2.3. Sözün prosodiyasının funksional xüsusiyyətləri
Sözün prosodiyasının əsas xüsusiyyəti onun dildə müəyyən funksiyaları: kulminativ, distinktiv və kommunikativ yerinə yetirməsidir. Sözün prosodik xüsusiyyətlərini əks etdirən və onun funksiyasının yerinə yetirilməsində fəal iştirak edən prosodik vasitələr dillərin sistemlərindən, onların struktur xüsusiyyətlərindən asılı olaraq dəyişkən olur. İngilis dili üçün xarakterik olan bu vasitələri bütövlükdə Azərbaycan dilinin prosodik vasitələri üçün əsas götürmək və bundan çıxış edərək, Azərbaycan dilinin prosodik strukturunu müəyyənləşdirmək, gerçəkliyə uyğun gəlməyən nəticələrə səbəb ola bilər. Prosodik xüsusiyyət fonemdən böyük bütün dil vahidlərinin danışıq aktında reallaşmasını təmin edir, kontekst və situasiyadan müzakirə olunan mövzudan asılı olaraq bu vahidlər müxtəlif formalarda gerçəkləşir.
Məs., Azərbaycan dilində işlənən /bibi/, /baba/ və s. sözlərdə eyni sait fonemlə əmələ gələn hecalar 2 dəfə təkrarlanmışdır. Hecaların eyni fonem tərkibə malik olmasına baxmayaraq onların sözün ritmik strukturundakı funksiyası fərqlidir. Eyni hal söz səviyyəsində də müşahidə olunmuşdur. Məsələn: /quş uçdu/ və /o, quş ovladı/ cümlələrində eyni “quş” sözü işlənmişdir. Lakin onların funksional yükü fərqli olduğundan tələffüz prosesində bu fərq prosodik vasitələrin də fərqli olmasına səbəb olmuşdur.
İstər ingilis, istərsə də Azərbaycan dilində prosodik vasitələr kommunikativ prosesdə öz funksiyalarını yerinə yetirərkən heç də hamısı eyni səviyyədə fəal olmur.
Nitq aktında hansı və necə mənalı vahidin iştirak etməsinin müəyyənləşdirilməsi vurğunun köməkliyi ilə mümkün olan hadisədir.
Bununla da əsas prosodik vasitə kimi çıxış edən vurğu dildə kulminativ funksiyanı yerinə yetirir. Cümləyə daxil olan vurğulu və vurğusuz sözlər məhz prosodik vasitələrin sayəsində bütöv halında birləşir və fikir ifadə edir. Söz səviyyəsində isə bu funksiyanı vurğusuz hecaları öz ətrafında cəmləşdirən informativlik baxımından dominant hesab edilən heca yerinə yetirir. Məs.: /Mən tələbəyəm //, I am student//.
Bu ifadələrdə “tələbəyəm”, “student” sözləri özlərindən əvvəl işlənən vurğusuz “mən”, “I”, “am” sözlərini öz ətraflarında birləşdirərək, fonetik cəhətdən bütövə çevirmişdir. “Kulminativ nəzərə çarpdırılma adətən “vurğu” və ya “aksent” adlandırılır və bu məfhumu başqası ilə əvəz etməyə də bir əsas yoxdur. Bu parametrə görə qarşılaşma da vurğu korrelyasiyası adlandırılmışdır” [41, s.249].
“Prosodik fərqləndirici qarşılaşma kulminativə (zirvə əmələ gətirən) və qeyri-kulminativə bölünür. Kulminativə vurğu korrelasiyası və onun bir növü kimi tonun hərəkət korrelasiyası aiddir. Distinktiv vurğu deyərkən, biz ilk öncə söz mənasını fərqləndirən vurğunu nəzərdə tuturuq. Vurğu prosodemin zirvə əmələ gətirməklə seçilməsi kimi müəyyənləşdirilə bilər: ekspirator güclənmə, ton səviyyəsinin yüksəlməsi, uzanma, müvafiq sait və samitlərin aydın və enerjili tələffüzü kimi qeydə alınmışdır” [41, s.257].
Prosodik vasitələrin dildə distinktiv funksiyanı yerinə yetirdiyi dilçilik ədəbiyyatında qeyd olunmuş hadisədir. N.S.Trubetskoy qeyd etmişdir ki, prosodik əlamətlər differensial və yanaşma əlamətlərinə bölünür. Differensial əlamətlər vasitəsilə prosodemlərin özləri fərqlənir, yanaşma əlamətlərilə isə prosodemlərin özləri deyil, sonra gələn fonoloji elementə müxtəlif yanaşma növü ifadə olunur. Prosodemlərin fərqləndirilməsinin distinktiv (mənafərqləndirici) funksiya yerinə yetirdiyi dillərdə hər bir prosodemin öz differensial əlaməti var [41, s.247].
Distinktiv (sərbəst) vurğu korrelyasiyasının olduğu dillərdə heç də hər sözdə müəyyən bir prosodemi vurğulamağa ehtiyac yoxdur. Vurğusu sərbəst olan dillərdə, o cümlədən german dillərində əsas vurğunun yeri iki sözü fərqləndirə bildiyindən söhbət həmişə “əsas vurğu – köməkçi vurğu” oppozisiyasından gedir.
İstər german dillərində, istərsə də Azərbaycan dilində söz prosodiyasının distinktiv funksiyası sayəsində söz keyfiyyətinə görə digər sözlərdən fərqlənir. Bu, o deməkdir ki, prosodik vasitələr ayrılıqda məna daşıyan vahidləri bir-birindən fərqləndirir. Məsələn, /ə/ və /a/ saitlərinin qarşılaşması: /əl/ - /al/ və ya /kəl/ - /kal/. Distinktiv xüsusiyyət həm seqment, həm də superseqment xarakterli ola bilir. İngilis dilində /i:/ - /ı/ qarşılaşması. Məs.: /i:p/ - /ıp/.
Deməli, nümunə kimi göstərilən bu qarşılaşmalar da Azərbaycan dilində/ə/ və /a/, ingilis dilində /i:/ - /ı/ seqmentləri relevantdır. Lakin dildə qeyri-relevant qarşılaşmalara da rast gəlinir. F.Y.Veysəlli alman dili materialı üzrə apardığı araşdırmalara əsaslanaraq qeyd etmişdir ki,alman dilində dilönü [r] ilə dilçək [R] qarşılaşmaları qeyri-relevantdır, çünki alman dilində elə bir söz cütü yoxdur ki, onlar bir-birindən bu səs qarşılaşmaları ilə fərqlənsin[19, s.209].
Hər bir dil vahidi distinktiv funksiyanı yerinə yetirən səs keyfiyyətinə malik olmalıdır, əks təqdirdə bu dil vahidləri başqalarından fərqlənməz. Ona görə də dilçilik ədəbiyyatında qeyd olunmuşdur ki, ayrı-ayrı dil vahidlərinin bir-birindən fərqləndirilməsi müstəsna dərəcədə distinktiv funksiya daşıyan səs keyfiyyətlərinə əsaslanır. “Fərqləndirmə anlayışı qarşılaşma oppozisiya anlayışını tələb edir. Səs keyfiyyəti yalnız o zaman distinktiv funksiya daşıyır ki, o, səs oppozisiyasının üzvü olsun” [19, s.209]. Məs.: /´perfeckt/ - /per´feckt/ sözlərinin oppozisiyasında vurğu, oppozisiyanın üzvü kimi çıxış etmişdir, yəni sözlər bir-birindən məhz bu əlamətə görə fərqləndirilir. Vurğu isə kommunikativ prosesdə ton və intensivlik vasitəsilə reallaşmışdır (Bax: qr; 37). Daha dəqiq desək, sözdə vurğulu heca digər vurgusuz hecadan bu əlamətlərlə seçilir.
“Prosodik vasitələrdən biri olan vurğu dildə kontrastiv funksiya yerinə yetirir. Məsələn, alman dilində işlənən /Ich zeige es der Krankenschwester/ cümləsində “Krankenschwester” mürəkkəb isim kimi çıxış etmişdir. Əgər həmin sözün əsas vurğusu yerini dəyişərək ikinci komponentdə qərarlaşmış olarsa, bu zaman həmin söz mürəkkəb sözlüyünü itirərək nəticədə iki müxtəlif leksik vahidə çevriləcək. Məsələn, /Ich zeige es der ´kranken ´Schwester/. Burada əsas distinktiv əlamətin daşıyıcısı kimi vurğu çıxış etmişdir. Eyni vəziyyət Azərbaycan dilinin materialında da müşahidə olunmuşdur (´alma – al´ma). Strukturalistlər fonemi “distinktiv əlamətlərin dəsti” kimi götürürlər. Bu cür distinktiv əlamətlər R.Yakobsan və onun həmkarları tərəfindən müəyyənləşdirilib [52, s.196-197].
Onlar 12 distinktiv əlamət müəyyənləşdirmişlər. Dünya dillərinin fonem sistemlərini bu əlamətlərə görə təhlil etmək mümkün olmuşdur.
N.S.Trubetskoy qeyd etmişdir ki,müxtəlif dillərdə distinktiv oppozisiyalar yaradan səs keyfiyyətləri 3 qrupa bölünür: vokalik, konsonantik və prosodik əlamətlər. ”Sait fonemlər distinktiv vokalik, samitlər isə distinktiv konsonantik əlamətlərdən ibarətdir. Bunun əksinə olaraq yalnız prosodik əlamətlərdən ibarət ola bilən fonem yoxdur. Bu prosodik əlamətlər dildən asılı olaraq, daha çox ya tək saitlə, ya tək samitlə, ya da nəhayət, fonem ardıcıllığı ilə bağlı olur” [41, s.115]. Prosodik vasitələr nəinki söz səviyyəsində, eləcə də sintaktik səviyyədə distinktiv funksiya yerinə yetirməyə qadirdir. N.S.Trubetskoy və onun davamçıları fərqləndirici əlaməti məna ilə bağlamışdır. Bu, o deməkdir ki, diferensial əlamət məna daşıyan dil vahidlərini bir-birindən fərqləndirməyə xidmət edir. Dildə işlənən bütün vahidlər, o cümlədən dilin leksik sisteminə daxil olan sözlər distinktiv əlamətlər toplusu kimi götürülür və bu əlamətlər binar qarşılaşmalar əsasında müəyyən edilir. Dilçilikdə sözün distinktiv əlamətləri onun irrelevant əlamətlərinə qarşı qoyulur. Məs.: vurğulu heca vurğusuz hecaya, yüksək tonlu heca – zəif tonlu hecaya, açıq heca – qapalı hecaya və s.
Vurğunun yerinin dəyişməsi nəinki qrammatik vahidlərin qarışıq salınmasına, eyni zamanda məna dəyişikliyinə səbəb olur (ağ daş – Ağdaş). Bu vahidlərdən birincidə, təyini söz birləşməsində vurğu birinci tərkib hissənin uyğun hecasına düşür, ikincisində isə - mürəkkəb sözdə vurğu ikinci komponentlə bağlı olmuşdur. Deməli, “bu iki vahidin bir-birindən fərqli vahidlər kimi başa düşülməsində əsas distinktiv prosodik vasitə vurğudur. Məhz bu sözlərin fərqləndirilməsində vurğunun distinktiv funksiyası özünü qabarıq şəkildə göstərmişdir. Həm ingilis, həm də Azərbaycan dilində sözün prosodik vasitələrinin funksional xüsusiyyəti sayəsində sözlərin morfoloji xüsusiyyəti dəqiqləşdirilir. Məs.: ingilis dilində: absent [æb´sənt] (feil), [´æbsənt] (sifət).
Azərbaycan dilində: süzmə: [süz´mə] (isim), [´süzmə] (feil).
Ona görə də bu əlamət dilçilikdə“həm distinktiv, həm də differensial əlamət kimi” qeyd olunmuşdur [174, s.148]. Dilçilikdə, xüsusən onun fonologiyası sahəsində fonem nəzəriyyəsinin təkmilləşdirilməsində, daha dəqiq desək, fonemlərin müəyyənləşdirilməsində distinktiv əlamətlərin həlledici rol oynadığı əksər dilçilər tərəfindən birmənalı şəkildə qeyd olunmuşdur (L.Yelmslev, N.S.Trubetskoy, L.Blumfild, F.Veysəlov və b.).
R.Konrad qeyd etmişdir ki, distinktiv əlamətlər o əlamətlərdir ki, onlar müəyyən bir dilin mənafərqləndirici oppozisiyasının şəbəkəsi üçün relevantdır [156, s.148]. Məsələn, ingilis dili üçün saitlərin kəmiyyət əlaməti relevant olduğu halda (pool /pu:l/, pull /pul/, cut /kʌt/ - coat /ka:t/), rus və Azərbaycan dilləri üçün bu xüsusiyyət relevant hesab edilmir. “Distinktiv əlamətlərin bir növü hesab edilən prosodik əlamətlər heca və heca sırası ilə müəyyənləşirsə, ikinci növü olan inherent əlamətlər fonemlərin hecada oynadıqları roldan asılı olmayaraq, onlara məxsus olur. Hər bir sözün distinktiv prosodik əlamətlərinin məcmusu sözün prosodikasının matriksi formasında əks olunur” [174, s.148]. Məlumdur ki, “dilin canlı danışıq forması yazılı formadan çevikliyi və gözlənilməz birləşmələrin yaranması ilə səciyyələnir. Bu da prosodik vasitələrlə həyata keçirilir. Şifahi formada yazıdakı kimi sözlər arasında boşluqlar mümkündürmü sualına F.Veysəlli birmənalı şəkildə “yox” cavabını verir”[46, s.140]. Onun fikrincə, “yazılı formanı kor – koranə şifahi danışığa daxil edə bilərik. Burada danışıq aktının qırılmaz ardıcıllığı – kontinumu ozünü biruzə verir və yazılı söz danışıqda ciddi dəyşikliyə uğrayır. Azərbaycan ədəbi danışıq dili vurğulu hecalardan əvvəl gələn vurğusuz hecaların çox güclü reduksiyaya uğramasını, sonda gələn cingiltili samitlərin karlaşmasını və dodaq fonemlərinin dodaqsızlaşmasını tələb edir” [46, s.140].
“Söz daxilində hecanın oynadığı funksiya prosodik vasitələrlə ifadə olunur, yəni hecaya daxil olan seqmentlərin prosodik cəhətdən aydın, yüksək ton və intensivliklə tələffüz olunması onun söz strukturundakı dəyəri ilə müəyyənləşir. Bəzən, seqmentin vurğusuz hecadakı tələffüzü onun distinktivlik funksiyasına da təsir göstərir. Bu mənada ingilis dilində işlənən neytral [ə] səsinin vurğusuz hecadakı tələffüz xüsusiyyətlərinin təhlilindən məlum olur ki, bu səs elə reduksiya olunur ki, öz funksiyasını qonşu samitlə bölüşmüş olur. Bu da onu göstərir ki, başqa saitlərlə müqayisədə neytral [ə] səsi az enerjinin sərf olunması ilə yaranır və aydın olmayan tembrlə tələffüz olunur. Beləliklə də, bu səs qonşu səslərin təsirinə məruz qalır. Elə bu səbəbdən də bu səs ingilis dilçiliyində neytral səs kimi tanınır” [128, s.103].
“Sözdə vurğunun yeri və funksiyası əsasında dillərin nə cür vurğulu dillərə mənsub olduğu (stabil, dəyişkən vurğulu) dəqiqləşdirilib” [97, s.259]. Prosodik vasitələrdən biri kimi söz vurğusunun əsas fonoloji funksiyası ondan ibarətdir ki, o da fonem kimi sözün səs cildinin vacib elementidir.
Danışıq aktında prosodik vasitələrin kommunikativ funksiyası heç də fonemlərin funksiyasından az rol oynamır. Ona görə də nitqin bütün kommunikativ vahidləri funksional, struktur və semantik cəhətdən əlaqəlidir. Şübhəsiz ki, kommunikativ prosesdə bu vahidlərin hər birinin yerinə yetirdiyi dəqiq funksiyası vardır. Onu da qeyd etmək olar ki, sözün prosodik vasitələrinin əsas və həlledici funksiyası insanlar arasında kommunikasiyanın müvəffəqiyyətlə baş tutmasına istiqamətlənib. Kommunikativ prosesdə hər bir dil vahidinin öz özəl xüsusiyyətləri olsa da, müxtəlif səviyyəli sintaktik konstituentlər daxilində başqa vahidlərlə əlaqədə, özəl xüsusiyyətlər dilin daxili normalarına uyğun olaraq variasiya olunur. Bu da danışanın ifadə olunana münasibətindən, kontekst və situasiyadan asılı olaraq müxtəlif şəkillərdə özünü göstərir. Belə halda variasiya irrelevant xarakterli olur.
Elə dillər də var ki, onlarda söz vurğusu işlənmir. Belə dillərə misal olaraq, fransız dilini göstərmək olar. Bununla da fransız dili əsaslı şəkildə prosodik strukturuna görə digər dillərdən, o cümlədən ingilis və Azərbaycan dillərindən fərqlənir [97, s.262].
L.R.Zinder hesab edir ki, vurğulu və vurğusuz saitlərin qarşılaşması o sözlərdə mümkündür ki, onlar iki və ya üç hecadan ibarət olur.
Kommunikativ prosesin uğurlu nəticələnməsi ünsiyyətdə olanların ünsiyyət dili kimi istifadə etdikləri dilin prosodik sisteminə nə dərəcədə bələd olmalarından, bu sistemin vahidlərindən nə dərəcədə istifadə edə bilmələrindən asılıdır. Deməli, dilin prosodik kodu danışanlar və dinləyənlər üçün anlaşıqlı olmalıdır. Əks halda ünsiyyətin müvəffəqiyyətli olması şübhə doğurur.
“Kommunikativ prosesdə emosionallığın ifadəsi üçün tembrdən istifadə olunur. Nitqdə tembrin iştirakının vacib olması məlum hadisədir. Tembrin akustik korrelyatını səsin spektral xarakteristikası təşkil edir. Ünsiyyət prosesində səsin tembrinin xüsusiyyətləri daha yuxarı formant dəyişiklikləri ilə bağlı hadisədir” [97, s.278].
Hər bir danışanın özünəxas danışıq tembri mövcuddur və o, bu xüsusiyyətinə görə digər danışanlardan fərqlənir. İnsanlar formal cəhətdən müxtəlif olduğu kimi danışıq xüsusiyyətlərinə görə də fərqlidir. Bu fərqi əmələ gətirən, əsasən, prosodik vasitələrdir. Dilçilik ədəbiyyatında qeyd olunur ki, “tembr səsin əsas tonuna və ya küyünə harmonik oberton və rezanator ton əlavə etməklə meydana gələn (səs) çalarıdır. Səsin tembri əsas tonla digər tonların (oberton, rezanator ton) birləşməsindən ibarətdir. Sözün tələffüzündəki tonun yüksəkliyi onun əsas tonu ilə müəyyən edilir, obertonlar isə sözə müəyyən rəng, əlavə səda verir ki, buna da tembr deyilir” [20, s.294].
Deməli, tembr danışığa xüsusi ekspressivlik, emosionallıq verən çalarlıqdır. Kommunikasiya prosesində cümlələrə daxil olan sözlər eyni səviyyədə tələffüz edilərsə, bu, çox cansıxıcı olar. Hər bir dil daşıyıcısı öz danışığını rəngarəng və ahəngdar qurur ki, dinləyən üçün göndərilən informasiya aydın və asan başa düşülən olsun.
Deyilənlərdən belə bir ümumi fikir hasil olur ki, məhz prosodik vasitələrin yerinə yetirdikləri, kulminativ, distinktiv və kommunikativ funksiyalar sayəsində dil vahidləri (hecalar, sözlər və s.) düzgün ifadə olunur və başa düşülür. Şübhəsiz ki, bu da səlis nitqin formalaşması üçün əsas şərtdir.
Dostları ilə paylaş: |