Çiyələk – Клубника. Bu qrupa bağ çiyələyi (Fragaria moschata Duch.) və meşə çiyələyi (Fragaria vesga) aiddir. Bunlar bioloji xüsusiyyətlərinə görə biri digərinə çox yaxındır. Bunların giləmeyvələr içərisində xüsusi çəkisi azdır. Meşə çiyələyi bağ çiyələyinə nisbətən daha tez yetişir. Meşə çiyələyi yabanı halda yayılmış və soyuğa davamlı olduğundan şimal və orta zona rayonlarında yayılmışdır. Bağ çiyələyinin meyvəsi iri olmaqla diametri 3-5 sm və çəkisi 50 q-a qədər olur.
Bağ çiyələyi – Клубника – Fragaria moschata Duch – Gülçiçəklilər (Rosaceae) fəsiləsindəndir. Çiyələk Azərbaycanın dağ-meşə rayonlarında çox geniş yayılmışdır. Quba, Xaçmaz, Qusar, Qonaqkənd, Laçın, Şuşa, Kəlbəcər, Dağlıq Qarabağ, Şəki, Zaqatala, Lənkəran rayonlarında bu bitkinin ehtiyatı çoxdur.
Bağ çiyələyinin tərkibində 80-88% su və 10-12% quru maddə vardır. Sortundan və yetişdiyi yerdən asılı olaraq çiyələyin tərkibində 6-11% şəkər, 1-2% üzvi turşu vardır. 30-80 mq% C vitamini və az miqdarda B qrupu vitaminləri, karotin, turşulardan ən çox limon və azacıq alma turşusu vardır. Şəkərlərdən 2,8% qlükoza, 3,3% fruktoza və 0,4% saxaroza olur. Birinci yığımda çiyələyin tərkibində şəkərin miqdarı 2-ci və 3-cü yığıma nisbətən 1% çox olur.
Bunlardan başqa çiyələkdə 0,6% aşı və boya maddəsi, 0,6% yağ, 1,5% sellüloza, 1,3% pektin maddəsi, 0,5% mineral maddə vardır. Ən çox dəmir, fosfor və kobalt duzları rast gəlinir.
Yetişmə dövründən asılı olaraq tez, orta və gecyetişən növlərə ayrılır. Əsas aşağıdakı sortlar yetişdirilir. Tezyetişənlərdən Mısovka, Komsomolçu, orta yetişənlərdən Çəhrayı ananas, İosif Maqomet, Muto, Koraska, Luiza və gecyetişənlərdən Zaqorya gecyetişənini göstərmək olar. Azərbaycanda, əsasən Madam Muto və Festival sortları yetişdirilir. Giləmeyvələri qablaşdırmaq üçün tutum 3-8 kq olan səbət və səbətcikdən istifadə edilir.
Standarta əsasən, çiyələyin gilələri təzə, təmiz, saplaqlı, rəngi normal və sağlam olmalıdır. Bunların içində 10%-ə qədər nisbətən xırda gilələrin, 5%-ə qədər qeyri-pomoloji sortların, 3%-ə qədər nisbətən kal, lakin lazımi qədər inkişaf etmiş, satış yerində 5%-ə qədər əzilmiş və yetişib ötmüş gilələrin olmasına icazə verilir.
Dostları ilə paylaş: |