Oxucu:- Ana dili.
Dil açanda ilk dəfə ana söyləyərik biz,
“Ana dili” adlanır bizim ilk dərsliyimiz.
İlk mahnımız laylanı anamız öz südüylə
İçirir ruhumuza bu dildə gilə-gilə.
Bu dil,-bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil,- bir-birimizə əhdi-peymanımızdır.
Bu dil,- tanıtmış bizə bu dünyada hər şeyi.
Bu dil,-əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimiz tək
Qoruyub nəsillərə biz də hədiyyə verək.
I Aparıcı:- Bəxtiyar Vahabzadə yerliçilik meyillərindən uzaq olub. Təsadüfi deyildir ki, bununla bağlı deyir.
II Aparıcı:- Mən həm bakılıyam, həm də lənkəranlı,
Gəncəli, qubalı, həm naxçıvanlı.
Şəkili, şirvanlı, qarabağlıyam,
Bütöv Vətənimə, bütöv bağlıyam.
I Aparıcı:- Bir dəfə “Özünüz şəkili olduğunuz halda hələ Şəkiyə bir şeir həsr etməmisiniz”məzmunlu oxucu məktubuna yazdığı “Şəki” şeirində belə cavab verir:
Oxucu:- “Şəki”.
Bir nəğmə qoşmadım hələ mən sənə,
Dağlar bunu mənə kəsir sanmasın.
Mən dedim, vurğunam Azərbaycana,
Deyirəm, heç zaman xırdalanmasın
Könlimdən ucalan bu avaz, bu səs.
Böyükdür, ucadır məsləkim mənim.
Bala anasına “sevirəm” deməz,
Mən də deməmişəm, a Şəkim, mənim.
II Aparıcı:- Xalqımızın istiqlal mübarizəsi tarixinə “qanlı şənbə” kimi daxil olmuş 1990-cı il 20 yanvar qırğını şairin yaradıcılığında öz dolğun poetik ifadəsini tapmışdır. Bu baxımdan on yeddi şeirdən ibarət olan və vahid sujet ətrafında birləşən “Şəhidlər” poeması ayrıca qeyd edilməlidir.
Dostları ilə paylaş: |