Qarabaşağın müalicəvi xassələri. Qarabaşağın çiçəkləndiyi vaxt onun otundan sənaye üsulu ilə rutin qlükozidi alınır ki, bu da orqanizmə təsirinə görə P vitamininə oxşayır. Bu maddə kapillyarların keçiricilik qabiliyyətini və kövrəkliyini azaldır. Bir qayda olaraq, rutini C vitamini ilə birlikdə qəbul edirlər. Çünki belə halda qan damarlarının divarları möhkəmlənir və bir çox xəstəliklərdə, o cümlədən infeksion, revmatizm, hipertoniya və şüa xəstəliklərində qansızmaların qarşısı alınır. Qanın yüksək laxtalanmasında rutindən istifadə etmək olmaz.
Xalq təbabətində qarabaşaq güllərindən hazırlanan tinktura və həlimlər (1:10) öskürəyi yumşaldan və bəlğəmgətirici dərman kimi istifadə olunur. Onu normasız çay kimi içmək olar. Qarabaşaq çiçəyindən və yarpağından hazırlanan çaydan bəzi bölgələrdə müalicəvi və profilaktiki tədbir kimi aterosklerozda, xüsusən də yüksək qan təzyiqi ilə müşahidə olunduqda içilir.
Xırdalanmış və ya bütöv qarabaşaq yarpaqları çibanın və irinlənmiş yaraların üzərinə qoyulur. Bunun müalicəvi təsiri yarpaqlarda olan fitonsidlərin irintörədən bakteriyaları məhv etməsinə əsaslanır. Qarabaşaq unundan uşaqlar üçün tozvarı dərmanlar, eləcə də yumşaldıcı təpitmələr hazırlanır.
Hər şeydən öncə, qarabaşaq yarması qidalı, fizioloji cəhətdən insan orqanizminə xeyirli məhsul kimi pəhriz qidasında geniş miqyasda istifadə olunur.
Dostları ilə paylaş: |