Fəlsəfənin mahiyyəti, problemlərinin dairəsi və cəmiyyətdəki rolu



Yüklə 78,26 Kb.
səhifə20/24
tarix18.11.2022
ölçüsü78,26 Kb.
#119643
1   ...   16   17   18   19   20   21   22   23   24
Fəlsəfə imtahan sualı cavabları

Milet məktəbi. Heraklit. Milet məktəbi müasir Türkiyə ərazisində yerləşən yunan kaloniyası İoniyada yaranıb. Bu məktəbin üç böyük nümayəndəsi olub: Fales, Anaksimandr və Anaksimen. Fales (təq. m.ö.624-547) Milet məktəbinin banisi və yunanların ilk filosofu hesab olunur. Varlı ailədə doğulmuş, ticarətlə məşğul olarkən dövrün inkişaf etmiş sivilizasiya mərkəzlərinə, o cümlədən Misir, Babilistanvə Finikiyaya səfərlər etmiş, müxtəlif sahələrə aid elmi biliklərə yiyələnmişdir. 
Fales təlimini ilk baxışda bir az qəribə və bir az da sadəlövh görünən belə bir mühakiməyə gətirmək olar: hər şey sudur (və yaxud, hər şey sudan yaranıb). Lakin Falesin fəlsəfi təlimindən miras qaldığı heç bir şübhə doğurmayan bu mühakiməyə filosof və fəlsəfə tarixçiləri ciddi diqqət yetirmişlər. Belə mühakiməyə gəlmək Falesdən köhnə mifoloji dünyagörüşü ilə dövrün yaşanan sosial inqilabının tələblərinə cavab verəcək yeni elmi təfəkkürün sintezini tələb edirdi.
Falesin ikinci əsas fəlsəfi müddəası belə səslənir: “dünya canlıdır və Allahlarla doludur”. Burada həyat və hərəkətin mənbəyi qismində can haqqında qədim təsəvvürlər əksini tapır. Daş(maqnit) cəzb etdiyi dəmir parçasını hərəkətə gətirir və yaxud özü ona doğru hərəkət edir, deməli daş özü-özünü hərəkətə gətirirsə cana malik olmalıdır. Çünki, can –canlılara məxsus olan hərəkətliyin mənbəyidir. Müddəanın ikinci hissəsi ilə bağlı bunları söyləmək olar: o dövrdə geniş yayılmış təsəvvürlərə can hər şeyə qarışıb; ola bilər ki, buradan çıxış edən Fales hesab edib ki, hər şey Allahlarla doludur. Oxşar fikirlərə əsaslanaraq Falesin təlimini bəzən hilozoizm kimi xarakterizə edirlər. 
Falesin astronomiya və həndəsə sahəsində də kəşfləri olmuşdur. Verilən məlumatlara görə ili 365 günə bölmüş, kölgənin uzunluğuna görə piramidaların hündürlüyünü ölçmüş, bir sıra həndəsi teoremləri (məs. bərabəryanlı üçbucağın oturacağına bitişik bucaqların bərabərliyi) isbat etmiş, m.ö. 28 may 585-ci ildə günəş tutulmasını öncədən söyləmiş, Yerin disk şəklində olub su üzərində sükunətdə qaldığını iddia etmişdir. 
Fəlsəfə tarixində Falesin əsas xidməti, elmdən dünyagörüşü nəticələri çıxararaq mifoloji dünyagörüşü zamanın ruhuna cavab verən fəlsəfəyə çevirməsidir.
Milet məktəbinin ikinci böyük filosofu Anaksimandr(təq. m.ö. 610-546) Falesin dostu və şagirdi olmuşdur. Həyatı haqqında çox az məlumat qalıb. “Təbiət haqqında”, “Yerin təsviri”, “Tərpənməz ulduzlar haqqında”, “Sfera” adlı əsərlər yazmış, lakin onlar dövrümüzə gəlib çatmamışdır. İlk dəfə olaraq fəlsəfi əsəri nəsrlə yazmışdır. 
Anaksimandr mürəkkəb naturfəlsəfi sistem yaratmışdır. Bu sistemdə Falesin toxunduğu bir çox problemlər konkret təcəssümünü tapmış, fəlsəfi dünyagörüşü və mücərrəd təfəkkürün inkişafında irəliyə doğru böyük addım atılmışdır. Dünyanı bütöv və vəhdətdə nəzərdən keçirən Anaksimandr bütün mövcudluğun əsası və ilkbaşlanğıcı olaraq konkret fiziki substansiyanı deyil, qeyri –müəyyən və ilk baxışda mücərrəd “hüdudsuzu” –“apeyron”u götürmüşdür.
Antik dövrdə su, od, hava və torpaq kimi ünsürlərin bir –birinə çevrilməsi haqqında təsəvvürlərə əsaslanmaqla Anaksimandr fərz edə bilərdi ki, çevrilmə prosesində dörd ünsürün hamısı üçün ortaq və onlara eyni dərəcədə xas olan nəsə ümumi var. Çevrilmələri də məhz bu ünsür mümkün edir. İlkmaddənin apeyron olaraq (yəni, hüdudsuz) qəbul edlməsi ilk növbədə onun keyfiyyət qeyri –müəyyənliyini, onda hansısa xassə və strukturun olmamasını göstərir. Lakin, apeyron eyni zamanda kəmiyyətcə hüdudsuzdur, sonsuzdur. Simplitsiyə görə, apeyronun kəmiyyətcə sonsuzluğu yaranma prosesinin əsasında duran ilkbaşlanğıcın tükənməməsi ilə əlaqədardır.
Anaksimandr külək, yağış, ildırım və göy gurultusu kimi meteoroloji hadisələrin səbəblərini aşkarlamağa çalışmış, Lakedemonda baş vermiş zəlzələni öncədən söyləmişdir.
Milet üçlüyünün sonuncusu Anaksimen (m.ö.585 -528) Anaksimandrın şagirdi və dostu olub. Həyatı haqqında məlumat yox dərəcəsindədir. Anaksimen də sələflərinin ardınca ilkbaşlanğıc probleminin həllinə çalışmışdır. Lakin o, nə suyu, nə də ki, apeyronu qəbul etməmiş, ilkbaşlanğıc olaraq havanı götürmüşdür. Aristotel yazır ki: “Anaksimen ...havanın sudan əvvəl olduğunu təlim edir və onu sadə cisimlərin bütün digər başlanğıclarından üstün edir”. Simplitsi isə Teofrasta əsaslanaraq məlumat verir ki: “...Anaksimenə görə hər şeyin əsasında dayanan vahid və hüdüdsuzdur, lakin buna rəğmən onu qeyri –müəyyən yox, müəyyənlik kimi qəbul edir, onu hava adlandırır. O (yəni hava) əsasında dayandığı şeylərə uyğun olaraq seyrəkləşmə və sıxlaşma dərəcəsinə görə müxtəlif olur. Yəni o, seyrəkləşərək od olur; qatılaşaraq külək, sonra bulud olur, daha artıq qatılaşaraq suya, sonra torpağa, daşa çevrilir”. Havaya ilkbaşlanğıc “statusu” verilməsi, Anaksimenin həyatın mənbəyi olan nəfəsin müşahidəsi nəticəsində də törəyə bilərdi. Belə ki, onun canla hava arasında analogiya aparması da məlumdur. Bu Anaksimenin dövrümüzə gəlib çatmış və ona məxsusluğu şübhə doğurmayan yeganə fraqmentində də əksini tapır: “Hava olan canımızın bizi saxladığına bənzər olaraq, nəfəs və hava da bütün dünyanı əhatə edir”. 
Anaksimenin təlimi yunan elmi –nəzəri təfəkkürünün sonrakı inkişafında əhəmiyyətli rol oynamış, onun ideyaları Pifaqor, Anaksaqor, Apolloniyalı Diogen və atomistlərə birbaşa təsir göstərmişdir. Anaksimenin fəlsəfə tarixində əsas xidməti odur ki, O, yaranma prosesinin keyfiyyət aspektini izah edərək, prosesı kəmiyyət dəyişmələrinə müncər etmişdir. Onun konsepsiyasından belə məlum olur ki, kainatın müxtəlif hissələri heç də fərqli şeylərdən əmələ gəlməmiş və bir –birindən yalnız özündə ilkbaşlanğıcdan, yəni, havadan az, və ya çox miqdarda saxlaması ilə fərqlənir.
İoniyanın Miletdən sonra ikinci böyük şəhəri Efes tarixdə daha çox antik dövrün ilk dialektik filosoflarından Heraklitin vətəni kimi məşhur olub. Heraklit fəlsəfəsində “loqos” əsas anlayış kimi çıxış edir. Lakin, Heraklitin loqosu necə mənalandırması, ona hansı məzmun verməsi haqqında müxtəlif rəylər var. “Loqos” anlayışı Heraklit fəlsəfəsində hər şeyin axması, şeylərin aramsız dəyişməsi haqqında ideyası ilə üzvü surətdə bağlıdır. Bütün şeylərin mütləq və aramsız dəyişməsi haqqında müddəa artıq qədim dövrlərdən heraklitizmin nüvəsi sayılırdı: əsas şüarı “hər şey axır” Heraklit axar çay obrazını fəlsəfi təliminin mərkəzinə gətirməklə göstərmək istəmişdir ki, şeylərin təbiəti hərəkətli, varlığın mahiyyəti isə aktivdir. Dünya –bir proses, şeylər axımıdır. Həyatın özü də hərəkət və aktivlikdir. Heraklit sükunət və hərəkətsizliyi “ölülərin xassəsi” kimi nəzərdən keçirir.
Heraklit fəlsəfəsinin əsas ideyalarından biri də əksliklərin mübarizəsi və vəhdəti (eyniliyi) ideyasıdır. Heraklitə görə, aləmdə hər şey əksliklərdən, qarşıdurmada olan qüvvə və təmayüllərdən ibarətdir. Əksliklərin mübarizəsi hər şeyin, bütün proseslərin mahiyyətini müəyyənləşdirir. Eyni zamanda fəaliyyətdə olan əks istiqamətli qüvvələr şeylərin daxili harmoniyasını müəyyənləşdirən “gərgin” vəziyyəti əmələ gətirirlər. Əgər əksliklərin vəhdəti, eyniliyi onların mübarizəsinin şərtidirsə, əksliklərin harmoniyası isə mübarizə nəticəsində pozulmuş vəhdətlərinin daimi bərpasını təmin edir.
Heraklit hesab edir ki, insan biliyinin mənbəyi hiss üzvlərinin fəaliyyətidir: “Mən nəyi görmək, eşitmək, tanımaq olarsa, ona üstünlük verirəm”. Lakin, o, hiss üzvlərinin də idrak prosesində yerini müəyyənləşdirməyə çalışır: “Gözlər qulaqlardan daha yaxşı şahidlərdir”. Bununla yanaşı, efesli müdrik belə hesab edir ki, hiss üzvlərinin verdiyi məlumatlar zəka süzgəcindən keçməyənə qədər onlara inanmaq lazım deyil. Yəni hiss üzvlərinin verdiyi məlumatı yalnız zəka düzgün təfsir edə bilər. Ona görə də zəkanın mənbəyi olan ruh necədirsə, hiss üzvlərinin verdiyi məlumatların dəyəri də elədir: “Barbar ruha malik insanlar üçün gözlər və qulaqlar pis şahidlərdir”.
Dövrün əsas fəlsəfi problemi –ilkbaşlanğıc problemi Heraklit fəlsəfəsində orijinal həllini tapmışdır. Fales və Anaksimen kimi o da materiya formalarından birini ilkmateriya ilə eyniləşdirir. Heraklit belə forma qismində nisbətən daha hərəkətli, dəyişkən “ünsür” və faktiki proses olan odu seçmişdir.

18. Sofizm fəlsəfəsi və Sokrat.​



Yüklə 78,26 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin