2.1. Vurğu söz prosodiyasının əsas tərkib hissəsi kimi
Məlumdur ki, dildə söz vurğusunun əsas funksiyası sözə daxil olan seqmentləri, çoxhecalı sözlərdə hecaları bir bütöv halında birləşdirməkdən, sözləri, hecaları, digər söz və hecalardan fərqləndirməkdən ibarətdir. Ona görə də söz vurğusunu söz daxilində hecalardan birinin seçilib qabardılması kimi də nəzərdən keçirmək olar. Danışıq aktında buna əməl olunmaması danışığın anlaşılmaz olmasına səbəb olur. Məsələn, Azərbaycan dilində işlənən “Alma bahadır” və “Alma, bahadır” ifadələri müxtəlif prosodik vasitələrlə fərqlənir. Burada həm intonasiya, həm vurğu, həm də fasilə nəzərə alınır. Müqayisə göstərir ki, bu vahidlərin diferensiasiya olunmasında “alma” sözünün hansı hecasının vurğulu tələffüz edilməsi əsas faktor kimi özünü göstərmişdir. Hər bir çoxhecalı sözü əmələ gətirən hecaların hamısı eyni akustik göstəricilərin daşıyıcısı olmur, yəni müxtəlif dillərdə söz vurğusunun müxtəlif növləri mövcuddur ki, bunlar da aşağıdakılardan ibarətdir:
1 – Yaranma xüsusiyyətinə görə vurğunun növləri
a. dinamik (güc, ekspirator)
b. kvantitativ (kəmiyyət, uzunluq)
c. melodik (tonlu, musiqili)
2 – söz vurğusu struktur xüsusiyyətlərinə görə də fərqlidir.
a. sərbəst vurğu (istənilən heca vurğu daşıya bilər).
b. hərəki vurğu (sözün müxtəlif forma dəyişikliyi ilə əlaqədə vurğunun yerinin dəyişməsi gah sözün kökünün, gah da şəkilçinin vurğu daşıması)
c. bağlı vurğu (sözdə yalnız) müəyyən heca vurğuludur)
3 – dildə yerinə yetirdiyi funksiyaya görə vurğunun növləri:
a. kulminativ funksiya (sözün müstəqilliyini və bütövlüyünü təmin edir)
b. delimitativ funksiya (söz sərhədlərini fərqləndirir)
c. siqnifikativ funksiya (sözün leksik-semantik variantlarını fərqləndirir) (´alma – al´ma; ´object – to ob´ject).
Sözlərin yaranmasında vurğulu hecalarla yanaşı vurğusuz hecalar da iştirak edir. Bu vəziyyət həm ingilis dilində, həm də Azərbaycan dilində özünü göstərir. Bu cür hecalar arasındakı münasibətlər hər şeydən əvvəl prosodik vasitələrin nə səviyyədə aktivliyi ilə izah oluna bilər. Məs.:
pudding /´pvdıŋ/ (pudinq)
suppose /sə´pevz/ (güman)
bulletin / bʊlıtın/ (bülleten)
manaoeuvre /mə´nu:və/
nə´nə
ə´kin
əkin´çi və s.
İngilis dilindəki birinci 2 söz iki hecanın birləşməsindən, növbəti 2 söz isə 3 hecanın birləşməsindən ibarətdir. Birinci iki sözdə vurğu birinci hecanın üzərinə düşür. Sonrakı hecalar isə vurğusuz hecalardır. Vurğusuz hecaların tələffüzündə prosodik vasitələr aktivlik göstəricilərinə görə vurğulu hecalarla müqayisədə zəif olur. İngilis dilində söz prosodikası səviyyəsində vurğu əsas prosodik determinant rolunu daşıyır və bu sahə üzrə əlaqəli olan və vurğunun mənasının açılmasına xidmət edən digər dil hadisələrini də birləşdirir.
/bʊlıtın/ və /mənu:və/ sözləri üçhecalı sözlərdir, lakin onların prosodik strukturları fərqlidir, çünki /´bulitını/ sözündə vurğu 1-ci hecanın üzərinə düşdüyü halda, /mə´nu:və/ sözündə vurğu 2-ci hecanın üzərinə düşür. Deməli, ingilis dilində söz vurğusu yerinə görə sabit deyil, sərbəstdir.
Təhlil göstərmişdir ki, ingilis dilində ikihecalı sözlərin prosodik strukturu üçhecalı sözlərin prosodik strukturları ilə eyni olmamışdır. Bundan başqa, istər ikihecalı sözlər, istərsə də üçhecalı sözlər öz aralarında da fərqli prosodik xüsusiyyətlərə malik olmuşdur. Bu da həmin vahidlərdə vurğunun hansı heca üzərinə düşməsindən irəli gəlir. Qeyd olunan nümunələr (/bʊlıtın/, /mənu:və/) üç hecadan ibarət olsalar da, onlarda vurğulu hecanın söz strukturunda mövqeyi fərqlidir. Deməli, istər ingilis, istərsə də Azərbaycan dilində heç də bütün eyni sayda hecadan ibarət olan sözlərdə prosodik struktur eyni formada reallaşmır. Bu səbəbdən də tələffüz prosesində vurğulu hecanın söz daxilindəki yerinin də nəzərə alınması vacib şərtlərdəndir.
Azərbaycan dilində isə müəyyən istisnalar nəzərə alınmazsa, vurğu, əsasən, sözün son hecasının üzərinə düşür. Sözə yeni əlavə şəkilçilərin artırılması sözün vurğu strukturunu dəyişsə də, mövqe baxımından dəyişiklik baş vermir. Məs.: ək - ək´in, əkin´çi - əkinçi´lik [Bax: qr: 27-28]. Nümunələrdən göründüyü kimi, daim hərəkətdə olmaq, Azərbaycan dilində söz vurğusunun morfoloji səviyyədə əsas xüsusiyyətidir.
Azərbaycan dilində sözdə hecaların sayı artdıqca, buna paralel olaraq vurğu da yerini dəyişərək son heca üzərinə keçir. Bu nümunələrdə söz vurğusu mövqe baxımından öz konstantlığını qoruyub saxlayır. Lakin bu heç də həmişə belə olmur. Məs.: /gözləmədən/. Bu da onu göstərir ki, dilimizdə elə hallar olur ki, vurğu söz və ya söz – formanın son hecası ilə bağlı olma xüsusiyyətini itirir.
Vurğunun korrelyasiyası hadisəsini araşdırarkən N.S.Trubeskoy göstərmişdir ki, vurğu prosodemin zirvə əmələ gətirməklə seçilməsi kimi müəyyənləşdirilə bilər: ekspirator güclənmə, ton səviyyəsinin yüksəlməsi, uzanma, müvafiq sait və samitlərin aydın və enerjili tələffüzü. “Fonoloji baxımdan sərbəst vurğusu olan dillər üçün birincisi, hər bir sözdə bu seçim bir yerdə olur, özü də müvafiq prosodem (müvafiq olaraq həmin sözün hissəsi) həmin sözün bütün digər prosodemlərindən üstün olur və ikincisi, eyni miqdarda prosodemi olan sözlərdə seçim heç də həmişə eyni prosodemlərə düşmür, nəticədə söz cütləri ola bilər ki, öz aralarında istisnasız olaraq zirvənin yeri ilə fərqlənir (süzmə, gəlin, perfekt)”. V.S.Trubeskoyun fikrincə, “vurğulu hecada saitlər uzun tələffüz olunur” [41, s.257]. Vurğusuzlar isə həm kəmiyyətcə, həm də artikulyator baxımdan zəifləmişdir. İngilis dilində söz daxilində bəzən bir neçə vurğulu heca olur, özü də bu hecalaradan yalnız biri söz zirvəsi kimi nəzərdən keçirilə bilər. Başqalarının yalnız yardımçı ton və yardımçı vurğu kimi çıxış etdiyini N.S.Trubeskoy da vurğulamışdır [41, s.266]. Burada, yalnız fonoloji baxımdan relevant yardımçı vurğular nəzərdə tutulur. Onu da qeyd etmək olar ki, vurğusuz hecaların heç də hamısı eyni dərəcədə zəif və ya alçaq tonlu olmur. N.S.Trubetskoyun qeyd etdiyi kimi, “əksər dillərdə vurğusuz hecaların dinamik və ya xromatik zəifləməsi avtomatik olaraq müəyyən ritmdə nizamlanır. Bütün bu hadisələrin distinktiv gücü olmur (/̗demən´streın/, /̗kɒnvə´seın/)”.
N.S.Trubeskoyun belə bir fikri də maraq doğurur ki,german dillərində bütün hind Avropa dillərindən, əsasən, mürəkkəb sözlərə meyilli olması ilə fərqləndiyindən və digər tərəfdən, amerikan dilləri öz “polisintetizmi” ilə məşhur olduğundan kök tərkiblərin ən güclü şəkildə istifadəsinə distinktiv köməkçi aksentlərin ilkin şərti kimi yanaşılmalıdır [41, s.267].
“Məlumdur ki, ingilis dilində birdən çox hecası olan sözlərdə söz vurğusu işlənir” [128,s.179]. Bu o deməkdir ki, “hecalardan biri digərləri ilə müqayisədə kontrastlığı ilə seçilir və bu heca vurğulu heca hesab olunur. İngilis dilində söz vurğusu dinamik xarakterli olsa da, söz vurğusu daşıyan hecanın saiti, digər vurğusuz hecaların saitlərindən aydın tələffüz keyfiyyəti ilə fərqlənir. Ona görə də ingilis dilində söz vurğusunun keyfiyyət xarakterinə malik olduğu qeyd olunmuşdur” [128, s.179]. Q.P.Torsuyev hesab edir ki, vurğulu hecaların saitləri gərginlik və uzunluğuna görə vurğusuz hecaların saitlərindən yüksəkdir [128, s.179].
“Vurğunun nəzərə çarpdırılmasında hansı parametrin relevant olmasından asılı olaraq, vurğunun müxtəlif növləri fərqləndirilmişdir: dinamik vurğu, melodik vurğu, ekspirator vurğu, tonal vurğu, temporal vurğu, qarışıq vurğu və s. Dinamik vurğunun əsas əlaməti odur ki, bu zaman vurğu hava axınının təzyiq gücü ilə nəzərə çarpır. Dinamika dildə vurğunun güclü intensivliyə malik olmasını əsas götürür, daima dəyişiklikləri əsas sayır” [19, s.206]. Melodik vurğuda relevant xüsusiyyət kimi ton yüksəkliyinin dəyişikliyi, temporal vurğuda səsin kəmiyyət dəyişikliyi, qarışıq vurğuda dominant vahidin nəzərə çatdırılmasında komponentlər qarşılıqlı əlaqədə olur (melodik-dinamik, dinamik-melodik, melodik-temporal və s.) və s.
Azərbaycan dilində söz vurğusunun yerinin dəyişməsi əsas morfoloji əlamət kimi özünü göstərməsi artıq sübut olunmuş dil hadisəsidir. Məs:
süz´mə – ´süzmə
al´ma – ´alma
uç´ma – ´uçma
qoş´ma – ´qoşma
bağla´ma – bağ´lama
Vurğunun son hecada olması həmin sözün ad bildirməklə ismə aid olduğunu, birinci hecanın vurğulu olması, onun feilə aid olduğundan xəbər verir.
İngilis dilində çoxhecalı sözlərdə, yəni iki vurğusu olan sözlərdə vurğunun əsas və ikinci dərəcəli növləri qeyd olunmuşdur. Məs.:
“Conversation /̗konvə´seın/”[128, s.179].
Bu sözdə 1-ci heca 2-ci dərəcəli, 3-cü heca isə /sei/ əsas vurğu daşımışdır. Danışıq aktında bu və ya digər sözün mənasını nəzərə çarpdırmaq məqsədilə daha qüvvətli tələffüz olunur ki, buna da emfatik vurğu deyilir. Vurğunun bu növündən canlı danışıqda sintaqm və cümlə daxilində situasiya ilə bağlı bu və ya digər sözü nəzərə çarpdırmaq üçün istifadə olunur və ingilis, Azərbaycan dilləri üçün səciyyəvidir. İngilis dilinin ritmik aksent strukturundan çıxış etmiş olsaq, çoxhecalı sözlərdə hecalar vurğulu-vurğusuz olmaqla sıralanır. Dilin inkişaf xüsusiyyətləri ilə əlaqədə onun vurğu sistemində də müəyyən yeniləşmələr baş vermişdir. Q.P.Torsuyev bunları belə ümumiləşdirmişdir ki, “əvvəllər “conversation” /konvə´seın/ “demonstration”/̗demən´streın/ sözlərində vurğu ilk dövrlərdə son heca ilə /ion/ bağlı olsa da, sonralar vurğu öz yerini dəyişmiş, yəni əvvəlki hecanın üzərinə keçmişdir. Birinci heca isə ikinci dərəcəli vurğu daşımışdır. Hətta bəzi çoxhecalı sözlərdə üç vurğulu hecanın olduğu da göstərilmişdir. Məs.: irremovability - /´ir̗ı̗mu:və´bılıtı/” [128, s.182].
İngilis dilində işlənən alınma sözlər də getdikcə ingilis dilinin ritmik strukturuna uyğunlaşmış və bu sözlərdə vurğunun yerinin dəyişməsinə səbəb olmuşdur. Məs.: depot /di´poʊ/ - ´depoʊ/,/´di:poʊ/
Chauffeur /oʊ´fʒ:/ /´oʊfə/
“Dildə söz vurğusunun funksiyasını və təbiətini öyrənən elm sahəsi yaranmışdır ki, buna da aksentologiya deyirlər” [97, s.258]. Aksentologiya dilin aksent sistemini bütövlükdə öyrənməyi qarşısına məqsəd qoymuş elm sahəsidir.
R.Konradın fikrincə, “vurğu müəyyən bir səsin və ya səs qrupunun prosodik vahid daxilində digərləri ilə müqayisədə qabardılmasıdır. Fərqli prosodik vahidlərdən (heca, söz, söz birləşməsi, cümlə) asılı olaraq, aksentin müxtəlif xarakterli olduğu göstərilmişdir; heca aksenti, söz aksenti, söz birləşməsi aksenti və cümlə aksentli” [174, s.20]. O da aydın olmuşdur ki, R.Konrad aksent və vurğu terminlərini sinonim kimi işlətmişdir. Heca aksenti tonun vəziyyətinə uyğun olaraq fərqləndirilir: yüksələn aksent (Akut) [↑], enən aksent (Gravis) [↓], eyni səviyyəli, bərabər aksent [→], yüksələn-enən (sirkum-leks)[ ], enən-yüksələn [ ] və bərabər qalan – yüksələn-bərabər qalan [─/→] heca aksenti. Heca səviyyəsindəki bu struktur, sözün tələffüz strukturunda da öz təsirini göstərir”. Bəzi tədqiqatçılar vurğunun əsasən iki növünü göstərmişdir: dinamik və musiqili[97, s.263]. Bundan da, belə qənaətə gəlmək olar ki, onlar kəmiyyət parametrini vurğunun müəyyənləşməsində həlledici hesab etmirlər və nəticədə bu parametr digər parametrlərdən fərqləndirilmişdir.
Təhlil göstərir ki, söz vurğusu yalnız söz daxilində hecalardan birinin bu və ya digər vasitələrlə fərqləndirilməsi deyil, eyni zamanda vurğulu hecada vurğusuz hecalarda olmayan xüsusiyyətləri əks etdirməkdir.
Dilin fonetik strukturunu təhlil etmiş Teodor Zibs də dildə vurğunun rolunun əhəmiyyətli olduğunu qeyd etmişdir. O, yazmışdır ki, alman dilində hər bir sözdə yüksək təzyiqlə tələffüz edilən yüksək tonlu heca olur. Bununla yanaşı o, qeyd etmişdir ki, bu cür hecalarla yanaşı zəif tələffüz olunan hecalar da vardır. Bunu o, “leben”, “Hammer”, “warten”, “Tages” sözlərindəki ikinci hecalarla əsaslandırmışdır. Əsas vurğu ilə yanaşı köməkçi vurğunun da olduğu fikrini irəli sürmüşdür[194, s.115].
Vurğuya həsr etdiyi məqaləsində L.V.Şerba yazmışdır: “Belə demək mümkündürsə, ideal vəziyyətdə vurğulu heca ən güclü, ən yüksək və ən uzun hecadır” [133, s.176]. Əlbəttə, L.V.Şerba bütün bu dəyişiklikləri fransız dilindəki vurğunun təbiətində görmüşdür, çünki müxtəlif dillərdə bu, dəyişkən xarakterdə olur.
L.R.Zinder hesab etmişdir ki, heca ona görə vurğulu olur ki, çünki dil sistemində iki müxtəlif keyfiyyətli heca tipi mövcuddur. “Hecanın keyfiyyət xüsusiyyətindən asılı olaraq, vurğulu və vurğusuz hecalarda prosodik vasitələrin təsir xüsusiyyətləri dəyişir. Sözlərin müxtəlif formada vurğulanması onlarda məna fərqləri ilə bağlı olur” [204, s.89]. Elə buna görə də söz vurğusunu leksik vurğu da adlandırmaq mümkündür.
Söz vurğusu ilə bağlı fikrini L.R.Zinder belə ümumiləşdirmişdir: “Söz vurğusu deyərkən sözü əmələ gətirən hecalardan birinin intensivliyə, əsas tonun yüksəkliyinə və uzunluğuna görə qabardılması nəzərdə tutulur” [97, s.262]. Onun fikrincə, “vurğunu təmsil edən komponentlər təcrid olunmuş şəkildə deyil, birgə fəaliyyət göstərirlər, ən azından ikisi bir yerdə”.
Söz vurğusunun təbiəti danışıq aktında əvvəlki səviyyəsindən fərqli reallaşır, çünki cümləyə daxil olan hər bir söz həmin cümlənin prosodik strukturunun qaydalarına tabe olur. Cümlə strukturunda sözün hansı mövqedə işlənməsindən asılı olaraq onun prosodik xüsusiyyətləri müəyyən variativ xüsusiyyətlərlə üzləşmiş olur. Əlbəttə, belə vəziyyətdə cümlə vurğusu söz vurğusundan fərqli xüsusiyyətlərə malikdir. Sözün ayrılıqda malik olduğu prosodik vasitələrin göstəriciləri, onun cümlə daxilində konkret situasiya ilə bağlı daşıdığı prosodik göstəricilərlə eynilik təşkil etməmişdir.
Təhlil göstərmişdir ki, ayrıca tələffüz olunan sözün əsas tonunun tezliyini, intensivliyini və temporal xüsusiyyətlərini əks etdirən göstəricilər, həmin sözün cümlədə son mövqedəki göstəriciləri ilə müqayisədə yüksək olmuşdur. Məs.: ingilis dilində: “man”, “woman”, “The man ”, “I see the man”; Azərbaycan dilində: “quş”, “bayquş”, “Quş uçdu”, “O, quş ovladı” və s. Qeyd olunan vahidlərin diktorlar üzrə göstəricilərini təhlil etməklə, onların hər biri haqqında məlumat əldə edilmişdir. Faktlar bir daha göstərmişdir ki, hər bir söz müəyyən sintaktik struktura daxil olmaqla, fərqli prosodik göstəricilərin daşıyıcısına çevrilir. [Müqayisə üçün bax: qr 9, 10, 11, 34, 35, 45].
Nümunədən göründüyü kimi, söz səviyyəsində vurğudan danışarkən, sözü əmələ gətirən hecalardan birinin digərinə nisbətən akustik parametrlərə görə fərqləndiyi halda cümlə səviyyəsində vurğu yeni bir funksiyanın daşıyıcısına çevrilir. Məs.:/The table is black/, (Lövhə qaradır). Araşdırma göstərir ki, söz səviyyəsində vurğulu hecadan söhbət getdiyi halda, cümlə səviyyəsində bu, bütöv sözün tələffüzündə özünü göstərir, yəni söz səviyyəsində sözə daxil olan hecalardan biri nəzərə çarpdırılırsa, cümlə strukturunda bu funksiyanı heca deyil bütöv söz yerinə yetirir.
A.Djunisbəyov türk dillərində söz vurğusunun mübahisəli olduğunu qeyd edərək yazmışdır ki, bəziləri türk dillərində vurğunun dinamik təbiətə (А.Н.Кононов), digərləri isə onun tonal (musiqili) təbiətə malik olduğunu göstərmişlər [90, s.11]. Bu fikrin özü də onu deməyə əsas verir ki, nəzəri və praktik deyilmiş fikirlər dil faktlarında öz təsdiqini tapmırsa, bu zaman dilin aksentoloji strukturu ilə bağlı ümumiləşdirilmiş dəqiq fikir söyləmək çətinləşir. Əlbəttə, bu yalnız türk dillərində müşahidə olunan fakt deyil. Çünki german və slavyan dillərində də bununla bağlı fikirlər mübahisəlidir [97, s.262-263; 128, s.179].
M.Q.Kravçenko və başqa müəlliflərin fikrincə, “vurğulu hecalar ayrılıqda belə seçilir, çünki onlarda vurğusuz hecalarda olmayan xüsusiyyətlər cəmləşmişdir. Hətta bu həmin hecaların müstəqil söz kimi vurğusuz hecalarla əlaqəsi olmadığı vəziyyətdə belə özünü göstərir. Bu fikri əsaslandırmaq üçün onlar rus dilindən «Тут брат взял ключ» cümləsini əsas götürmüşlər. Bu cümlədə işlənən hər bir sözü dinləyici vurğulu kimi qəbul edir, baxmayaraq ki, burada vurğusuz heca yoxdur” [104, s.7].
“İngilis dili ritmik vurğulu dildir, çünki vurğulu hecalar bir-birindən bərabər səviyyəli vaxtla ayrılır, bu prosesdə ritmi tənzimləmək məqsədi ilə vurğusuz hecalar qanunauyğun şəkildə qısaldılır” [128, s.182].
Vurğunun xüsusiyyətlərinə münasibət bildirən O.S.Axmanova yazmışdır ki, vurğu bu və ya digər fonetik vasitələrlə: səsin gücləndirilməsi, tonun yüksəlişi, səsin uzunluğunun artması və s. sözün və ya söz birləşməsinin tərkibindəki hecalardan birinin seçilib nəzərə çarpdırılmasıdır [65, s.482]. Bununla da O.S.Axmanova, vurğunu fonoloji vasitə kimi nəzərdə tutmuşdur.
Azərbaycan dilində vurğunun xüsusiyyətlərini şərh edərkən A.Axundov yazmışdır ki, Azərbaycan dilində vurğunun təbiəti ilə əlaqədar bir sıra xüsusiyyətlər mövcuddur. Bu xüsusiyyətlərin araşdırılması vurğunun mücərrəd hadisə deyil, konkret maddi əlamətləri olan dil faktı olması barədə tam təsəvvür yaradır.
A.Axundov Azərbaycan dilində vurğulu hecanın saitinin vurğusuz hecalardakı saitlədən özünün üç xüsusiyyəti ilə fərqləndiyini göstərməklə dilimizdə vurğunun əsas maddi əlamətlərinə və təbii xüsusiyyətlərinə aydınlıq gətirmişdir. Onun fikrincə, “Azərbaycan dilində vurğunun əsas maddi əlamətlərindən biri vurğulu hecadakı saitin kəmiyyətcə digər vurğusuz hecalardakı saitlərindən uzun olmasıdır. Əlbəttə, vurğunun bu əlaməti heç də o demək deyil ki, Azərbaycan dilində də bəzi dillərdə olan kəmiyyət vurğusu, ümumi fonetika termini ilə desək, kvantitativ vurğu növü vardır. Kəmiyyət vurğusu o vurğuya deyilir ki, vurğulu heca vurğusuz hecalardan özünün uzunluğu ilə fərqlənir. Başqa sözlə, hansı heca uzun tələffüz olunursa, həmin heca da vurğulu heca olur” [6, s.276]. A.Axundov fikrini /da:va/ sözünün təhlili əsasında ümumiləşdirərək qeyd etmişdir ki, birinci hecadakı sait ikinci hecadakı saitə nisbətən iki dəfə uzun tələffüz edilir. Halbuki /da:/ hecası vurğusuz, /va/ hecası isə vurğuludur. Bu o deməkdir ki, Azərbaycan dilindəki vurğu, yuxarıda qeyd edildiyi kimi, tələffüzdə iştirak edən əzələlərin gərginliyinə əsaslanan qüvvət vurğusudur.
Müasir Azərbaycan dilində söz vurğusunun təbiətinə dair aparılmış tədqiqat işlərində qeyd olunmuşdur ki, Azərbaycan dilində vurğu ikihecalı sözlərdə 2-ci hecada vurğulu saitin uzunluğu əsas və həlledici bir amil kimi özünü göstərir. Bu növ sözlərdə vurğulu saitin uzunluğu vurğusuz saitin uzunluğundan orta hesabla 0,5-0,4 dəfə çoxdur [3, s.81]. Aparılmış təhlillər bir daha onu deməyə əsas verir ki, ingilis və Azərbaycan dillərində söz vurğusu eyni funksiya daşısa da, təbiətinə görə fərqlidir.
Dostları ilə paylaş: |