Müdafiəyə çıxarılan əsas müddəalar:
1. Dildə antonimlik hadisəsi gerçəkliyin bir-biri ilə əkslik münasibətində olan predmet, əşya və hadisələrin keyfiyyət və əlamətlərini bildirdiyi üçün müxtəlif dillərdə, o cümlədən ingilis və Azərbaycan dillərində nominativ vahidlər kimi mövcuddur.
2. Azərbaycan dilçiliyində məntiqi, semantik və struktur prinsiplər əsasında fərqləndirilən müxtəlif tip antonimləri əhatə edən yalnız bir termin – “antonim” termini mövcuddur. Germanşünaslıqda həmin məqsədlə iki termindən – “antonim” və “oppozit” terminlərindən istifadə edilir. Bir sıra tədqiqatçılar onları sinonim kimi işlədir, digərləri isə onların məna tutumunu müxtəlif şəkildə müəyyənləşdirir.
3. Azərbaycan və ingilis dillərində antonimlər kifayət qədər geniş və rəngarəng tərkibə malikdir. Tərkib etibarilə müxtəliflik onları məntiqi-semantik, semantik-tematik, qrammatik-semantik, struktur və digər parametrlər üzrə təhlil etməyə və sistemləşdirməyə imkan verir.
4. Qarşılaşdırılan dillərdə antonimlər struktur tərkib etibarilə müxtəlifköklü və eyniköklü ola bilir. Müxtəlifköklü antonimlər leksik birləşmə əmələ gətirməkdə və tipik antonimik kontekstlərdə işlənməkdə ümumilik sərgiləyir.
5. Antonim münasibətlər ingilis və Azərbaycan dillərinin leksik və sözdüzəltmə sistemləri üçün ümumi və oxşar xüsusiyyətlərə malikdir.
6. İngilis dilində olan antonimlərin Azərbaycan dilində qarşılıqları və əksinə, Azərbaycan dilində olan antonimlərin ingilis dilində qarşılıqları vardır.
7. İngilis və Azərbaycan dillərində eyni antonimik münasibəti ifadə edən vasitələrin oxşar və fərqli olması halları müşahidə olunur.
Dostları ilə paylaş: |