5. Gülşən
Çoxdan Validənin könlündən keçirdi ki, qızı Gülşəni Gülbaharın oğlanlarından birinə versin. Hətta zarafata salıb Gülbahara da demişdi:
Ay qız, kirvə nədi? Zəhləm bu sözdən gedir. Əməlli-başlı qohum olmaq lazımdı.
Gülbahar onun hansı simə toxunduğunu yaxşı başa düşsə də, yayındırıcı cavab vermək istəmişdi:
Validə, xətrimə dəyirsən ha. Səndən yaxın mənim kimim var?
Validə hədəfin yayınmasına imkan yeri qoymamışdı:
A..az, belə ora-bura burcutma ey, göyə də çıxsan qızımı oğluna verəcəm! –deyərək bərkdən gülüb Gülbaharı qucaqlamışdı. O zaman hələ Gülşənin on bir yaşı vardı və Gülbaharın da əri sağ idi.
Əflatunun ölümündən sonra belə zarafatlar yaddan çıxmışdı.
Son günlər, xüsusən bu oğru tutmaq və gürzə söhbəti yayıldıqdan sonra Validənin də kirvə uşaqlarına marağı artmışdı. Artıq onlar ad-san çıxarmış, kənddə sayılıb-seçilən oğullara çevrilmişdilər. Bütün bunları və eyni zamanda qızı Gülşənin yetkinlik yaşına çatdığını nəzərə alsaq, Validə əslində düzgün fikirləşirdi. Gözünün qabağında öz halal zəhməti ilə böyümüş və yeri gəlsə kəndin bu yaşda cavanlarının üçünə-dördünə cavab verə bilən Çingizi qoyub, özünə başqa kürəkən axtarmaq səfehlik olardı.
Validə yaxşı bilirdi ki, indiki cavanlara təsir və təzyiq göstərmək faydasızdı, onlar öz bildiklərini babalarına da verməzlər. Ona görə də ehtiyatlı tərpənir, Çingiz onlara gələndə müxtəlif bəhanələrlə qızla oğlanı tək buraxırdı ki, bəlkə ağıllarına istək, məhəbbət söhbəti gələ. Ancaq bu söhbət qızla oğlanın arasında nə ağıla, nə də ağıza gəlmirdi ki gəlmirdi. Hətta bir neçə gün əvvəl arvad Çingizə bu barədə eyham da vurmuşdu. Axşamtərəfi Çingiz onlara gələndə Validə demişdi:
Oğlum, bura sənin öz evindi, utanıb çəkinmə, çirkli köynəklərini gətir Gülşən yusun. Elə qardaşınınkını da gətir.
Sağ olun, xala. Ehtiyac yoxdu. Özümüz öhdəsindən gəlirik, - deyə, Çingiz cavab vermişdi.
Arvad sözü bir qədər mətləbə yaxınlaşdırmaq məqsədi ilə:
Bala, Gülbahara ta indi gəlin lazımdı ey, gəlin. Özü qocalır, evin də qarğaşası artır. Siz də ki heç tərpənmək istəmirsiniz. - deyib, zarafatyana oğlanı qınamışdı.
Çingiz deyəsən eyhamı başa düşməmiş, zarafata zarafatla cavab vermişdi:
Gülbahar hara qocalır. Kişi tapsam onun özünü ərə verərəm. O ki qaldı bizə, özümüz elə qız kimi bir şeyik, hələ belə söhbətləri yada salmağa vaxtımız yoxdu. Bu tərəfdən də başımızın üstünü müharibə alır. Belə vaxtda kimdi o barədə düşünən. Bir də gördün hamımızı yığıb basdılar Qarabağa, müharibəyə.
Arvad qeyri-ixtiyari qulağını çəkib:
Allah eləməsin , bala, - demişdi, - hökumət var, haq var, divan var. Ermənilərin də sözünü kəsən tapılar.
Hökumət dağılır, ay xala, ermənlərə dil verən elə Moskva hökumətinin özüdü, yoxsa onlarda cürət hardaydı.
Bununla da söhbət bitmişdi.
Çingiz, ümumiyyətlə, azdanışan idi. Tanıyanlar deyirdilər ki, rəhmətlik atası da belə imiş. Bəzən saatlarla söhbətə qulaq asar, amma ortada “hə”, “hı” kəlməsindən başqa ağzını açıb bir cümlə də danışmazmış. Düzdü, oğlu Çingiz o qədər də lal-dinməz deyildi, ancaq nəzərə çarpacaq dərəcədə az danışırdı. Adətən azdanışan adamlar digərlərinə nisbətən xeyli səbirli olurlar. Çingiz isə belə deyildi. Onda haqsızlığa qarşı çılğın bir dözümsüzlük vardı və bunun da hesabına tez-tez dava-dalaşa düşərdi. Onun tay-tuşları ilə yumruq davasına çıxmağının bir səbəbi də elə qaradinməzliyində idi. Çünki, elə məsələlər vardı ki, söhbət, söz onu yoluna qoya bilərdi. Hələ məktəb illərində Çingiz öz yaşıdları arasında qolunun qüvvəsi ilə seçilirdi. Onun ədalətsizliyi və yalançılığı görən gözü yox idi. Bəzən öz-özünə fikirləşirdi ki, əlində hakimiyyət olsaydı yalançı, ikiüzlü, oğru və rüşvətxor adamların kökünü kəsərdi. Oğru Bəşiri Nazər yox, o tutsaydı, çətin ki, Bəşir səhərə salamat çıxaydı.
Validənin qızı Gülşən də ilk baxışdan soyuqqanlılığı ilə nəzərə çarpan qız idi. Bəzən adama elə gəlirdi ki, bu qızın yanında toyla vayın o qədər də fərqi yoxdu. Sanki sevgi, məhəbbət hissləri bu qızdan yan keçmişdi və bu məsələdə hələ o, necə deyərlər, divarın o üzündə idi. Üstəlik Gülşən o qədər də gözəl qız deyildi. Qarabəniz, orta boylu, baxışlarından biganəliyi asanlıqla görünən orta gözəllikdə yeniyetmə idi. Bu biçimdə qızlardan dilli-dilavər, gülərüz olanlarına suyuşirin deyirlər. Ancaq bu sözü Gülşən haqqında demək olmazdı.
Həyatı görüb-götürmüş, təcrübəli və həssas bir qadın olan Validənin qızından yana indidən narahat olması, əlbəttə, əsassız deyildi və yuxarıda yazılanları da nəzərə alsaq başadüşülən idi. İndi zəmanə otuz il bundan əvvəlki deyildi. Heç kəs heç kəsin qapısına ortada istək olmadan, elə-belə, özyanından durub qohum olmaq xatirinə elçi gəlmirdi. Qızının təhər-tövründən Validə başa düşürdü ki, onu iki-üç ilə ərə verməsə, sonra böyük çətinlik yarana bilər.
Bir dəfə Validə Gülşəni məzəmmətləmişdi:
Bala, o Çingiz buralara gələndə qaş-qabağını elə tökürsən ki, elə bil sənə bir zərəri dəyir. Ayıbdı axı. Yazıq oğlanın sənə nə pisliyi keçib?
Ay arvad, - qız çəmkirmişdi, - əvvəla, o kimdi ki, mənə də pisliyi keçə? İkincisi də, mənim xasiyyətim belədi. Kimi yüyürüb darvazada qarşılayıram?
Qızım, söhbət yüyürüb qarşılamaqdan getmir. Acılıq qız uşağı üçün pis xasiyyətdi. Adamda bir xoş üz olar.
Allah necə yaradıb, heyləyəm. Qəfildən şirinnəşmiyəcəm ki.
Yazıq sənin qaynananın gününə. Bu xasiyyətnən sən gərək lıvırt yetimə gedəsən. - deyə, arvad alaçığın cecim qapalağını hirslə yuxarı atıb bayıra çıxmışdı.
O gündın bəri Gülşən Çingiz, Nazər, ya başqa birisi gələndə o qədər qaş-qabaq tökməsə də, gülərüzlüyə doğru da istənilən qədər dəyişməmişdi. Dəyişiklik ondan ibarət idi ki, verilən salamı alırdı, yeri gəlsə çay töküb gətirirdi, vəssalam.
İndi qaynı qızının (ozü də Gülşəndən bir yaş kiçik) ikicə günün içində yad oğlanla “cükküldəşməsini” görüb acığı tutsa da, özünü bilməməzliyə qoyurdu. Əvvəla, bunu bildirməyə o qədər də əsas yox idi. İkincisi də, fikirləşirdi ki, lap yaxşı olur, qoy mənim bu kütbeyin qızım barı heç olmasa özündən balacadan öyrənsin ki, dünyada nə var, nə yox.
Dostları ilə paylaş: |