Vağzalı havası – bu havanın adı haqqında məlumat verməmişdən qabaq onu qeyd etməliyik ki, özü vağzalı adından əvvəl yaranıb. Araşdırmalarımızdan məlum oldu ki, vağzalı XVI əsrdə Azərbaycanda məskunlaşmış Qaraqoyunlu qəbiləsinə məxsus olmuş və “Qarabağın ağırı” adlandırılmışdır. Əsrlər keçdikcə bu rəqs şaxələnərək mövcudluğunu iki “Asta qarabağı” və XIX əsrin sonu XX əsrin əvvələrində “Vağzalı” adları altında saxlamaqdadır. Keçmişdə iri şəhər və qəsəbələr arasında yeganə müasir nəqliyyat vasitəsi qatarlar olduğundan gəlini digər şəhərə vağzaldan həmin bu həsrət və sevinc dolu “Qarabağın ağırı” sədaları altında yola salarmışlar ki, sonralar bu rəqs xalq arasında “vağzalı” adı altında məşhurlaşmışdır [139].
Fəttah Xalıqzadə “Vağzalı”nın əvvəlki adı haqqında yazır: əski adı “Atlandırma”dır. Qədim və Orta Çağ türkləri atlı xalqlar olublar, gəlini də atla gətirərdilər. Toya əlində fənər olan qırx atlı (yengə) gələrdi. İki boş at isə gəlin və yengə üçün gətirilərdi. “Vağzalı”havasını çala-çala gəlini ata mindirərdilər. Onun biri tutar, başqa birisi də atı çəkərdi.
Məhərrəm Qasımlı möhtəşəm oğuz dastanlarında olan “Kitabi-Dədə Qorqud” dastanında rast gəlinən “Yelətmə” havasını “Atlandırma(Vağzalı)” melodiyasının ilkin özülü hesab edir. Əsas kimi dastanda Qanturalın qızı gərdəyə aparakən “Yelətmə” çalmasını göstərir [74, s.71].
Bəs “vağzal” sözünün mənşəyi hara söykənir. “Vağzal”sözü XVIII əsrdə yaranıb. İngilis sözü Vauxhall–un törəməsidir. Vaux (oxunur Foks) Londonda park və ya əyləncə yerinin yiyəsinin adı kimi idi. Rus dilində sözün anlamı dəyişikliyə uğrayır: əyləncə yeri – dəmir yollarında gözləmə zalı [139].
Dostları ilə paylaş: |