GENDER NƏZƏRİYYƏSİ VƏ METODOLOQİYASININ ƏSASLARI Universitetlərdə "qadın tədqiqatlarının" institutlaşması
Feminist işlərin kütləviliyi, tənqidliyi və artan nəzərililiyi 80-cı illərdə qərbdə qadın-tədqiqatçıların və sosial-humanitar elmlər müəllimlərinin qadın mövzusunun öyrənilməsi ilə daha fəal maraqlanmasına gətirib çıxardı. 70-ci illərin əvvələrində amerika universitetlərində qadın tədqiqatları (women's studies)meydana gəldi ki, burada da qadınlar qadınların təcrübəsini öyrənir və onu yenidən dərk edirdilər.
Universitetlərdə işləyən feminist-qadınlar həyatın müxtəlif sahələrində bir çox yeni araşdırmalar apararaq, göstərdilər ki, praktik olaraq, həyatın bütün sahələri, bütün sosial institutlar, normalar, qaydalar, göstərişlər kişi dominantı və androsentrizmi ilə nişanlanmışdır. Hər şeydən öncə, bu kişilərin əllərində olan və onların maraqlarına xidmət edən, hakimiyyət və mülkiyyətə aiddir. Qadınlar qərarlar qəbulu və ictimai nemətlər bölgüsü sahələrindən təcrid olunmuşlar: BMT-nin məlumatına görə məcmu dünya məhsulunun üçdə ikisini yaradan qadınların payına dünya gəlirinin yalnız 10%-i düşür və onlar dünya mülkiyyətinin 1%-nə malikdirlər. Hakimiyyət özü isə, feministlərin fikrincə "kişi" cəhətləri: qəddarlıq, zorakılıq, aqressivlik ilə xarakterizə olunur. Güc kultu hakimiyyət və hökmranlığın əsası kimi patriarxat dünyagörüşündən, onun vasitəsilə də mədəniyyət və sosiumdan keçir. Güc və hakimiyyət, bizim mədəniyyətdə "kişi" cəhətləri hesab olunan aqressiya və ekspansionizm vasitəsilə daima təsdiq olunurlar. Özü də "güclü" kişi "zəif" qadın fonunda və hesabına bərqərar olur. Həm də ki, patriarxat mədəniyyətdə qadınlar zəif olmalıdır, əks halda "güclü" kişi arxetipi münkün olmazdı. Kişi gücünün zəfəri yalnız "mənim qalib olmağım üçün sən uduzmalısan" prinsipi üzrə qadın şəxsiyyətinin alçaldılması və əzilməsi yolu ilə münkündür. Lakin, bu halda feministlərin fikrincə, qalib yoxdur: hökmdar və qul həmişə bir-birindən asılıdır; qul edərək azad ola bilməzsən.
Renata Xofun yazdığına görə, "qadınların tədqiqatlarının qadınlar haqda araşdırmalardan fərqi elmi işin əsası kimi qadın təcrübəsinin daxil edilməsidir... Bu da həm arqumentləşdirmə tipini dəyişdirdi, həm də ona fərqli dərketmə marağını əlavə etdi. Qadınlar haqda ənənəvi tədqiqatlara qadın və kişilərin qeyri-bərabər ictimai mövqelərini izah etmək iqtidarında olan elmi əsaslaşdırılmış mülahizələr kimi baxılmadan əl çəkildi. Xüsusi irrasionallığı, mülayimliyi və evdarlığı qadınların ayağına yazan, "nəzəriyyələr" status quo-nu izah etməkdən çox, əsaslandırmaq məqsədi güdən kişi strategiyaları hesab olunmağa başlandı. Başqa sözlə, nəzəri və tənqidi işlərə qərq olmuş, uzun müddət ... Maarifçiliyin universal insani dəyərləri haqda düşünərək bizim mədəniyyət daxilində cinsdən asılı olan, hakim münasibətləri nəzərdən qaçıran "neytral", "cinsiz" tədqiqatçı-individuum şübhə altına alındı. İlk dəfə olaraq, aydın oldu ki, mövcud olan ictimai nəzəriyyələrdən əksəriyyəti onların universallığa olan iddiaları ilə qadınların həyat təcrübəsi ziddiyyət təşkil edirdi. ... qadınların nöqteyi nəzərindən izaha ehtiyacı olan əksər fenomenlər ümumiyyətlə tədqiq edilmirdi. İdrak nəzəriyyəsi mövqeyindən təsdiq olunmuş, "fakt" kimi qəbul edilmiş, bilik hesab olunan məvhum "daha ümumi mənzərə çərçivəsində -üstünlüklərin məhdudlaşdırılmış məhsuluna" çevrilmişdir.
Qadın tədqiqatları, sosial və humanitar elmlərin, ümumiyyətlə insanın, yəni Homo sapiens, öyrənilməsi adı altında əslində kişiləri öyrəndiyini, qadınların həyat təcrübəsi və onların dünyaya baxışı isə mədəniyyət güzgüarxasına itələnmiş olduğu yəqin olduqdan sonra yarandılar. Qadın tədqiqatları elə bu mədəniyyət güzgüarxasının öyrənilməsinə yönəlmişdir və burada ən müxtəlif üsullardan istifadə olunurdu: tövbə, qrup disskusiyası, dərin müsahibələr (üç yüz belə müsahibənin təhlili əsasında B.Fridanın "Qadınlıq mistikası" kitabı yazılmışdır), etnoqrafik tədqiqatlar materiallarının ikinci təhlili.
Buna paralel ənənəvi qərb elminin feminist tənqidi inkişaf edirdi. Bu tənqid ən əvvəl ona immanent olan androsentrizm və maskulinizmə, o cümlədən, onların sosial nəticələrinə aiddir. Elmin maskulin xarakteri bir çox hadisələrdə aşkar olur. Elmin tərifinin özü maskulin atributlardan istifadə etməklə verilir: obyektivlik, rasionallıq, ciddilik, impersonallıq, dəyər təsirindən azadlıq. Lakin, avropa elminin maskulinizmi əsasən biliklərin istehsal xüsusiyyəti ilə ifadə olunur. Ənənəvi feminist hesab olunan (intuisiya, hissiyat dərk etməsi) dərk etmə üsullarını və qeyri-kişi kimi təyin olunan təcrübə növlərindən imtina edərək, elm dünyanın dərk edilməsinin bir çox başqa üsullarından üz döndərir. Elmin androsentrizmi ənənəvi olaraq, araşdırma obyekti kişilər və maskulin olması ilə də təzahür edir. Belə ki, məsələn, biologiya, antropologiya, tibb və psixologiya uzun müddət "ümumiyyətlə insan" adı altında kişini öyrənirdilər. Digər və daha maraqlı bir misal - ənənəvi tarixi tədqiqatlar, bir qayda olaraq, "böyük" (kişi) tarixin hadisələrini - müharibələri, döyüşləri, inqlabları, dinastiyaların dəyişilməsini əhatə edir; qadınların fəaliyyət sahəsi hesab olunan, insanların gündəlik həyatı isə nadir hallarda tədqiqatçıların maraq dairəsində olur. Beləliklə, qadınlar Tarixdən "gizlədilmiş" olurlar, lakin tarixin özü də kifayyət qədər birtərəfli qalır. Hətta "elmlər iyerarxiyası" maskulin xarakter daşıyır: riyaziyyat və ya fizika kimi "ciddi" elmlər daha hörmətli və prestijli, "femin" hesab olunan ədəbiyyatşünaslıq isə az hörmətli və "samballı" sayılırlar.
70-ci illərdə sosiolgiyanın feminist tənqidinin mərkəzi müddəası qəbul edilmiş nəzəriyyələrin qadın təcrübəsinə əhəmiyyət verməmələri ilə bağlı iradlar idi ki, buna görə onlar təftiş edilməlidirlər. 70-ci illər ümumiyyətlə bütövlükdə cəmiyyət və onun institutları tərəfindən qəbul edilməyən, qadın varlığının xüsusiliyi və qiymətliliyi ilə qeyd olunmuşdur. Ənənəvi sosiologiyanın feminist tənqidçiləri göstərirdilər ki:
1. Sosiolgiyada qəbul edilmiş tədqiqatların mövzuları, bir qayda olaraq, qadın problemlərinə etinasızlıq göstərir;
2. Sosioloqlar dixotomiyaya meyllidirlər: ictimai/şəxsi, instrumental/ekspressiv;
3. Sosioloqlar ictimai rollar və əxlaq üzərində fokuslaşaraq, qadın təcrübəsi daha görümlü və əhəmiyyətli olan sahələrə laqeyd yanaşır;
4. Sosioloqlar qadın və kişilərin fərqlərindən təcrid olunuraq, "ümumiyyətlə insana" yəni kişiyə müraciət edərək, bütövlükdə cəmiyyətlə bağlı ümumiləşdirilmiş nəticələr çıxarmağa meyllidirlər;
5. Qender, əxlaqa təsir edən əhəmiyyətli amil kimi sosioloqlar tərəfindən nadir hallarda qiymətləndirilir;
6. Konvensional sosioloji üsullar yeni məlumatın əldə edilməsi imkanlarını məhdudlaşdıraraq, çox zaman yalnız müəyyən növ məlumatların yığılmasına xidmət edirlər.
Xüsusilə, respondentlər suallara öz sözləri ilə cavab vermək əvəzinə, tədqiqatçının sözləri ilə danışaraq, standartlaşdırılmış bağlı sual kitabları üzrə aparılan anket sorğular tənqidə məruz qalırlar. Bundansa insanların demək istədiyi yeniliyi eşitmək daha məhsuldar olardı. 70-ci illərdə işlənib hazırlanan, sosiologiyada feminist perspektiv, kişi təcrübəsinə və cinslər arasındakı münasibətlərə ənənəvi baxışlara əsaslanan, ənənəvi sosiologiyaya münasibətdə tənqidi idi. Lakin, sosiologiyada feminist perspektiv yeni diskurs açmış və sosioloqları cinslər arasında ənənəvi münasibətlərə yenidən baxmağa çalışmağa vadar etmişdir.
Feminizm mövqelərindən çağdaş elmin tənqidi, avropa elminin fəlsəfi, tarixi-mədəni və metodoloji tənqidi ilə həmahəngdir. Elmi biliyin dehumanizasiyası və elmin sosial-mədəni "neytrallığı" haqda tezisin saxtalığını sübut edən, feminist arqumentlər də, həmçinin elmin müasir sosioloqlarının analoji arqumentləri ilə bir çox məsələlərdə çarpazlaşır.
E.Finin fikrincə, elmin tənqidinin əsas istiqamətləri hakimiyyət haqda kardinal sual ilə əlaqəlidir. Təbiət üzərində hakimiyyət, kişinin qadın üzərində hakimiyyəti, əhalinin hakim qruplarının hakimiyyəti, bir irqin digəri üzərində hakimiyyəti - hakimiyyətin bu və ya digər formalarında nə isə ümumilik və qarşılıqlı əlaqə mövcuddur. Bu baxımdan qadınların emansipasiyası, kökü qərb mentalitetinin "obyektivizmi" və "rasionalizmindən" gələn, əsarətin və qeyri-bərabərliyin hər-hansı formasına qarşı bəşəriyyətin emansipasiya uğrunda mübarizəsinin tərkib hissəsidir.
Feministlər heç də "qadın" elmini və ya fəlsəfəsini yaratmağa hazırlaşmırlar. Söhbət elmi və nəzəri bilik sistemində feminist perspektivin işlənib hazırlanmasından gedir. Elmin feminist tənqidi, dünya haqda biliklərin istehsalı və strukturu sahəsinə, gender assimetriyasını və diskriminasiyasını təkrar törədən, hökmranlıq və itaət sisteminin daxil olmasını necə baş verdiyini göstərir. Bu isə öz növbəsində, dağıdıcı tərzdə bu biliyin məzmun, məna və tətbiqinə təsir edir.
Universitetlərdə qadın tədqiqatlarının institulaşdırılması təkcə onların keyfiyyət yüksəlməsinə gətirmədi. Feminist nəzəriyyəsinə daha sistematik münasibət göstərilməsi, onun əsas anlayışlarına metodoloji yanaşmanın daha da aydınlaşdırılması barədə təkidli tələblər araya çıxdı. Burada feminizmin əsas problemləri və anlayışları haqda çox saylı disskusiyalar, feminizmin konsepsiyalarının qarşılıqlı tənqidi və özünü tənqidi də az rol oynamadı.
Feminist nəzəriyyənin formalaşması və onun mədəniyyətə qarşı tənqidi pafosu - qanunauyğun hadisədir. "Kişi" (maskulin) dominantlığı və "qadın" (femin) sıxışdırılması və əzilməsinə əsaslanan patriarxatın ənənəvi inkişaf mexanizminin özü qadını bu mədəniyyətin tənqidçisi və deviricisinə çevirdi. 60-70-ci illərdə feminist nəzəriyyəsinin qabardılmış antikişi pafosunun səbəbi, mənim fikrimcə, gender baxımından dünyanın qiymətləndirilməsi meyllərinin ilk feminist mətnlərində nəzərə çarpamasına baxmayaraq, cins və gender kateqoriyalarının tam işlənməməsidir. Burada həm Simona de Bovuarın sözlərini "qadın doğulmur, qadın olurlar", həm də Sulamif Fayerstounun söyləmələrini "kişi və qadınlar üçün müxtəlif reallıqlar mövcuddur" və ya onun daha məhşur fikrini "əgər təbiət qadını kişidən fərqli edibsə, cəmiyyət onu insandan fərqli edib" misal çəkmək olar. Bu gün kişi və qadın təcrübəsinin fərqlənməsi və bu fərqlərin mühüm nəticələrə malik olması haqda fikirlər, xüsusilə də idrak nəzəriyyəsində, akademik feminizmdə demək olar ki, ortodoksiyaya çevrilmişdir. Alis Jardin yazırdı: "feminizm bütün fərqlərinə baxmayaraq, nəhayətdə qadın həqiqəti, təcrübəsi və reallığı həmişə kişilərinkindən, onların məhsulları və artefaktlarının patriarxat mədəniyyətdə müxtəlif cür qiymətləndirildiyi və leqitimləşdirildiyi kimi fərqlənir, anlayışına əsaslanır".
Qadın tədqiqatlarının inkişafında, patriarxatın və səciyyəvi qadın təcrübəsinin təhlilindən gender sisteminin təhlilinə keçidlə əlaqədar yeni mərhələsi XX əsrin 80-ci illərində başlanır. Qadın tədqiqatları tədricən artaraq, gender tədqiqatlarına çevrilir və cəmiyyətin, mədəniyyətin və insanların qarşılıqlı münasibətlərinin bütün aspektlərində gender tərkibinin olmasını nəzərə alan yanaşmalar ön plana çəkilir. Aksentlərin tədrici sürüşməsi müşahidə olunur: qadın amilinin təhlili və kişi dominantlığının konstatasiyasından - bütün sosial proseslərdə genderin necə iştirak etməsi, qurulması və təkrar istehsalı və bunun qadın və kişilərə necə təsir etməsinin təhlilinə doğru.