Dəliböyürtkən – Куманика – Rubus nessensis W. Hall. (R.Suberectus Anders). Gülçiçəklilər (Rosaceae) fəsiləsindən kol bitkisidir. Yabanı halda bitən mürəkkəb giləmeyvəlidir. Giləmeyvəsi qara-qırmızımtıldır. Avqust-sentyabr aylarında yetişir, dadı xoşagələn və yeməlidir. Təzə halda istifadə olunur, ondan mürəbbə, cem, marmelad, jele, şirə hazırlanır. Tərkibində şəkər, üzvi turşular, C vitamini və digər bioloji maddələr vardır. Xalq təbabətində soyuqdəymə əleyhinə istifadə olunur. Azərbaycanda, demək olar ki, yetişmir.
Firəng üzümü, rus alçası, – Крыжовник обыкновенный – Grossularia reclinata (L.) Mill. Daşdələnkimilər (Saxifraqaceae) fəsiləsinə mənsub olub, 50-dən çox növü vardır. Azərbaycanda 2 növü yabanı halda bitir. Yabanı halda Qərbi Avropada və Qafqazda yayılmışdır. O çoxbudaqlı koldur.
Firəng üzümü Qərbi Avropada geniş yayılmışdır. Lakin Rusiyada bu bitki XI əsrdə monastr bağlarında əkilirdi. Lakin o vaxt becərilən firəng üzümü sortları çox xırda idi. XIX əsrdə artıq irimeyvəli firəng üzümü sortları yetişdirilməyə başlandı. Hazırda firəng üzümü Qafqazda, Qərbi Ukraynada, Rusiyanın mərkəzi vilayətlərində, Belorusda və Baltiksahili ölkələrində əkilib-becərilir. Firəng üzümü «Şimal üzümü» də adlanır. Azərbaycanda firəng üzümü nisbətən az sahələrdə becərilir.
Firəng üzümü mayda çiçəkləyir. Xırda yaşılımtıl çiçəkləri şivlərdə, tək saplaqda yerləşir. Meyvəsi iyul-avqustda yetişir. Meyvəsi yumru və ya oval formalıdır. Meyvələrinin rəngi yaşıl, sarı, ağ, qırmızı, tünd qırmızı, qara olur. Dadı şirin, turşməzə, qabığı nazik və incətüklüdür. Çoxlu xırda toxumları vardır. Hazırda firəng üzümünün bir çox mədəni sortları yetişdirilmişdir.
Firəng üzümünün tərkibində 13,5% şəkər, 2% üzvi turşu, 1% pektinli maddə, 54 mq% C, 0,25 mq% P, B qrupu vitaminləri və karotin vardır. 0,2-0,7% mineral maddə vardır ki, bunun da əsasını fosfor, mis, dəmir, kalium, natrium, kalsium və maqnezium təşkil edir.
Firəng üzümü təzə halda yeyilir, mürəbbə, konfityur, kompot, jele, marmelad, konfet və karamel üçün içlik, eləcə də, şərab hazırlamaq üçün sərf edilir. Qış üçün firəng üzümünü qurudur, sirkəyə qoyur və əzişdirib şəkərlə 1:2 nisbətinə qarışdırırlar.
Dostları ilə paylaş: |