Əhməd-Cabir İsmayıl oğlu Əhmədov


Soğanın müalicəvi xassələri



Yüklə 9,53 Mb.
səhifə204/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   200   201   202   203   204   205   206   207   ...   386
Soğanın müalicəvi xassələri. Soğanın vətəni Cənub-Qərbi Asiyadır. Buradan soğan Misirə, Yunanıstana, Romaya aparılmış və orta əsrlərdə Avropanın bütün ölkələrində becərilməyə başlanmışdır. Hazırda soğanın müxtəlif növləri dünyanın bütün ölkələrində becərilir. Soğanın zəngin kimyəvi tərkibi onun qidalanmada və təbabətdə istifadə olunması ilə əlaqədardır.

Soğan təzə, bişirilmiş, qızardılmış, sirkəyə qoyulmuş və qurudulmuş halda istifadə olunur. Soğan qidaya müəyyən dad verməklə yanaşı, onu vitaminləşdirir. Ona görə də soğandan aşpaz­lıqda müxtəlif ət, balıq və tərəvəz xörəklərinin hazır­lan­masında geniş miqyasda istifadə olunur.

Soğanın tərkibində C vitamini çox olduğundan, sinqa əley­hinə, eləcə də avitaminozun, qripin müalicəsində və profi­laktikasında əsas vasitə hesab olunur.

Təzə soğan iştahanı artırır, həzm orqanlarının fəaliyyətini və şirə ifrazını yaxşılaşdırır, qidalı maddələrin orqanizmdə daha yaxşı mənimsənilməsinə kömək edir. Ona görə də soğanı yeməkdən qabaq müxtəlif qəlyanaltılarla və ikinci xörəklərlə birlikdə yeyirlər.

Diabet xəstəliyindən əziyyət çəkənlərə fırında bişirilmiş soğandan şorpa məsləhət görülür. Bağırsaqların iltihabında, qəbizlikdə və babasildə təzə soğan şirəsi yaxşı təsir göstərir. Gündə 3-4 dəfə yeməkdən əvvəl 1 çay qaşığı soğan şirəsi içmək məsləhət görülür. Soğandan aterosklerozda və qantəzyiqi zamanı da istifadə etmək (digər müalicə və pəhrizlərlə yanaşı) faydalıdır. Son illər soğanın qanda xolesterinin miqdarını aşağı salması və aterosklerozun inkişafını dayandırması eksperiment yolla təsdiq edilmişdir. Bununla əlaqədar olaraq, əczaçılıq sənayesində soğanın spirtdəki məhlulu olan «allilçep» preparatı istehsal olunur. O antimikrob təsirə malik olub, bağırsağın sekresiya fəaliyyətini və əzələlərini stimullaşdırır. Nəticədə xəstə özünü yaxşı hiss edir. Allilçep bağırsağın tonusunun itməsi (atoniya) və qəbizliyə meyillilik zamanı (yeməkdən əvvəl gündə 3 dəfə 15-20 damcı) təyin olunur. Ondan atero­skleroz və qantəzyiqinin müalicəsində də (3-4 həftə, gündə 3-4 dəfə 20-30 damcı) istifadə etmək olar.

Xalq təbabətində soğanın sidikqovucu xassəsindən vodyankanın müalicəsi üçün istifadə olunur. Ürək və qaraciyər xəstə­likləri zamanı əks-təsir göstərdiyi üçün soğandan istifa­dəyə ehtiyatla yanaşılmalıdır.

Soğandan bəzi hallarda yumru qurdların (askarid, ostris) orqanizmdən çıxarılmasında istifadə edirlər. Belə hallarda ac­qarına soğan yemək və ya 1/3-1/2 stəkan soğan tinkturası iç­mək məsləhət görülür. Tinkturanı hazırlamaq üçün orta irilikdə bir ədəd soğan əzilir, üzərinə bir stəkan su tökülüb 8-12 saat saxlanılır.

Soğandan hazırlanmış əzintidən dəridəki qaşınan səp­kilərin, irinli sızanaqların, çillərin, piqmentli ləkələrin və ziyil­lərin müalicəsində istifadə edirlər.

Təzə yanıqların üzərini soğan əzintisi ilə örtmək məsləhət görülür, nəticədə iltihabi proseslər azalır və suluqların əmələ gəlməsinin qarşısı alınır. Bişirilmiş soğanın südlə əzintisi ilə irinli yaraların və döyənəklərin yumşaldılması üçün istifadə olunur.

Tüklərin möhkəmlənməsi və uzanması üçün həftədə 1-2 dəfə başın dərisini soğan şirəsi və ya əzintisi ilə ovxalamaq lazımdır. Bu məqsədlə başı soğan qabığından hazırlanmış həlimlə də yumaq olar. Belə həlimlərlə (1 ovuc soğan qabığı bir stəkan suda 5-10 dəq qaynadılır) başda olan kəpəyin kənar et­mək və saçlara qızılı-samanı çalarlı rəng vermək üçün də istifadə etmək olar.

Soğanın antimikrob xassəsi onun tərkibindəki fitonsid­lərin miqdarından asılıdır. Qədimdə buğda və çovdar saxlanılan anbarlara qoyulan soğan taxılda qurdların əmələ gəlməsinin qarşısını alırdı. Soğanın bu xassəsini professor B.P.Tokin təsdiq edərək müəyyənləşdirmişdir ki, təzə soğanın tərkibindəki xü­susi maddə göbələklərə və xəstəlik törədən mikroblara öldü­rücü təsir göstərir. Bu maddə qatılığından və fəaliyyətindən asılı olaraq qızılı stafilokokkları, Sibir yarası, difteriya və vərəm çöplərini məhv edir.

Soğanın fitonsidləri ilə qripi və zökəmi müalicə edirlər. Bu məqsədlə gündə 3-4 dəfə 10-15 dəq ərzində buruna soğan şirəsi ilə isladılmış pambıq qoyulur. Belə müalicəni qulağın iltihabında da istifadə etmək olar.

Bağırsaq florasına təsir etmək üçün soğan şirəsi içilir, boğaz ağrıları və ağciyərin bəlğəmli iltihabında təzə soğan əzintisini iyləyirlər. Təzə soğan şirəsini ağız boşluğunun selikli qişasındakı xırda yaraların müalicəsində də istifadə edirlər, çünki soğanın fitonsidləri bəzi göbələklərin həyat fəaliyyətini dayandırır.


Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   200   201   202   203   204   205   206   207   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin