Qoy uçur, uçsun xəyal göylərdə təyyarə tək,
Durmuşam bir nöqtədə sabitü- səyyarə tək.
Nə qədər fikirləşdisə də, bu beyti haradan oxuduğunu yadına sala bilmədi. Ancaq həmin beyti ürəyində dönə-dönə təkrarladı. Fikirləşdi ki, şairliyi bacarsaydı, bunun ardını yazıb yaxşı bir qəzəl düzəldərdi.
Səhər tezdən Nazəri yuxudan qardaşının səsi oyatdı:
Ə, dur, günortadı. İş-güc töküldü qaldı.
Nazər ayılanda gördü ki, doğrudan da yatıb qalıb. Gün xeyli qalxmışdı. Tez üstündəki nazik adyalı kənara atıb şalvarını əyninə çəkdi və çardaqdan yerə hoppandı.
Mən gedirəm. İsti düşməmiş gərək gedim qayıdım. Sən şey elə.., soğanı çıxart qurtar, buralardan da yaxşı göz-qulaq ol, bostana heyvan-zad girməsin.
Hara gedirsən ki? – Nazər soruşdu.
Ağcabədiyə. Bazara dəyib, bir -iki adamla görüşməliyəm. Soğanı, qarpızı görüm bir yerdən sata bilərəmmi.
Çingiz iş paltarını dəyişib təmiz köynək - şalvar geyindi və piyada yola düşdü. Nazər onun ardınca bərkdən:
Bərdə bazarına da dəyə bilərsən- deyib, öz təklifini də verdi.
Çingiz çevrilib əlini yellədi. Bu, o demək idi ki, “sən öz işində ol, bu, mənim işimdi.”
Nazər ürəyində bir qədər sevindi, sanki xeyli yüngülləşdi də. Çingizin xasiyyətinə yaxşı bələd idi. O, yalnız axşam şər qarışanda qayıdacaqdı. Ona qədər Nazər dünəndən bəri onu rahat buraxmayan Səbinə məsələsinə də arxayınlıqla aydınlıq gətirə bilərdi. Daha doğrusu, bu dilli-dilavər qızın cavabını layiqincə verə bilərdi.
Günortaya yaxın Nazər çiynində yaba Abbasgilin bostanına tərəf addımlayırdı. “Ay dilli toppuş, dilin uzundusa indi qabağımda dayanarsan” – bu fikir beynindən keçən kimi ardınca başqa bir fikir gəldi: “Yazıq qızı niyə hədələyirəm? Lap axmağam deyəsən, zarafatı da başa düşmürəm. Bir də ayıbdı, yad adamların yanında yad qız uşağı ilə çənə-boğaz eləmək yaxşı deyil axı. Bəlkə o, qız uşağıdı, ağlı kəsmir, mənə nə deyərlər?” Bu son düşüncə onu bir qədər məyus etdi. İçində Səbinə ilə danışığa, heç olmasa adi çənə söhbətinə can atan bir istək vardı. Nazər bu istəyin, bu hissin nədən ibarət olduğunu o qədər də dərk etmirdi və ya dərk etməyə çalışmırdı. Bircə onun fərqində idi ki, o toppuş, dilli-dilavər, alagöz qızın surəti gözünün qabağından getmir, onu qarabaqara izləyir. Bunu yaxşılığamı, yaxud pisliyəmi yozmaq hələ onun üçün çətin məsələydi. Hələ də ona qaranlıq idi ki, qızdan xoşu gəlir, yoxsa zəhləsi gedir. Daxilindəki hisslər beynindəki fikirlərlə qarışıb anlaşılmaz bir duyğuya çevrilməkdə idi. Burada acı ilə şirin, qaba ilə mülayim çulğaşıb qəribə bir qarışıqlıq yaratmışdı.
Nazər gəlib çatanda Abbas, Validə və qızlar alaçığın qabağında qurulmuş çardağın altında oturub içinə göyərti doğranmış ayran doğraması yeyirdilər. Onu görən kimi Abbas çağırdı:
Yaxın gəl, Nazər. Yaxşı gəlmisən, qarpız yeməkdən doyub, indi də keçmişik ağartıya. Sərindi, gəl bir dolça da sən iç.
Sağ olun, Abbas dayı, iştaham yoxdu,- deyib, Nazər yabanı çardağa söykədi – Yabanı dünən çatdıra bilmədim, indi qurtarıb gətirdim.
Ə, apar işlət. Məndə başqası da var. Bundan ötrü istidə niyə zəhmət çəkmisən?
Validə bir iri dolça ovduq töküb ona uzatdı:
Ayrana nə iştah, bala, su kimi şeydi, çək başına, Aclığın varsa töküm, doğrama elə.
Nazər qeyri-iradi dolçanı aldı.
Abbas yerindən qalxıb:
Siz yeyin, mən atın hörüyünü dəyişib qayıdıram- dedi və uzundimdik kepkasını başına qoyub bostana tərəf addımladı.
Bayaqdan bəri altdan-altdan Nazərə göz qoyan Səbinə qəflətən dilləndi:
Dəymədüşər oğlan, dünən sənə dediklərim zarafat idi. Xətrinə dəymişəmsə bağışla.
Nazər qulaqlarına qədər qızardı, boğazı qurudu, nitqi tutuldu. Bunu hiss edən Validə oğlana sərbəstlik vermək məqsədilə:
Bıy, çaynik qaynıyıb, dəmləməmişəm- deyərək durub aralandı.
Hə, bağışladın? Sülh? – qız yenidən dil açdı.
Nəhayət Nazərin də dilindən qıfıl götürüldü:
Əşi, mən də bağışlamasam Allah özü bağışlayar. Ta neyniyək, sülh olmuyanda müharibə eliyəsi döyülük ha.
Bax bu oldu yaxşı. Biz də öyrəndik ki, bu yovşanlı çöldə qəhrəmanlar da varmış.
Gülşən əmisi qızına gözağartması verdi ki, “bəsdi, uzatma”, ancaq qız ona məhəl qoymadı:
Qəhrəman, nə qəhrəman! Lap romanlarda təsvir olunan kimi, ləqəbiynən – “Gürzə”!
Gülşən dillənməli oldu:
A..az, bəsdi! Deyirəm sənə öhdə yoxdu də.
Səbinə davam edirdi:
Amma, öz aramızdı, heç gürzəyə-zada oxşamırsan ha, üzündən, gözündən mülayimlik yağır.
Qız bu sözləri deyəndə elə bil özü də xeyli mülayimləşdi. Nazər bu məqamda onun olduqca zərif, xoşsifət və qəşəng bir qız olduğunun fərqinə vardı.
Çardağın altına qayıdan Validə:
Oğlum, niyə oturmursan? Otursana, - deyəndə Nazərə çatdı ki, o hələ əlindəki ovduğu içməyib və tez dolçanı başına çəkdi.
Arvad qızları məzəmmətlədi:
Yenə uşağı sorğu-suala tutmusuz, amma huşunuz gətirmir ki, otur deyəsiz.
Sağ olun, xala, gedirəm. Bostan yiyəsizdi.
Nazər qayıdıb getmək istəyəndə Validə yadına saldı:
Bəs yabanı aparmırsan?
Yox, xala, lazım olsa gəlib apararam.
Nazər bu cavabı özündən asılı olmadan verdi. Ancaq sonra fikirləşdi ki, belə daha yaxşıdı.
Gecə yerinə uzanıb gözlərini yumsa da, Səbinə xeyli müddət yuxuya gedə bilmədi, iki-üç dəfə o üz-bu üzə çevrildi. Axırda Gülşən yatdığı yerdən dilləndi:
Nə olub, Səbiş, yerinə birə doluşub? Niyə çevrilə-çevrilə qalmısan? Bu saat çarpayını aşıracaqsan böyrü üstə. (Qızlar açııb-yığılan brezent çarpayıda yatırdılar).
Nəysə yuxum qaçıb, – Səbinə cavab verdi və azca fasilədən sonra soruşdu:
Gülü, sən bu Nazərgilin evlərində olmusan?
Lap balaca vaxtı anamla getdiyim yadıma düşür. Nədi ki, a..az, yoxsa...
Səbinə ona sözünün dalını gətirməyə imkan vermədi:
Gülşən də sözünün dalını ayrı cür tamamladı:
Deyirəm, bəlkə gündüz o qədər gürzə-gürzə dedin ki, indi yuxuna ilan- çayan girir?
Səbinə:
Qələt eliyir! – dedi və adyalı başına çəkib gözlərini yumdu.
Ancaq onun yatmaq cəhdi əbəs idi. Birdən ona elə gəldi ki, son bir-iki gündə bir neçə yaş böyüyüb. İlk dəfə idi ki, o, özünün qız olduğunu qabarıq şəkildə hiss edirdi. Səbinə onunla yeniyetmə oğlan uşağı arasında nə isə qəribə bir sərhəd olduğunu sanki elə bu axşam başa düşmüşdü. Cəmi bircə il bundan əvvəl həmyaşıdı olan oğlanlarla döyüşən, vuruşan, hətta güləşməkdən belə, çəkinməyən Səbinə indi-indi (ələlxüsus bu axşam) bunun qəbahət olduğunun fərqində idi.
Bütün bunlarla bərabər, Səbinə ilk dəfə hiss edirdi ki, onda bu qarasaç, qaragöz, möhkəm bədənli oğlana qarşı qəribə bir duyğu var və o, bu duyğudan bərk qorxdu, canından üşütmə keçdi. Yarı maraq, yarı qorxu və yarı qəribə rəğbətdən ibarət olan bu duyğular bir-birini əvəz edə-edə onu sanki gicəlləndirir, fikrinin bir yerdə qərar tutmasına mane olurdu.
Elə bu anlaşılmaz, qarışıq duyğular dənizində də onu yuxu apardı...
Dostları ilə paylaş: |