8. Çingiz
1991-ci ilin sonu və 92-ci ilin əvvəllərində respublikada siyasi vəziyyət xeyli kəskinləşdi. Ölkədə hərc-mərclik, hakimiyyətsizlik baş alıb gedirdi. Köhnə sovet rejimi dağılıb gedir, əvəzində isə yeni bir qüvvətli hakimiyyət yarana bilmirdi. Çoxlu sayda partiyalar, hakimiyyəti ələ keçirməyə can atan qüvvələr peyda olmuşdu ki, bunların hələ kimə və nəyə xidmət etdiyini təyin etmək çətin idi.
Belə bir şəraitdə Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağda dalbadal kəndlərə hücum edir, yandırır, yerli azərbaycanlı əhalini öz doğma yurdlarından qovurdular. Artıq Ermənistanda yaşayan bütün azərbaycanlılar tamamilə qovulmuşdular. Ölkədə çoxlu sayda qaçqınlar əmələ gəlmişdi.
Pul getdikcə qiymətdən düşür, bazarlarda şiddətli bahalıq hökm sürürdü. Yaşayış amansız dərəcədə çətinləşmişdi.
Xalq erməni qəsbkarlarına qarşı mübarizəyə qalxmışdı. Rayonlarda könüllülərdən ibarət müdafiə batalyonları yaranırdı. Bu başıpozuq dəstələr birtəhər əllərinə silah keçirib düşmənlə müharibə aparırdılar. Könüllü batalyonlar Xalq Cəbhəsinin çağırışı və təşəbbüsü ilə yaransa da, onların vahid hərbi rəhbərliyi demək olar ki, yox dərəcəsində idi. Buna görə də Dağlıq Qarabağda müharibə partizan əməliyyatları səviyyəsində gedirdi.
Dekabr ayının ortalarında bir gün Çingiz çiynində avtomat döyüş silahı evə gəldi. Gülbahar:
Bala, bu nədi? Avtomatı hardan almısan?- deyə, həyəcanla soruşdu.
Müharibəyə gedirik. Könüllü batalyona. - Çingiz silahı məhəccərə söykədi.
Gülbaharın rəngi kağız kimi ağardı, arvad səndələyib məhəccərdən yapışdı:
Nə müharibə? - səsi güclə çıxdı.
Nazər qaçıb anasının qolundan tutdu:
Ə, arvadı niyə qorxuzursan? Demirsən xəstəlik tapar? - deyə, qardaşını məzəmmətlədi.
Niyə qorxur? - Çingiz toxtaq və arxayın cavab verdi. – Hamı gedir də. Ağdamın müdafiəsinə gedirik, iki gündən sonra Ağdam Xalq Cəbhəsinin qərargahında olmalıyıq.
Ertəsi gün Çingiz özü üçün iri bir əsgər çantası da tapıb gətirdi. Məlum oldu ki, Ağdam şəhərinin yaxınlığında sovet ordusunun böyük bir cəbbəxanası ələ keçirilib və neçə gündür ki, oradakı silah-sursatı daşıyıb könüllü batalyonlara paylaşdırırlar.
Beləliklə, Çingiz müharibəyə getdi.
Evin bütün qarğaşası Nazərin boynunda qalmışdı. Səhər tezdən məktəbə gedir, günorta gəlib bir az dincəldikdən sonra dərslərinə baxır, həyət-baca, odun-ocaqla məşğul olurdu. Nazər dərslərini əla oxumasa da, yaxşı oxuyurdu. İmkan dairəsində hər bir tapşırığı yerinə yetirməyə çalışırdı. Ədəbiyyat və Azərbaycan dili dərslərindən bir qədər axsamasına baxmayaraq qiymətləri dörddən aşağı düşmürdü. Riyaziyyatdan isə güclü sayılırdı. Kitabda az-az məsələ və ya misal ola bilərdi ki, Nazər onun həllində çətinlik çəksin.
Dostları ilə paylaş: |