerə sərilmiş,
Romalılar onların arvad-uşaqlarını əsir
aparmış, onları qarət etmiş, topraqlarını ələ
keçirmiş və qalalarını dağıtmışlar; bu günə
qədər də onları əsarət altında saxlayırlar.
11 Romalılara nə vaxtsa qarşı çıxan başqa
padşahlıqlar və adaları da onlar viran
qoyub və əsarət altına alıblar. Lakin öz
müttəfiqləri və onlara arxalananlarla
dostluq münasibəti saxlayırlar. 12 Onlar
yaxında və uzaqda olan padşahları özlərinə
tabe etdirmişdilər və onların adını eşidən
hər kəs qorxuya düşürdü. 13 Kimə kömək
etmək və padşahlığa qoymaq istəsələr, o da
padşahlıq edir, kimi də istəsələr, taxtdan
salırlar; onlar olduqca yüksəldilər.
14 Bununla belə, onlardan heç kim başına
tac qoymur, ya da əzəmətli görünmək üçün
al-qırmızı padşah libası geymir. 15 Onlar
özlərinə bir məşvərət şurası yaratmışlar və
orada hər gün üç yüz iyirmi adam xalqa və
onun rifahına dair hər şeyi məsləhət
edirlər. 16 Hər il bir nəfərə özləri üzərində
rəhbərliyi və bütün ölkələrinin idarəsini
etibar edirlər. Hamı bir nəfərə qulaq asır və
aralarında nə bir paxıllıq, nə bir qısqanclıq
olur.