Cirə – Анис – Pimpinella anisum. Çətirçiçəklilər (Umbelliferae) fəsiləsindən olan, hündürlüyü 50 sm-ə çatan birillik ot bitkisidir. Bəzən cirəyə xırdazirə də deyilir. Cirənin yetişmiş ikitoxumlu meyvəsindən istifadə olunur. Vətəni Misir sayılır. Rusiyada Kursk, Voronej vilayətlərində və Ukraynada becərilir. Dünyanın hər yerində yayılmışdır. Azərbaycanda cirə ən çox Abşeronda becərilir. Yabanı növü yoxdur. Cirə iyun-iyul aylarında çiçəkləyir, meyvələri avqust-sentyabr aylarında yetişir.
Düz duran gövdəsinin üzərində növbə ilə düzülmüş uzun saplaqlı yarpaqları və gövdəsinin zirvəsində çətir şəklində yerləşən ağ rəngli çiçəkləri vardır. Meyvəsi iki dənədən ibarətdir.
Bitki tam yetişdikdən sonra biçilir, iri dəstələrə bağlanıb açıq havada qurudulur, sonra isə döyülür. Kənar qatışıqlardan təmizlənib 45-500C-də qurudulur. Əmtəəlik cirə meyvəsi armudaoxşar və ya yumurtavarı formada, uzunluğu 2-5 mm, eni 2-3 mm olur.
Cirənin tərkibində 1,5-6%-ə qədər efir yağı vardır ki, bunun da 80-90%-ni anetol (C10H12O), 10%-ə qədərini metilxavikol, cirə-keton, cirə aldehidi, dipenten, pinen, kamfen və cirə turşusu təşkil edir. Onun meyvəsində, həmçinin, 28%-ə qədər piyəbənzər yağ da vardır.
Cirə meyvəsinin rəngi sarımtıl-boz olub, spesifik ədviyyə ətirli, dadı şirintəhərdir. Nəmliyi 10-12%, külü 9-10% olmaqla efir yağının miqdarı 1,5%-dən az, zibil qatışığı 3%-dən, efir yağlı toxum qatışığı isə 8%-dən çox olmamalıdır.
Cirə 50-60 kq çəkidə birqat kisələrə qablaşdırılır. Pərakəndə ticarətə isə 100 q çəkidə karton karobkalarda buraxılır.
Çörək-bulka məmulatı, likör-araq, şorabaya qoyulmuş xiyar, unlu qənnadı məmulatı istehsalında və müxtəlif xörəklərin hazırlanmasında işlədilir. Cirədən ətriyyat sənayesində və təbabətdə də istifadə edilir.
Cirədən yalnız yeməklərin dadını və ətrini yaxşılaşdırmaq üçün deyil, iştahaartırmaq üçün də istifadə olunur. Bunun üçün cirəni natamam üyüdür, xörək duzu qatıb nahardan qabaq bir neçə tikə çörəklə yeyirlər.
Dostları ilə paylaş: |