Rozmarinin müalicəvi xassələri. Rozmarindən dərman bitkisi kimi qədimdən istifadə olunur. Onun müalicəvi təsiri yalnız tərkibindəki efir yağı ilə deyil, həmçinin, yarpaqlarında olan rozmarisin alkaloidi, ursol və rozmarisin turşuları ilə də dəyərlidir. Ən məşhur olan preparatlardan biri bitkidən spirtlə qovulan rozmarin suyudur (distilyatdır). Bu günə qədər bir çox ölkələrdə rozmarin ən fəal dərman bitkisi kimi qalır. Yarpaqlarından alınan tinkturadan qadın xəstəliklərində, xüsusən aybaşı dövrünün pozulmasında, əsəb pozuntularında, klimakterik müddətdə, sinir sistemi pozuntusunda, gücdən düşdükdə, başgicəllənməsi və yaddaşın zəifləməsində tətbiq olunur. Rozmarin tinkturası həm də ödqovucu təsirə də malikdir. Xalq təbabətində yarpaqlarından alınan tinktura astma, yuxarı tənəffüs yollarının xəstəliklərində, mədənin xroniki katarında və meteorizmdə işlədilir. Rozmarin tinkturasından ovuşdurmaq məqsədilə məlhəm və kompres şəklində podaqraya, nefritə, əsəb gərginliyinə, çibana və gecsağalan yaralara qarşı istifadə olunur. Udlaq və qırtlağın iltihabi xəstəliklərində rozmarin tinkturası ilə boğazı qarqara edirlər. Bir qayda olaraq, tinkturanı 2 çay qaşığı xırdalanmış yarpaqlardan 1 stəkan qaynayan suda hazırlayırlar. Gündəlik doza 3-4 dəfəyə içmək şərtilə 1 stəkandır.