Əli Aslanoğlu Yovşanlıq şərqiləri Bakı 2009 Redaktoru: Firuz Mustafa Əli Aslanoğlu. Yovşanlıq şərqiləri



Yüklə 1,24 Mb.
səhifə37/67
tarix10.01.2022
ölçüsü1,24 Mb.
#108529
növüYazı
1   ...   33   34   35   36   37   38   39   40   ...   67
Sur tütəyi
Əlifağa hər maaş aldığı günün axşamı ailəsinin növbəti maa­şa qədər dolanışıq xərclərini, özünün dediyi kimi, ailə büdcəsini yazıb hesablayar, sonra da dəftəri arvadı Əntiqəyə verib deyərdi:

- Al, bir özün də bax. Deyəsən bəzi şeyləri artıq yazmışam.

Əntiqə dəftərə baxmamışdan :

- Sən ha! Sən olasan, özün də artıq hesablayasan? – deyər və sonra da dəftəri qabağına qoyub öz əlavələrini edərdi. Bu dəfə də istisna olmadı:

- Başına xeyir, yaman da hesablamısan. Qonşunun toyu var, azı əlli manat bura gedəcək, böyük qızın sinif rəhbərinin ad günü­dü ayın 22-sində, aşağısı beş manatdan yığacaqlar, JEK-dən zibil pulu yığmağa gələcəklər, heç olmasa ikicə manat da olsa ver­mə­liyik.

Əntiqə hesabatı dəqiqləşdirib 60–70 manat büdcə kəsiri ilə təsdiqlədikdən sonra qaytarıb atdı ərinin üstünə:



- Belə yaşamaq olmaz,- deyib, söylənə-söylənə keçdi mətbəxə.

Əlifağa arvadının haqlı narazılığını bilsə də, onun səsini qula­qardına verib özü səsini qaldırdı:

- Ay balam, ayda nə qədər pul yığmaq olar? Məktəb pul yı­ğır, JEK pul yığır, evlənən, anadan olan, ad günü keçirən, hətta ölən də pul yığır.

Mətbəxdən Əntiqənin səsi gəldi:

- Heç dilənçiləri demirsən. Sən işdə olursan, xəbərin olmur. Gündə qapını döyən seyidlərin, qaraçıların, adi dilənçilərin sayı-he­sa­bı yoxdu. Məcbur düşüb üçündən-dördündən birinə pul ver­məli olursan.

- Ağlın olsun, vermə.

- Verməmək olmur. Elə and verib yalvarırlar ki, dözmək ol­mur. Zəmanə elə korlanıb ki, deyəsən dünyanın axırı çatıb. Hə, yax­şı yadıma düşdü. Heç dəftərdə lift pulunu hesablamamışıq.

- Bu da təzə çıxdı? – Əlifağa az qala qışqırdı.

- Lift mexaniki deyib ki, üçüncü mərtəbədən yuxarı hər ev bir manatdan yığmasa liftə baxmayacaq.

- Niyə?


- Deyir maaşım azdı, dolana bilmirəm, məcburam əlavə bir iş tapıb işləyəm.

- İşləsin də-ə. Bundan bizə nə.

- A kişi, uşaq kimi danışma, lift işləməsə 9-cu mərtəbəyə qalxıb-düşməkdən kələyimiz kəsilər, özün də ürəkdən zəif adam­san. Bizdən aşağı mərtəbələr hamısı pul yığmağı qərara alıblar. Mən durub necə deyim ki, vermirəm?

Əlifağa susdu. Arvadı qınamaq olmazdı, lift vacib məsələ idi. Əntiqənin bayaq dediyi söz yadına düşdü və fikrindən keçirtdi ki, dünyanın axırı çatsaydı hamının canı biryolluq qurtulardı boş-boş şeylərə pul yığmaqdan.

Növbəti ayın başında Əlifağa maaşını alıb iş yoldaşı Vaqifə 40 manat borcunu qaytardıqdan sonra qalan pulu dəsmalına bü­küb qoltuq cibinə qoydu və qərara gəldi ki, bu dəfə büdcə-zad he­sablamayacaq. Onsuz da hesabatın heç bir xeyri olmur. Qoy ar­vad necə bacarır, eləcə də evi yola versin.

Həmin gün Əlifağa çox yorğun idi. Özünü metroya çatdırıb orta vaqona mindi və boş yer tapıb oturdu da. Yolda metro va­qonları ağzınacan doldu və o qədər basabas düşdü ki, maşınist əyləci basanda ayaq üstə dayanan və əlləri tutacağa çatmayan ca­vanlrın bir neçəsi hətta iki dəfə onun üstünə yıxıldılar.

Əlifağa yuxulayırdı...

...Maaş günü idi. Onu kassaya çağırdılar. Əlifağa pilləkənləri özünəməxsus bir cəldliklə düşüb kassaya tərəf irəliləyərkən yolda yadına düşdü ki, axı o maaşı alıb, görəsən kassir onu neynir? Bəl­kə pulu səhv verib? Yox, bu olan şey deyildi. Əvvəla, o özü də pu­lunu sayıb götürmüşdü. İkincisi də, kassir Şükür heç vaxt səhv edib adama artıq pul verməzdi. Bəlkə əlavə mükafat yazmışdılar ona?

Dördmərtəbəli binanın birinci mərtəbəsində yerləşən kassaya özünü çatdıran Əlifağa gördü ki, bura adamla doludur və... kassa tərsinə işləyir! Yəni, adamlar pul almaq əvəzinə, uzun bir cədvələ qol çəkib kassirə pul verirlər. O, təəccüb içində yan–yörəsindəki­lər­dən soruşub öyrənməyə çalışdı:

- Ə, nə baş verir burda? Pulları niyə qaytarıb yığırlar?

Çox qəribə bir səhnə idi. Heç kim onun sualına cavab vermir, yaxud da vermək istəmirdi.

Ancaq hamının kefi duru idi. Gülən kim, çırtıq vurub oyna­yan kim, bir sözlə, kassanın qabağında aləm qarışmışdı. Bir şad­ya­nalıq, bir büsat vardı ki, gəl görəsən. Hətta 3-cü şöbənin baş mü­təxəssisi Narıngül xanım (Əlifağa evlənməmişdən Narıngülü istəmişdi, Narıngül isə onu bəyənib gəlməmiş, üstəlik, “kənd hin­duşkası yemək üçün çəyirtkəni kənddə axtarar, şəhərdə yox” –deyib, kobud cavab da yollamışdı) qaş-gözünü oynada-oynada ona yaxınlaşıb göz də vurdu.

Əlifağa mat qalmışdı. Ayrı vaxt ölü yeri üçün bir-iki manatdan pul yığanda belə, adamların qaş-qa­bağı yerlə bir olardı. İndi hamı topa-topa pulu sevinə-sevinə kas­saya qaytarırdı.

Nəhayət, onun da növbəsi çatdı. Başını kassanın pəncərəsin­dən içəri soxanda nə görsə yaxşıdı? Kassir Şükürün yanında iki elə gözəl qız vardı ki, o, (yəni Əlifağa) 45 illik ömründə belə gö­zəlləri heç xarici kinolarda da görməmişdi. Qızlardan biri kassirin sağ, o biri isə sol tərəfində dayanıb yığılan pulları dəstələyirdilər. Əlifağa elə mütəəssir olmuşdu ki, səbəbini kassirdən soruşmadan kağıza büküb qoltuq cibində gizlətdiyi məvacibini (daha doğrusu, məvacibinin qalığını) nə vaxt çıxarıb stolun üstünə qoyduğunu özü də bilmədi. Başını pəncərədən geri çəkmək istəsə də, tərpən­mə­yə halı yox idi, gözünü qızlardan ayıra bilmirdi. Onda intuitiv bir təsəvvür yarandı ki, bunlar məlakələrdir, yer üzündə bu gö­zəl­likdə insan ola bilməz!

Arxadan onu dümsükləyirdilər:

- Əlifağa, qurtar də!

- Qol çək, çıx, biz də varıq axı!

Əlifağanın boğazı qurumuşdu. Qeyri-ixtiyari əlini uzadıb qə­lə­mi götürdü və cədvəldə öz adını axtarmaq istəyəndə yadına düş­dü ki, axı heç pulun nədən ötrü yığıldığını soruşmadı. Kassir Şükür onun ürəyini oxuyurmuş kimi:

- Tütək almağa yığılır pullar- dedi, - Sur tütəyi.

- Nə..ə?


- Sur tütəyi, ay müsəlman! Müasir dildə desək zurna.

Əlifağa güc-bəla ilə özünü cəmləyib soruşdu:

- Dünyanın axırıdı bəyəm? Neynirik Sur tütəyini?

Birdən yadına gəldi ki, axı arvadı Əntiqə demişdi - dünyanın sonu catmaq üzrədi!

- Axı, mən bilən, dünyanın sonu.., yəni axır-məhşər gələndə Sur tütəyini İsrafil çalacaqdı.

- Bəli, çalacaqdı, ancaq çalmır. Daha doğrusu , bizdə çalmır.

- Elə niyə?

- A kişi, məni niyə sorğu-suala tutmusan? Mən nə bilim? Eşit­diyimə görə, Sur tütəyi Avropada çalınacaq və onun səsi bu­ra­lara çatmaya da bilər. Ona görə də tapşırıq var ki, bir aylıq maaş­dan keçib özümüzə zurna alaq və özümüz də çalaq.

Doğrusu, məsələnin bu cəhəti bir az onun xoşuna da gəldi. “Əşi, dünya binnət olannan onun-bunun çaldığına oynamışıq. Ba­rı, heç olmasa axır-məhşər günü zurnanı özümüz çalaq”- deyə, ani olaraq fikrindən keçirdi. İstər-istəməz dilindən bir sual da qopdu:

- Bəs dünyanın axırınacan necə yaşayaq?

- Ə, qəribə adamsan, vallah! Camaat necə, sən də elə. Onsuz da həyat sabahlıqdı. Sabahlıq çörəyin yoxdusa, al bunu götür, - deyib, kassir Şükür iri bir təndir çörəyini ona uzatdı. Əlifağa tən­dir çörəyini əlindəki torbaya qoyub kassadan yenicə aralan­mış­dı ki, qəflətən arxadan qulağına elə bir zurna səsi gəldi ki, dik atıldı.

Metro vaqonunun fit səsi onu yuxudan ayıltmışdı. Repro­duk­tordan səs gəlirdi:

- ... sonuncudur. Xahiş edirik vaqonları tərk edəsiz.

Cəld sıçrayıb vaqondan bayıra atıldı. Metronun girəcəyində aldığı təndir çörəyini sol əlinə keçirib, sağ əlini qoltuq cibinə apardı.

Pul yox idi...

Sur tütəyinin səsi isə hələ də qulaqlarında uğuldayırdı...




Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin