Sahiblik hüququ - əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Söhbət əgər faktiki sahiblikdən gedirsə, bu o demək deyildir ki, sahibkar əşya ilə bilavasitə təmasda olsun. Məsələn, uzunmüddətli məzuniyyətdə olan şəxs onun evində olan əmlakın sahibi olaraq qalır. Deməli, əşyaya faktiki sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq, əşyaya sahibliyi ləğv etmir.
Əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz sahibdir.
Əmlak üzərində sahiblik qanuni və qanunsuz ola bilər. Əşya üzərində sahibliyin hər hansı bir hüquqi əsası olduqda belə sahibliyə qanuni və yaxud titul sahibliyi deyilir. Hüquqi əsasları olmayan sahiblik qanunsuz və yaxud titulsuz sahiblik adlanır. Əmlak, ümumi qayda üzrə o adamların sahibliyində olur ki, bunun üçün bu və ya digər hüquqlara malik olsun. Belə hallarda mübahisəli məsələlərə faktiki sahibliyin qanuna-uyğunluğu prezumpsiyası vasitəsilə baxılır. Başqa sözlə, əmlakın faktiki sahibinin əmlak üzərindəki sahibliyinin əksi sübuta yetirilməzsə, tanınır.
Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktiki sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir (Mülki Məcəllənin 164-cü maddəsi).