Almanın müalicəvi xassələri. Alma təzə və emaledilmiş şəkildə yeyilir. Isladılmış və sirkəyə qoyulmuş alma çox dadlı-tamlı məhsuldur. Almadan kompot, püre, mürəbbə, povidlo, pastila, marmelad, sirkə, kvas, sidr və şərab hazırlanır.
Yabanı alma xalq təbabətində geniş tətbiq olunur. Ondan mədə-bağırsaq xəstəliklərinə, qanazlığına və başqa xəstəliklərə qarşı istifadə edilir. Bişirilmiş alma və ya onun çayı soyuqdəyməyə və öskürəyə qarşı effektli dərmandır.
Tərkibində pektinli maddə çox olduğundan təzə alma püresi ishala qarşı ən yaxşı vasitədir. Təzə alma püresi ilə uşaqlarda xroniki kolit və digər bağırsaq xəstəlikləri, Qafqazın xalq təbabətində isə alma şirəsi və sidr içkisi ilə mədə-bağırsaq xəstəlikləri müalicə olunur. Almanın müalicəvi xassəsi onun antimikrob və antiseptik xassələri ilə izah edilir.
Almanın tərkibindəki fitonsid xassəli maddə ondan bağırsaq xəstəliklərinin müalicəsində istifadə etməyə imkan verir. Lakin, bu zaman almanın şirin sortlarından istifadə etmək daha yaxşıdır, çünki turş almalar bağırsağın arzuolunmaz peristaltikasını artırır.
Alma ürək-damar xəstəliklərində faydalıdır. Almanın az kaloriliyi ondan kökəlməyə qarşı pəhrizlərdə qiymətli və keyfiyyətli məhsul kimi istifadə olunur. Bu məqsədlə həkimlər həftədə bir dəfə yüngülləşdirici alma günü (gündə 1,5-2 kq almanı bərabər hissələrə bölüb, 5-6 dəfəyə yemək) təyin edirlər. Almanı əqli əməklə məşğul olan və digər az hərəkətdə olan insanlar üçün də hər gün qəbul etmək məsləhət görülür.
Almada az da olsa, C vitamini vardır. Lakin Anton, Ağ naliv, Titovka və digər orta zonada yetişən alma sortları vitaminlik cəhətdən daha üstündür. Lakin uzun müddət saxladıqda almada C vitamini azalır. Məsələn, Anton almasını 100 gün saxladıqda C vitamininin miqdarı ilk miqdardan 28%-ə qədər azalır. Konservləşdirilmiş almada və alma kompotunda C vitamini uzun müddət yaxşı qalır. Iki il saxlanılmış alma kompotunda C vitamini 70% qorunub saxlanmışdır.
C və P vitaminləri ateroskleroz və hipertoniya xəstəliklərində orqanizmə yaxşı təsir göstərir. Lakin bu vitaminlər Kulon-Çin, Naliv, Renet, Qızıl-Əhməd və Qəndil-Sinap almalarında lazımi qədərdir. Bəzi sort almalarla alma pəhrizi aparıldıqda başağrıları azalır, qantəzyiqi aşağı düşür, başgicəllənmə və başda səs-küy azalır. Xalq təbabətində almanın yabanı sortlarından da istifadə olunur.
Alma qanazlığında da faydalıdır. 100 ml alma şirəsinə 2 mq dəmir həbi əlavə etdikdə dəmir-turş alma ekstraktı alınır ki, bundan da qanazlığının müalicəsində istifadə olunur.
Çiy, bütöv bişirilmiş almadan sidikqovucu kimi və şişlərə qarşı istifadə olunur. Alma həlimi və ya çayı öskürəyi yumşaldır. Almada olan kalium duzları və tanin orqanizmdə sidik turşusunun əmələ gəlməsini ləngidir. Ona görə də, almadan hazırlanmış həlim və çaylar podaqra və böyrəkdaşı xəstəliklərindən əziyyət çəkənlər üçün çox faydalıdır. Alma qabığından hazırlanmış çay sakitləşdirici vasitə kimi, eyni zamanda kökəlməyə qarşı da istifadə edilir.
Almadan xalq təbabətində xaricdə olan yaralara qarşı istifadə edirlər. Bu məqsədlə təzə alma dilimləri və təzə alma püresi yanıqlarda, donmuş əl və ayaqlarda və uzun müddət sağalmayan yaralara yaxırlar. Dodağın çatlaması, döş uclarının sıyrıntısı və çatlamasında alma püresi ilə kərəyağından hazırlanan məlhəm sürtülür. Şəkər xəstəliyinin zəif formalarında almanın köklərindən istifadə olunur. Çünki almanın köklərində olan qlükozid florisin qanda və sidikdə şəkərin miqdarını aşağı salır.
Xalq təbabətində soyuqdəyməyə və səs tutulmasına qarşı 1:10 nisbətində quru alma yarpaqlarından hazırlanmış tinkturadan hər 2 saatdan bir 0,5 stəkan ilıq halda içmək məsləhət görülür.
Dostları ilə paylaş: |