Beşinci səviyyə seans səviyyəsi adlanır. Seans səviyyəsində iki kommutasiya qurğusu (sistemi, qovşağı ) arasında birləşmə dialoq rejimində təmin edilir. Dialoq rejimi paket sellərinin rabitə kanalları ilə ötürülməsi və paylanması texnologiyası metodlarından(İP,SDH, ATM,Diff.Serv, İNTER SERV və s) qəti sürətdə asılı deyildir. Seans səviyyəsində istifadəçiyə elə texniki imkanlar təqdim edilir ki, yuxarıdakı iki səviyyə arasındakı dialoqun təşkili və paket mübadilə prosesi idarə edilir. Seans səviyyəsi üç fazadan (mərhələdən) təşkil edilir:
Birləşmələrin təşkili fazası; Birləşmələrin baş tutması fazası; Birləşmələrin sona çatması(pozulması) fazası.
Yeddi səviyyəli modeldə ayrı- ayrı səviyyələr arasında məntiqi birləşmələr yaratmaq üçün interfeyslərdən istifadə edilir. İnterfeyslər müxtəlif alt sistemlər arasında razılaşdırma proseslərini həyata keçirən texniki qurğular sistemidir. Məsələ burasındadır ki, çox səviyyəli modeldə tam sistem çərçivəsində səviyyələr alt səviyyələrə bölündüyündən, qonşu yarımsəviyyələr (alt sistemlər) arsında nəzərdə tutulan əməliyyatlara sərt sürətdə əməl etmək üçün interfeys adlanan (razılaşdırma aparatı) texniki vasitələr çoxluğu tətbiq etmək zəruruyyəti yaranır. Odur ki, iki yarımsistem və ya onların iki qovşağı arasında qarşılıqlı birləşmə əlaqələrini bərpa edən qurğuların və proseduraların çoxluğu interfeys adlanır. Protokoldan fərqli olaraq interfeyslər mexaniki, elektriki, funksional, əməliyyat və məntiqi razılaşdırma proseslərini aparmaq üçün nəzərdə tutulur. Bu əməliyyatları bir- bir nəzərdən keçirək; Mexaniki razılaşdırma. Bu proses naqillərin sayı, birləşdirici-qoşucu elementlərin forması və tutumu ilə müəyyən edilir; Elektriki razılaşdırma. Bu prosesdə elektriki siqnalların forması, elektriki parametrlər və digər elektriki xarakteristikalar təmin edilir. Funksional razılaşdırma. Bu prosesdə yaxın alt sistemlər arasında birləşmə yaradan elektriki siqnalların funksiyası aşkar edilir. Məsələn, müəyyən etmək olar ki, bir sistemdən digər sistemə keçdikdə veriləcək kod sözlərinin və ya kod kombinasiyalarının simvolları (impulsları) əvvəlcədən konkret uzunluqlu bloklara bölünməlidir və ya yox; ixtiyari informasiya bloku müəyyən uzunluqlu kod sözlərindən təşkil edilmişdir və ya yox. Onda ixtiyari informasiya bloku, vəzifəsinə uyğun olaraq, bloklararası ”cavab-sorğu” mübadilə prosesini təşkil edir. Məntiqi razılaşdırma. Bu prosesdə informasiya sellərini təsvir etmək üçün istifadə edilən üsul və metodlar çoxluğu başa düşülür. Odur ki, informasiya sellərinin ötürülməsini təsvir etmək üçün, vahid format tələb edilir. Prosedur(əməliyyat) razılaşdırma. Bu prosesdə informasiya sellərinin verilişinin idarə edilməsi, bircins olan və bircins olmayan informasiya sellərinin emalı üçün istifadə edilən formatların strukturunun olması nəzərdə tutulur