Ekologiya haqqında anlayış, ekologiyanın əsas tədqiqat obyekti, məqsəd və vəzifələri. Ekologiya yunan sözüdür (oykos – ev, daxma, logiya – elm deməkdir). Lakin yunan sözü olsa da onu ilk dəfə alman bioloqu 1869-cu ildə Ernest Hekgel işlətmişdir. Ekologiya canlı orqanizmlər arasında və onların olduğu mühitlə qarşılıqlı əlaqə haqqında sintetik bioloji elmdir. Ekologiya fənni təbiət elmlərini özündə birləşdirdiyi üçün inteqrativ fənn hesab edilir. Yəni ekologiya təbiət elmlərinin hər hansı hissələrinin və mövcud elmi informasiyaların bir ideya ətrafında üzvi şəkildə vəhdətindən, qarşılıqlı, qırılmaz əlaqə münasibətindən yaranmışdır. Müasir anlayışda “ekologiya”orqanizmlər və ya orqanizmlər qrupu ilə onları əhatə edən mühit arasında münasibətlərdən bəhs edən elmdir. Başqa sözlə, ”ekologiya canlı orqanizmlərin mövcudluq şərtlərini və orqanizmlərlə onların məskunlaşdığı mühitin qarşılıqlı təsirlərini öyrənən elmdir”. Orqanizmlərlə mühit arasındakı əlaqələrin məcmusu və ya sturukturu ekologiyanın predmetini təşkil edir. Təbiətin necə qurulmasını,hansı qanunlar əsasında mövcudluğunu,insan təsirinə hansı reaksiyanı verməsini,ekoloji sistemləri məhv etməyən yüklənmənin həddini və s. bilmədən təbiəti qorumaq və ondan insanın maraqları naminə istifadə etmək mümkün deyil. Bütün bunlar isə ekologiyanın obyektini təşkil edir. Ekologiyada əsas tədqiqat obyekti ekosistemlərdir (canlı orqanizmlərlə məskunlaşma mühitinin yaratdigı vahid təbiət kompleksləri). Ekologiya insan fəaliyyəti nəticəsində baş verən dəyişikliklər də nəzərə alınmaqla canlı orqanizmlərin məskunlaşdıqları mühitdə həyat fəaliyyətinin qanuna uyğunluqlarını tədqiq edir. Bütün bunlardan başqa, ayrı-ayrı orqanizm növlərinin (orqanizm səviyyəsi) onların populyasiyalarının, yəni eyni növdən olan fərdlər toplusunun (populyasiya-növ səviyyəsi) və bütövlükdə biosferin (biosfer səviyyəsi) öyrənilməsi də ekologiyanın tədqiqat sferasına daxildir. Ekologiyanın əsas predmeti daxilində enerji və üzvi maddələrin transformasiya prosesi gedən və bir-biri ilə qarşılıqlı əlaqədə olan canlı orqanizmlərin məcmusunu öyrənməkdir.
Ekologiyanın vəzifələrini aşağıdakı kimi formalaşdırmaq olar:
təbii sistemlərə və bütövlükdə biosferə göstərilən antropogen təsirlər də nəzərə alınmaqla həyatın təşkilinin ümumi qanunauyğunluqlarının tədqiqi;
bioloji resursların səmərəli istismarının elmi əsaslarının yaradılması;
insan fəaliyyəti nəticəsində təbiətin dəyişməsinin proqnozlaşdırılması;
biosferdə baş verən proseslərin idarə olunması və insanın məskunlaşdığı mühitin qorunub saxlanması;
populyasiyaların miqdarının nizamlanması;
zərərverici növlərlə mübarizədə kimyəvi vasitələrdən minimum istifadəni təmin edən tədbirlər sisteminin hazırlanması;
landşaftın bu və ya digər komponentləeinin və elementlərinin xassələrinin qiymətləndirilməsi;
Elmi-təcrübi nöqteyi-nəzərdən ekologiyanı nəzəri və tətbiqi ekologiyaya bölmək olar. Nəzəri ekologiya həyatın təşkilinin ümumi qanunauyğunluqlarını tədqiq edərək “açır”. Tətbiqi ekologiya biosferin insan tərəfindən “dağıdılmasını”, bu proseslərin qarşısının alınmasın yollarını tədqiq edir və təbii ehtiyatların səmərəli istifadəsinin 15 prinsiplərini işləyib hazırlayır. Tətbiqi ekologiyanın elmi əsasını ümumekoloji qanunlar, qaydalar və prinsiplər sistemi təşkil edir. Nəzəri ekologiyanın vəzifələrinə aşağıdakıları aid etmək olar:
ekoloji sistemlərin dayanıqlığının ümumi nəzəriyyəsinin işlənib hazırlanması;
ekosistemlərin vəziyyətinin və qlobal biosfer proseslərinin modelləşdirilməsi.
Tətbiqi ekologiyanın həll etməli olduğu vəzifələri isə aşağıdakı kimi ifadə etmək olar:
insan fəaliyyətinin təsiri altında ətraf təbii mühitdə baş verə biləcək mümkün mənfi nəticələri proqnozlaşdırmaq və qiymətləndirmək;
ətraf təbii mühitin keyfiyyətinin yaxşılaşdırılması;
təbii ehtiyatların saxlanması.təkrar istehsalı və səmərəli istifadəsi;
dayanıqlı ekoloji təhlükəsiz inkişafı təmin etmək üçün mühəndis, iqtisadi, təşkilati hüquqi, sosial və digər qərarların optimallaşdırılması.
Ayrı-ayrı fərdlər, populyasiyalar, növlər, qruplaşmalar və onların ətraf mühitlə qarşılıqlı əlaqəsi də ekoloji tədqiqat obyekti hesab olunur, lakin müstəqil bir elm kimi ekologiya spesifik deyildir, belə ki, onlarla digər bioloji elmlər (botanika, zoologiya, sistematika, genetika, biocoğrafiya və b.) məşğul olur. Alman bioloqu – təkamülçü Ernest Hekkel (1834-1919) ilk dəfə olaraq ekologiya elmini biologiyanın müstəqil və mühüm sahəsi kimi ayıraraq ona ekologiya adını verdi. Özünün «Orqanizmlərin ümumi morfologiyası» kapital əsərində o yazırdı: Ekologiya dedikdə biz təbiətin iqtisadiyyatına aid olan biliklərin cəmi kimi başa düşürük: ekologiya heyvanların onu əhatə edən mühitlə (həm üzvi, həm də qeyri-üzvi) qarşılıqlı əlaqələrinin bütün məcmusunu, hər şeydən əvvəl təmasda olduğu heyvan və bitkilərlə bilavasitə dostluq və ya düşmənçilik əlaqələrini öyrənir. Müstəqil bir elm kimi ekologiya 1920-ci illərin əvvəlində formalaşdı.