Yelətmə. Dastanda rast gəlinən yeganə musiqinin adıdır.
“Qanturalıyla qızı götürüb gərdəkə qoydılar. Ozan gəldi, yelətmə çaldı” [72, s. 73]. Tədqiqatçılardan K.V. Nərimanoğlu “yelətmə” sözünü “yallı” sözünün etimologiyası ilə əlaqələndirir. O, Övliya Çələbiyə istinad edərək, “yelətmə” sözünü qopuzun növü kimi göstərir. O. Ş. Gökyay bu sözü belə şərh edir: “Birini şövqə gətirmək üçün qopuzlama söyləmək; coşdurmaq və ürəkləndirmək üçün qopuzla igidləmə çalıb söyləmək” [70, s. 76]. M.Qasımlı isə “yelətmə”nin-yelləndirmə, coşdurma məzmunu verdiyini qeyd edir. Bu havanın gəlinköçürmə, yaxud da gəlin gərdəyə salma mərasimində çalındığını güman edir. O, “Atlandırma”–“Vağzalı” rəqsinin melodiyasının bu hava ilə əlaqələndirir [74, s. 47]. Fəttah Xalıqzadə “Vağzalı”nın əvvəlki adı haqqında yazır: “Əski adı “Atlandırma”dır. Qədim və Ortya Çağ türkləri atlı xalqlar olublar, gəlini də atla gətirərdilər. Toya, əlində fənər olan qırx atlı (yengə) gələrdi. İki boş at isə gəlin və yengə üçün gətirilərdi. “Vağzalı” havasını çala-çala gəlini ata mindirərdilər. Onun hər biri tutar, başqa birisi də atı çəkərdi. Havanın “Atlandırma “ adlanması bununla əlaqədardır [64, s. 47].
Dədə Qorqud Kitabının ensiklopedik lüğətində “yelətmə”sözü “qızışdırmaq” mənasında verilmişdir [45, s. 210]. Fikrimizcə, bu şən bir melodiyanın adıdır. Yüksək əhval-ruhiyyə yaradan bir nəğmədir. Əgər nümunəni diqqətlə nəzərdən keçirsək, görərik ki, Qantural qızı gərdəyə aparandan sonra ozan gəlib “yelətmə” çalır. Fikrimizi daha dəqiqləşdirərək: “Yelətmə” “yellətmək” feilindən əmələ gəlib “yerindən tərpətmək” anlamını əks etdirir. Oğuz igidlərinə cəsarət, hünər vermək üçün ifa olunurmuş.
Hal-hazırda bu musiqi havasının adına rast gəlinmir.
TUĞ. Dastana nəzər saldıqda görürük ki, oğuzların hörmətlə yanaşdığı əşyalardan biri də tuğdur. Tuğ bayraq olmayan ancaq ona oxşayan və mənsub olduğu türk tayfasının totemi sancılmış nizədir. Tədqiqatçılar qeyd edirlər ki, orta əsrlərdə “tuğ” hakimiyyət rəmzini bildirirdi. Bir tuğu olmaq sancaqbəyini, iki tuğu olmaq bəylərbəyini, üç tuğa sahib olmaq paşanı göstərirdi. Tuğ dini mərasimlərdə ələmlə yanaşı gəzdirilərdi. Hal-hazırda bu mərasim Abşeronun kəndlərində icra olunmaqdadır. Ölkəmizin Dağlıq Qarabağ ərazisinin Xocavənd rayonundakı “Tuğ” oykonimi qədim yer-yurd adlarındadır. Azərbaycan dilində tuğ bayraq mənasında indi də işlənməkdədir. Belə ki, şərq, qərb, cənub qrupu dialekt və şivələrimizdə yayıldığı və qədim türk yazılı abidələrində olan mənada işlənir [55, s. 451].
Kitabi-Dədə Qorqud dastanında tuğ “at quyruğundan yapılan bayraq anlamında işlənmişdir”. “Boyu uzun Burla xatun qara tuğu kafirin qılıncıyla yerə saldı” [46, s. 450]. Bu sözün etimologiyası ilə bağlı Y. Məmmədli maraqlı fikir söylüyür. O, sözün əsasında “doğmaq”, “doğulmaq”, “doğulmuş”–“doğ” kökünün dayandığını vurğulayır. Nizənin başına həmin qəbilə və tayfanın törədiyi /doğulduğu/ totemin asılması bu fikri təsdiq edir [80, s. 47].
ALACA. “Ala+ca” kök və şəkilçisindən ibarət olan bu sözə dastanda çox yerdə rast gəlirik: “Altundağı alaca atun nə ögərsən?” [72, s.50], “at alaca qalqanını vergil mana!” “Alaca” dastanda əsasən iki mənada işlənir: 1. Ala-bula, qarışıq, zolaqlı, yalan, böyük, hündür. 2. Keçi qəzilindan toxunmuş kilim mənasında [71, s.311]. 1-ci hissə olan “ala” rəngbərəng, ala-bula, qarışıq mənalarını ifadə edir. Mədət Çobanov -ca,-cıq şəkilçilərini dastanda kiçiltmə anlamlı sözlər düzəldən şəkilçilər sırasına daxil edir. Məsələn: Boğazca Fatma, Qaraca Çoban, Buğacıq və s. [43, s. 29]. Buğacıq adında bu fikir özünü doğruldur. Ancaq Boğazca, Qaraca sözlərindəki -ca şəkilçisi sifətin üstünlük dərəcəsini ifadə edir. Unutmaq lazim deyil ki, bu şəkilçi kiçiltmə ilə yanaşı, əzizləmə funksiyasını da daşıyır. Alaca ikinci mənada kiçik ölçülü xalça mənasındadır. Demək, burda -ca şəkilçisi kiçiltmə mənalı söz yaratmışdır. Hal-hazırda bu onomastik vahid Gəncə və Şəmkir ərazisində suvarılmamış, toxum səpilməmiş kiçik sahə mənasında işlədilir [13, s. 18].
BADYA. “Toquz yerdə badyələr qurılmışdı” [72, s. 90]. “Badya”– mis vedrə, altı gen böyük qabın adıdır [9, 198]. Hal-hazırda bu söz Zəngibasarda eyni ilə işlənməkdədir [37, s.55]. Bir çox dialek və şivələrdə bunun fonetik dəyişikliyə uğramış variantı “bayda” işlənir. Bayda “kasa”ni ifadə edir. Quba və Şəki ərazisində “badiyə” saxsı piyalə, qulpsuz mis qaba deyirlər [13, s. 34]. Farsca “badiyə” şərab saxlanılan qab (küp) deməkdir. Fikrimcə, “badə” sözü də məhz eyni məna yükünü daşıyır. “Bad, qədəh” dedikdə biz qulpsuz şərab qabını nəzərdə tuturuq. “Badya-bayda-badə-badiyə”. Demək olar ki, eyni forma, lakin müxtəlif ölçülü qabları ifadə edir.
Dostları ilə paylaş: |