Bibərin müalicəvi xassələri. Bibər qidaya təzə, bişirilmiş, pörtlədilmiş, duza və sirkəyə qoyulmuş, eləcə də müxtəlif konservlər (qəlyanaltı və nahar konservləri) halında istifadə olunur. Lakin mədə-bağırsaq, qaraciyər və böyrək xəstəliklərində bibərdən (xüsusilə acı sortlardan) istifadə etmək məsləhət görülmür. Tərəvəzlərlə qiymələnmiş tomat sousunda bibər konservi vitaminlə zəngin və qidalı olduğundan çox tanınmış qəlyanaltıdır. Qurudulub üyüdülmüş qırmızı bibər (qırmızı istiot) xörəklərə tünd yandırıcı dad verir və müxtəlif xörəklərin yanında süfrəyə verilir. Acı bibərin toxumları konservləşdirmədə ədviyyə kimi istifadə olunur. O likör-araq sənayesində də istifadə olunur.
Tibbdə bibərin yandırıcı dada malik qırmızı sortlarından istifadə olunur. Bu iştahanı artıran vasitə hesab olunur. Acı dad, iştahaartırıcı və qidanın həzmini yaxşılaşdıran vasitə kimi acı bibərin spirtdə hazırlanmış tinkturasından istifadə olunur. Yeməkdən qabaq 10-20 damcı qəbul edilir. Bu tinktura bakterisid xassəyə malik olduğundan kəskin mədə-bağırsaq pozuntularında da istifadə oluna bilər. Bu tinkturanı günəbaxan yağı ilə qarışdırıb miozitdə (əzələlərin iltihabında), işiasda (oturaq sinirin iltihabında) və digər xəstəliklərin müalicəsində yayındırıcı vasitə kimi istifadə edilir. Apteklərdə dərini ovxalamaq üçün tərkibində acı bibər tinkturası olan, liniment və məlhəmlər hazırlayırlar. Bu həm də donmuş əl-ayağın ovxalanması üçün istifadə olunan məlhəmin tərkibinə daxildir.
Qurudulmuş acı bibərlə iş gördükdə bibərin tozu yuxarı tənəffüs yollarını və gözün selikli qişasını qıcıqlandırdığından, gözdən yaşaxması, asqırma, öskürək və zökəm müşahidə olunur. Ona görə də belə hallarda adamlar maska taxmalıdırlar.
Dostları ilə paylaş: |