Cəngi – bu saz havası özünün ritmik tembiri və şuh, oynaq səslənməsi ilə seçilir. İnsanı mübarizəyə səsləyən bu saz havasının adı haqda maraqlı fikirlər mövcuddur. “Cəngi” sözünün “zəngi” dən törəməsini qeyd edirlər. Toponomistlər “Zəngilan”, “Zəngibasar” toponimlərinin məhz qədim türk tayfası olan “Zəngi”etnonimi ilə əlaqələndirirlər. Qeyd edək ki, Respublika ərazisində bu etnonimlə bağlı yer-yurd adlarımız var. Məsələn, Dağlıq Şirvanda Zəngi yurdu və Zəngi dağı, İsmayılllı rayonunda Zəngi çayı və s. [61, s.466]. Bundan başqa Respublika ərazisində Cəngi adlanan ərazi də var. Bu da Şamaxı rayonunda (indiki Qobustan rayonunun ərazisi) yerləşir [139]. Bundan bizə “Cəng” adlı musiqi aləti tanışdır. “Cəng” çox qədimlərdə geniş yayılmış simli-yaylı musiqi alətidir. Orta əsrlərdə Azərbaycanın kübar məclislərində, şah saraylarında “cəng” çox məşhur olmuşdur. XVII əsr tarixçisi İsgəndər Münşirin öz əsərində Sultan Məhəmməd Cənginin çalğıçı məharətini vəsf etmişdir. Xalq bu mahir sənətkarın əsil adına “Cəngi” ləqəbi əlavə etmiş və onun incə zövqünə həmişə heyran qalmışdır [19, s.231].
Fikrimizcə, “Cəngi” saz havasının etimologiyası nə “zəngi” etnonimi ilə, nə də “cəng“ musiqi alətinin adı ilə bağlıdır. “Cəng” farsca “müharibə, dava, hərb, döyüş, vuruş” deməkdir [56, s.199]. “Cəngi” saz havasının adı da bu sözdən törəmədir. Qədim oğuz tayfalarında qəbilələr arasında döyüş, güləş zamanı, yarışlarda, hərbi mərasimlərdə cəngi çalınardı. Cəngi saz havasına ən çox “Koroğlu” dastanında rast gəlirik. Çünki, “Koroğlu” dastanı bir igidlik dastanıdır. Dastanda “Cəngi“ ilə yanaşı “Misri”, “Ruhani”, “Keşişoğlu”, “Cəngi Koroğlu”, “ Dübeti Koroğlu”, “Koroğlu gözəlləməsi”, “Ruhani”, “Çoban bayatısı” kimi saz havaları vardır.
Bəstəkarlarımızdan Üzeyir Hacıbəyov, Soltan Hacıbəyov, Aqşin Əlizdə, Süleyman Ələsgərov və başqaları “cəngi” yazıblar. Eyni adlı “Cəngi” xalq rəqsi də vardır.
Ümumiyyətlə, Azərbaycan aşıq sənətinin lokal areallarını əks etdirən mühitlər mövcuddur və onlar on altı adda qruplaşmışlar. Hər bir mühitin özünəməxsus saz havaları var . Məsələn, Göyçə mühiti–“Göyçəgülü,”, “Göyçə qaragözü”, “Göyçə gözəlləməsi”, “Köhnə Göyçə”, “Məmmədsöynü”, “Nəcəfi” və s.[74, s.185].
Borçalı mühiti “Məmmədbağırı”, “Başxanımı”, “Sultanı”, “Qəribi”, “Mansırı”, “Mixəyi”, “Fəxri”, “İbrahimi”, “Qarakəhəri”, “Dol hicranı”, “Faxralı müxəmməsi”, “Faxralı Dilqəmi”, “Bəhməni”, “Borçalı yurd yeri” kimi orjinal havalar yaratmışlar [74, s. 225].
Saz havalarını leksik-semantik baxımından bu cür qruplaşdırmaq olar.
Antroponim əsasında yarananlar: “Koroğlu”, “Kərəmi”, “Bəhməni”, “Hüseyni”, “İbrahimi”, “Vaqifi”, “Zülfüqar dübeyti”, “Azaflı dübeyti”, “Əkbər qaragözü”, “Səlminazı”, “Sallama Kərəmi”, “Mina gəraylı”, “Döymə Kərəmi” və s. Bir çox aşıq havaları məşhur aşıqların adı ilə bağlıdır: “Bəhməni”, “Cəlili”, “Urfanı”.
Yarandığı yerin adı ilə adlanan saz havaları: “Hələbi”, “Xoy Əmrahısı”, “Urmiya gözəlləməsi”, “Şərqi”, “Qarabağ şikəstəsi”, “Qarabağ qaytağı”, “Şirvan şikəstəsi”, “Qazax səbsəbzəsi”, “Ordubadi”, “Köhnə Naxçıvan”, “Naxçıvani”, “Dərbəndi”, “Quba Kərəmi”, “Aran gözəlləməsi”, “İrəvan çuxuru” və s.
Əşya adlarının əsasında yaranalar: “Misri” və s.
Fitonimlərdən əmələ gələnlər: “İncəgülü”, “Badamı”, “Mixəyi”
Zoonim əsasında yaranan saz havası isə “Turacı” dır.
Etnonim əsaslı saz havaları: “ Ovşarı”, “Qaraçı”, “Şahsevəni” və s.
Dostları ilə paylaş: |