MƏCLİS İFLİC VƏZİYYƏTİNDƏDİR
Naxçıvan MR Ali Məclisi iflic vəziyyətindədir. Düz 14 ay, yəni bir il iki aydır ki, Muxtar Respublikada heç bir qanun qəbul edilmir. 110 deputat boş-bekar gəzir. Nə Ali Məclisin sessiyalarını çağırtdıra bilirlər, nə də seçiciləri qarşısında hesabat verirlər. Necə deyərlər, su axıb çuxurunu tapıb. Seçicilər də bütün bunlara seyrçi mövqedən tamaşa edir. Səs verib seçdiyi millət vəkilini taleyin ümidinə buraxıb. Öz hüququnu qoruya bilməyən millət vəkili mə’lumdur ki, seçicisinin də hüqunu qoruya bilməz. Muxtar respublika sakinləri, necə deyərlər, qalıblar Allah ümidinə.
Naxçıvan şəhər xalq deputatları Məclisi də indiyədək bir və ya iki dəfə sessiya keçirib. Açıq-aydın görünür ki, istər rayon, istərsə də şəhər sovetlərinin deputatlarının heç bir fəaliyyətləri yoxdur. Onlar deputat seçildiklərinə görə maaş da almırlar. Amma Naxçıvan MR Ali Məclisinin deputatları az-çox maaş alırlar. Əmək intizamını iki-üç dəfə pozanları işdən qovurlar. Görəsən, bəs işləməyən deputatlar haqqında niyə tədbir görülmür?!
Vaxt vardı Naxçıvan MR Ali Məclisi deputatlarının fəallığı, onların qəbul etdikləri bir sıra demokratik qərarlar dillər əzbərinə çevrilmişdi. Bəs sonra nə oldu? Deputatların enerjisi tükəndi, yoxsa “demokratisi bitdi”?
Bu suallara cavab tapmaq üçün Naxçıvan MR Ali Məclisinin son illər hansı şəraitdə sessiyalar keçirdiyini nəzərdən keçirmək kifayətdir. Onda açıq-aşkar görəcəyik ki, Ali Məclisin iflic vəziyyətinə salınması planlı surətdə həyata keçirilib.
Axırıncı sessiya 1992-ci il oktyabr ayının sonlarında keçirilib. “Məşhur dövlət çevrilişi”nə həsr olunmuş fövqəladə sessiya (sessiyanın ikinci iclasında yetərsay yox idi. Bunu Ali Məclis Rəyasət Heyəti sədrinin müavini Qafar Məmmədov sədrə xatırlatsa da, sədr eşitməməzliyə vurdu. Sədr eşitməsə də, televiziya tamaşaçıları və deputatlar eşitdilər) “unudulmaqda”, “diqqətdən kənarda” qalmaqda olan Naxçıvan MR Ali Məclisi Rəyasət Heyəti sədrinin adı ətrafında hay-küy yaratmağa, ictimaiyyətin diqqətini ona cəlbə xidmət edirdi.
Bəli, fövqəladə sessiya “dövlət çevrilişi”nə siyasi qiymət verdi. Bir azdan sonra “dövlət çevrilişi”nə rəhbərlik edənlərdən biri Naxçıvan MR Daxili İşlər Nazirinə müavin təyin edildi. (15-20 gündür ki, həmin nazir müavinini həbs edib Bakıya gətiriblər).
Fövqəladə sessiyadan əvvəl də Naxçıvan MR Ali Məclisinin sessiyaları yaman seyrəlmişdi. Əvəzində partiya təsərrüfat fəalları yığıncaqlarını xatırladan “genişləndirilmiş” Rəyasət Heyətinin iclasları rövnəqlənmişdi. Sonuncu qayda-qanunu sessiya 1992-ci il sentyabr ayının 20-26-da keçirilmişdi. Bir neçə aylıq fasilədən sonra sentyabr sessiyasının keçirilməsinin də öz məqsəd və vəzifələri vardı. Burda nə qərar, nə qanun qəbul ediləcəkdi, nə də ki, ciddi bir məsələ müzakirə ediləcəkdi. Bunu demokratik fikirli millət vəkilləri aydan bilirdilər. Odur ki, günlərlə “sessiyaya gedək, ya getməyək?” məsələsini müzakirə edirdilər.
Naxçıvan MR Ali Məclisi Rəyasət Heyətinin sədrinə isə sessiyanın keçirilməsi olduqca vacib idi. Çünki verdiyi fərmanların sessiya tərəfindən təsdiqi vacib idi. Xüsusən də uzun illər Ordubad rayon, sonradan isə Naxçıvan şəhər partiya komitəsinin birinci katibi işləmiş, “gedənin dalınca danışıb, gələni mədh etməklə” ad çıxarmış Ş.Xanbabayevi Naxçıvan MR Baş naziri təsdiq etmək lazım idi. Çünki həmin fərmandan Naxçıvanda da, Bakıda da narazı olan qüvvələr çox idi.
Odur ki, Ali Məclisin təcrübəli spikeri məharətli manevr etdi. Danışıqlar yolu ilə demokratik blokdan olan deputatları sessiyaya gəlməyə razı saldı. Belə bir fikir formalaşdırdı ki, o demokratik qanun və qərarların qəbuluna, bir çox islahatlara razıdır. Lakin çoxluq təşkil edən partnomenklaturadan seçilmiş deputatlar maneçilik törədir. Bunun qarşısını da Azərbaycanda olduğu kimi Naxçıvanda da Milli Məclis yaratmaqla almaq olar.
Demokratik blokdan olan deputatların bir qismi həmin fikirlə razılaşdığına görə, bəziləri də sədrlə “təkbətək danışıqlarına” görə sessiyaya getməyə razılıq verdilər. Milli Məclis yaradılması mövzusunda məruzə də Naxçıvan MR Ali Məclisi Rəyasət Heyəti sədrinin müavini, Xalq Cəbhəsinin liderlərindən olan Asif Kələntərliyə tapşırıldı. Demokratik blokdan olan deputatlar bir bəyanat da hazırladılar ki, sessiyada oxunsun. Həmin bəyanatı oxumaq da xalq hərəkatı dövründə radikallığı ilə ad çıxarmış, Culfa rayon Xalq Deputatlar Məclisinin sədri Ramiz Tağıyevə həvalə olundu. Əvvəlcədən razılaşdırılmış sessiya öz işinə başladı. Adətən sessiyalarda fərmanların təsdiqi sonuncu məsələ olardı. Bu dəfə sədrin inadlı təzyiqindən sonra fərmanlar təsdiq edildi. Ş.Xanbabayev Naxçıvan MR Baş naziri oldu (hansı xidmətlərinə görə?. və sədr rahat nəfəs alıb gündəliyin müzakirəsini davam etdirdi. Naxçıvan MR Ali Məclis sədrinin Türkiyə Respublikasına və İran İslam Respublikasına səfər təəssüratları dinlənildikdən sonra “Milli Məclis”in təşkilinin müzakirəsinə başlandı. Deputatların bir çoxu bildirdilər ki, belə bir quruma ehtiyac yoxdur. Millət vəkillərinin suallarına cavab verməyə çətinlik çəkən məruzəçi — Naxçıvan MR Ali Məclisi Rəyasət Heyəti sədrinin müavini Asif Kələntərli bir neçə dəfə əsəbiliklə bildirdi ki, “bu məsələni sədr bilər”, “onunla məsləhətləşmişik” və s. 10—12 saat davam edən sessiyada R. Tağıyev “demblok”un bəyanatını da oxuya bilmədi.
Sanki sədr bütün bu söhbətləri eşitmirdi. Başı başqa məsələlərin həllinə qarışmışdı. Beləliklə, “Milli Məclis yaradılması” məsələsi müvəffəqiyyət qazanmadı. Necə deyərlər, demokratik blokdan olan deputatlar uduzdular. Əslində onlar həmin sessiyada yox, ondan çox-çox əvvəl uduzmuşdular. Uduzmalarına səbəb isə öz aralarında dil tapa bilməmələri idi.
1991-ci ilin sentyabrından dekabr ayına kimi birinci mərhələ (A.Mütəllibova qarşı mübarizə kampaniyasında) Naxçıvan MR Ali Məclisinin ən məhsuldar çağları idi. Nəinki iş günləri, hətta şənbə-bazar günləri də sessiyalar davam edirdi. Deputatlar gündə 12-16 saat işləyir, müzakirələr edirdilər. Birbaşa yayım mümkün olmadığından videoya köçürüb səhərisi gün Naxçıvan televiziyası ilə transilasiya edilirdi.
İkinci mərhələdə (1992-ci ilin yanvar-aprel ayları) hansısa mahir bir əl “demblok”un arasına ziddiyyət toxumu səpdi. Neçə ilin mübarizə yoldaşları rəqibə çevrildilər. Sözləri, söhbətləri, fikirləri düz gəlmədi. Parçalanma dərinləşdi. Belə parçalanma kommunist nomenklaturasından seçilmiş deputatlar arasında da baş verdi. Əgər əvvəllər 70 nəfərlik “komblok” adlandırılan qrupla 40 nəfərlik “demblok” adlandırılan qrup üz-üzə dururdusa, indi adlı-adsız, açıq-gizli 5-6 qrup yarandı. Bu qrupların heç birinin də sessiya çağırmağa və yaxud da hər hansı bir məsələni özlərinin istəyincə həll etməyə kifayət edəcək qədər səsləri olmadı. Beləliklə, bir-biri ilə qarşıdurmada olan qruplar arasında vasitəçi və hakimi-mütləq sədr oldu. O da sessiyaları “genişləndirilmiş rəyasət heyətinin” iclasları ilə əvəz edərək, “dədə-baba qaydasında” olduğu kimi — yəni 15-20 il əvvəlkitək idarəçiliyə başladı.
Üçüncü mərhələdə, görünür, nə sessiyaya, nə də genişləndirilmiş Rəyasət Heyətinin iclaslarına ehtiyac qalmadı. Çünki Naxçıvanı idarə etməyə ehtiyac yox idi. Azərbaycan haqqında düşünmək lazım idi. Çünki həmin fərmandan Naxçıvanda da, Bakıda da narazı olan qüvvələr çox idi.
Bütün bunları nəyə görə xatırladırıq? Çünki 1993-cü ilin iyun-avqust ayında keçirilən Azərbaycan Milli Məclisinin iclasları, televiziya ilə transilasiyadan tutmuş, çıxışların seçilməsinədək Naxçıvan MR Ali Məclisinin 1991-ci ilin sentyabr-dekabr sessiyalarını xatırladırdı. İndi deyəsən, ikinci mərhələ başlayıb. Hətta Azərbaycan Ali Sovetinin sədri də Milli Məclisin iclaslarını keçirməkdənsə iqtisadi mövzuda müşavirələr keçirməyə üstünlük verir. Daha Milli Məclisin iclaslarını birbaşa yayımlarına da ehtiyac duyulmur.
İndi həftədə bir-iki dəfə toplaşan Milli Məclisə yəqin ki, bir müddət sonra heç ehtiyac da olmayacaq. Bəs sonra...
“Müxalifət” qəzeti, 1993, 18 dekabr, №127 (278), s.1, 6.
Dostları ilə paylaş: |