Bostan paxlası – Овощные бобы – Vicia Faba L. Paxlalılar (Leguminosales) fəsiləsinə aid olan birillik bitkidir. Qədimdən, Dəmir və Bürünc dövründən əkilib-becərilir. Bostan paxlası qidalılıq dəyərinə görə bütün tərəvəzlərdən üstündür. Tərkibində quru maddəyə görə 35%-ə qədər zülal, 55% karbohidrat vardır. Paxlanın zülalı əvəzolunmaz aminturşuları ilə zəngindir. Tərkibində C, B1, B2, PP və karotin (provitamin A) vardır. Əsasən sous, şorba və konservləşdirmək üçün istifadə olunur. Azərbaycanın bir çox bölgələrində paxla – şüyüd plov hazırlanır. Paxlanın toxumlarından alınan un çörəyə qatılır. Lakin podaqra xəstəliyindən əziyyət çəkənlərə paxladan hazırlanmış xörəklərdən və konservlərdən istifadə etmək məsləhət görülmür, çünki tərkibində purin əsaslı maddələr nisbətən çoxdur. Paxlanı çiy və yarımbişmiş halda istifadə etmək məsləhət görülmür. Tərkibində isti emal zamanı parçalana bilən toksiki maddələr vardır. Ədəbiyyatlarda paxla ilə zəhərlənmələrə rast gəlinir. Bunun əlamətləri başağrısı, tez-tez qusma, rəngin saralması və sidiyin bozarmasıdır. Sidiyin bozarmasına səbəb qırmızı qan kürəciklərinin parçalanmasıdır. Paxla ilə zəhərlənmə müşahidə edildikdə tezliklə həkimə müraciət etmək lazımdır.