Başınağacının müalicəvi xassələri. Müalicəvi məqsədlə başınağacından istifadə olunması ilk dəfə XVI əsrdə yaranmışdır. Başınağacı meyvəsi orqanizmi tonuslandırır, ürəyin fəaliyyətini yaxşılaşdırır, büzüşdürücü və sidikqovucu təsirə malikdir. Başınağacı meyvəsi həm də əsəb gərginliyində, hipertoniyada, damarların spazmasında sakitləşdirici təsirə malikdir. Xalq təbabətində başınağacı şirəsi və ya onun balla həlimindən yuxarı tənəffüs yollarının soyuqdəymə xəstəliyində, səs tutulduqda, eləcə də ishala qarşı istifadə olunur. Başınağacından hazırlanmış çay bəzən laxlayan dişlərin bərkiməsi üçün istifadə olunur. Meyvəsindən hazırlanan tinkturanı mədənin və onikibarmaq bağırsağın yara (xora) xəstəliyində, yoğun bağırsağın iltihabında (kolitdə), eləcə də dərinin irinli yaralarının müalicəsində içilir. Dərinin irinli yaraları üçün başınağacı meyvəsindən alınan şirənin 10-20%-li məhlulundan xaricə sürtmək və dezinfeksiyaedici vasitə kimi tətbiq olunur. Başınağacı şirəsindən kosmetikada üzdəki sızanaqlara qarşı effektli vasitə kimi istifadə olunur.
Dərman məqsədilə bitkinin gövdə və qol-budaqlarının qabığından istifadə olunur. Qabıqları payızın axırında və ya yazın əvvəlində xüsusi alətlərlə toplayır, günəşli havada sərib qurutduqdan sonra qalen zavodlarına və ya aptek anbarlarına göndərirlər.
Başınağacının təzə toplanmış qabıqlarının xoşagəlməyən iyi və büzüşdürücü acı dadı olur. Quruduqda isə bu iy yox olur. Başınağacı qabığındakı əsas təsiredici maddə – viburnın qlikozididir. Bundan başqa tərkibində çoxlu miqdarda aşı maddəsi, valerian turşusunun duzu, qatran və digər bioloji fəal maddələr vardır. Müasir tibbdə başınağacının qabıqlarından duru spirtli ekstrakt şəklində mamalıq təcrübəsində, xüsusən uşaqlıq qanaxmalarında qənkəsici dərman kimi istifadə edilir. Qabıqdan hazırlanmış ekstraktdan gündə 2 dəfə 25-40 damcı, 1:20 nisbətində hazırlanmış həlimdən isə gündə 3-4 xörək qaşığı qəbul etmək məsləhət görülür.
Xalq təbabətində başınağacı qabığından alınan tinktura və həlimdən qankəsici kimi, yuxusuzluğa, isteriyada, qıcolmaya qarşı istifadə olunur. Qabıqdan hazırlanan həlimi soyuqdəyməyə və təngnəfəsliyə qarşı qəbul edilir. Gündəlik doza 1 çay qaşığı xırdalanmış qabıqdan 1 stəkan suda hazırlanmış həlimdir.
Baytarlıq təcrübəsində başınağacı həlimindən iribuynuzlu və xırdabuynuzlu (davar) heyvanların tənəffüs orqanlarının xəstəliyinin müalicəsində istifadə olunur.
Dostları ilə paylaş: |