Çayın müalicəvi xassələri. Çayın müalicəvi xassələri, əsasən tərkibindəki kofeindən asılıdır. 1 stəkan tünd çayda çayın sortundan və dəmlənməsi üsullarından asılı olaraq 0,02-0,1 q kofein vardır. Kofein müalicəvi vasitə kimi mühüm əhəmiyyət kəsb edir. Tünd çayın tərkibindəki kofeinin əsəb sisteminə qıcıqlandırıcı və orqanizmə tonusqaldırıcı təsir etdiyindən, gərgin əqli fəallıqda, gücdəndüşmə və yorğunluq hallarında çox faydalıdır.
Kofein orqanizmə kəskin təsir etdiyi üçün yuxusuzluq, ürək-damar sistemi xəstəlikləri, ateroskleroz, hipertoniya xəstəliklərində və yüksək həyəcanlı hallarda tünd çay içmək məsləhət görülmür. Sağlam insanlara da çox tünd çay içmək olmaz. Çünki bu zaman ürəyin döyüntüsü artır, əsəb sistemi daha da həyəcanlı olur və digər xoşagəlməz hallar müşahidə olunur.
Çayda teobromin alkaloidi də vardır. Xaricdə teobromini kakao paxlasının qabığından alırlar. Lakin müasir dövrdə teobromin sintetik yolla da alınır. Çayda olan teofillin alkaloidi də sintez yolu ilə alına bilir. Teofillin ürək çatışmazlığında, böyrək xəstəliklərində yaranan şişkinliklər zamanı sidikqovucu kimi istifadə olunur. Teofillin «eufillin» və «diprofillin» preparatlarının tərkibinə daxil olmaqla bronxial astma, ürək astması, beyin-qan dövranının pozulması və ürək xəstəliklərində istifadə olunur. Çayın hər üç alkaloidi bronxial astmada istifadə olunan teofedrinin tərkibinə daxildir.
Kofein preparatlarını birincidərəcəli yardım kimi zəhərlənmədə, əsəb sisteminin pozulmasında, ürəyin fəaliyyətinin və tənəffüsün zəifləməsində istifadə etmək məsləhət görülür. Çay C vitamininin – askorbin turşusunun mənimsənilməsinə müsbət təsir edir. Eksperimentlər nəticəsində müəyyən edilmişdir ki, çay katexinləri P vitamini fəallığına malikdir. Ona görə də çay qan damarlarının möhkəmliyini və keçiricilik qabiliyyətini artırır.
Çayda tanin çox olduğundan, o qidanın həzmini yaxşılaşdırır və büzüşdürücü təsir göstərir. Ona görə də kəskin ishal və bağırsağın digər pozuntularında xəstələrə tünd çay verilir. Bu zaman çay dəminin müalicəvi təsiri taninin bakterisid xassələrindən də asılıdır. Çayın aşı maddələri ilə zülalların qarşılıqlı təsirindən alınan tealbindən büzüşdürücü vasitə kimi istifadə olunur. Tealbin mədə-bağırsaq xəstəliklərində dezinfeksiyaedici vasitə kimi tətbiq olunan «tesalben» həbinin tərkibinə daxildir.
Tünd çay dəmindən xaricə sürtmək üçün də istifadə olunur. İsti günəşli günlərdə havaya çıxmazdan qabaq çay dəmi ilə yuyunmaq məsləhət görülür. Gün yandırmalarında hərarəti və ağrını azaltmaq məqsədilə tünd çayla kompres etmək yaxşı nəticə verir.
Müasir elmi-tədqiqatlar göstərmişdir ki, orqanizmin bütün fizioloji proseslərinə müsbət təsirinə görə çay əvəzsiz içkidir. Çay nəinki susuzluğun qarşısını alır, həm də orqanizmi gümrah vəziyyətdə saxlayır və onun iş qabiliyyətini artırır. Çay insanın sinir sisteminə bərpaedici təsir edir, onun fəaliyyətini gücləndirir, yuxunu dağıdır. Spirtli içkilərin əksinə olaraq çayın sinir sisteminə bərpaedici təsiri nəticəsində insanda halsızlıq və zəifləmə halları müşahidə edilmir. Çay, eyni zamanda ən yaxşı tərlədici vasitədir, baş- ağrısını dayandırır, qantəzyiqini normaya salır. Çayın tərkibindəki vitaminlər orqanizmin sinqa və başqa yoluxucu xəstəliklərə qarşı müqavimətini artırır. Çayın vitaminləri dərinin qurumasının qarşısını alır, onu yumşaldır, rəngini açır. Gərgin fiziki və zehni əməkdən sonra yaxşı dəmlənmiş iki stəkan çayın içilməsi yorğunluğu çıxarır, iş qabiliyyətini bərpa edir. Son illər müəyyən edilmişdir ki, çayın tərkibindəki tanin katexin kompleksi (çayın aşı maddələri) insan orqanizmində radioaktiv stronisini zərərsizləşdirir. Yapon alimləri müəyyən etmişlər ki, orqanizmin radioaktiv çöküntülərdən olan stronsi-90 ilə zəhərlənməsində çay ən yaxşı əks təsir götərir.
Belə ki, Xirosima şəhərində atom bombası nəticəsində yaranan fəlakətlər zamanı yüksək şüalanmaya düçar olan xəstələrdən çaya meylini salanlar arasında ölüm hadisəsi çox az müşahidə edilmişdir. Çayın orqanizmə bu cür təsiri eksperiment yolla da təsdiq edilmişdir.
Çay qidanın həzminə, qan damarları və sinir sisteminə müsbət təsir edir, qantəzyiqini nizamlayır. Çay dişlərin xarab olmasının qarşısını alır. Çayın çox miqdarda, lakin şəkərsiz içilməsi məsləhətdir, çünki şəkər dişlərin xarab olmasına səbəb olur. Hazırda çay katexinlərindən hazırlanan preparatlardan bir çox xəstəliklərin müalicəsində istifadə olunur.
Çində, Orta Asiyada əhali daha çox yaşıl məxməri çay içir. Bu çay qara məxməri çaydan fərqli olaraq fermentləşdirilməmiş çay yarpaqlarından hazırlanır. Yaşıl çayın ətri azdır, lakin fizioloji cəhətdən daha fəaldır.
İlin isti vaxtlarında yaşıl çayın içilməsi susuzluğu daha tez yatırdığı üçün qəbul edilən mayenin miqdarı kəskin azalır. Yaşıl çay dəmləmək üçün 1 litr qaynanmış suya 1,5 q quru yaşıl çay götürülür. Yaşıl çaya A, C və B qrupu vitaminləri əlavə etdikdə orqanizmin istiliyini nizamlayır və iş qabiliyyətini artırır.
Eksperimentlər zamanı müəyyən edilmişdir ki, digər dərmanlarla kompleks şəkildə istifadə olunan yaşıl çay qanın və qaraciyərdə protrombinin əmələ gəlməsini sürətləndirir, oksidləşmə-bərpaedici prosesləri yaxşılaşdırır, orqanizmdə su-duz mübadiləsini nizamlayır, ürək əzələlərini tonuslandırır, qan damarlarının divarlarının keçiriciliyini və elastikliyini artırır. Bununla belə, yaşıl çay ilk mərhələdə qantəzyiqini aşağı salır, qanda xolesterinin miqdarını azaldır və aterosklerozda xəstənin əhvalını yaxşılaşdırır.
Yaşıl çay revmatizm və xroniki hepatit xəstəliklərində də faydalıdır. Digər dərmanlarla kompleks şəkildə yaşıl çaydan istifadə etdikdə, o öz sərbəst əhəmiyyətini saxlayır. Məsləhət görülür ki, gündə üç dəfə 60-80 ml tünd yaşıl çay dəmi içilsin. Belə çayı hazırlamaq üçün 1 çay qaşığı quru yaşıl çay ½ stəkan qaynanmış suda 10 dəq dəmlənir və süzülüb içilir.
Yaşıl çayın güclü antimikrob xassəsi də vardır. Ona görə də yaşıl çay həlimindən dizenteriyada istifadə etmək məsləhətdir. Bu məqsədlə 100 q quru yaşıl çay 2 litr suda 30 dəq saxlanılır, 1 saat fasiləsiz qarışdırmaqla qaynadılır, 2-3 qat cunadan süzülür. Alınmış cecəyə yenidən 1 litr su əlavə edilib, 90 dəq qaynadılır və süzülür. Hər iki filtrat (süzülmüş çay məhlulu) qarışdırılır və şüşə butulkalarda sterilləşdirilir. Alınmış yaşıl çay həlimini otaq temperaturunda 3 ay, soyuducuda 6 ay saxlamaq olar. Həmin çay həlimini gündə 4 dəfə yeməkdən 20-30 dəq qabaq 1-2 xörək qaşığı (körpələrə çay qaşığı, 1 yaşdan yuxarı uşaqlara desert qaşığı) içirlər. Kəskin dizenteriyada müalicə 5-10 gün, xroniki halda isə 15-20 gün davam etməlidir. Çayın istifadə olunmayan yarpaqları, zoğları və digər tullantılarından çay boyaları alınır və yeyinti sənayesində istifadə olunur.
Dostları ilə paylaş: |