Mayaotu, mayasarmaşığı (qarasarmaşıq) – Хмель обыкновенный – Humulus lupulus. Tut (Moraceae) fəsiləsindən bir və çoxillik liana cinsli bitkidir. 4 növündən biri – adi mayaotu məlumdur. Qozası pivə sənayesi üçün xammaldır.
Mayaotu pivəyə spesifik acı iy və tam verir. Buna səbəb, əsasən mayaotunun tərkibində olan qatran və efir yağlarıdır. Həmin mayaotundan pivəyə keçən ətirli maddə əsasən lupulindən əmələ gəlir. Mayaotunun tərkibində 12% lupulin vardır. Mayaotunun kimyəvi tərkibi faizlə orta hesabla aşağıdakı kimidir: su – 10-17; efir yağları – 0,3-1,0; qatran və acı turşular – 16-26; aşı maddələri – 2-5; zülala görə hesablanmış azotlu maddə – 15-24; sellüloza – 12-16; azotsuz ekstraktlı maddələr – 25-30; kül – 6,9.
Mayaotunun tərkibində olan acı turşulardan lupulon, qumulon və s. göstərmək olar. Mayaotu, əsasən Rusiyada becərilir. Azərbaycanda mayaotu bitkisi becərilmir və əsasən xaricdən gətirilir.
Mayaotunun tərkibində olan aşı maddəsi pivənin şəffaflaşmasına təsir edir. Belə ki, suslo (xam pivə) mayaotu ilə birlikdə qaynayan zaman aşı maddələrinin təsiri ilə asılı və başqa maddələr laxtalanır və çökür. Beləliklə, pivənin rəngi şəffaflaşır. Keyfiyyətindən asılı olaraq mayaotu 1, 2 və 3-cü əmtəə sortuna bölünür (QOST 8473-87).
Dostları ilə paylaş: |