Ekosistemin inkişafı və dinamikası. Hər bir ekosistem xarici mühitin dəyişməsinə uyğunlaşmaq üçün daima dinamiki vəziyyətdə olur. Bu dinamiki vəziyyət ekosistemin ayrı-ayrı bölmələrinə və yaxud bütünlükdə sistemin özünə aid edilə bilər. Bu zaman dinamika ekosistemə təsir edərək onun dəyişməsinə və ya yenisinin yaranmasına təsir edən faktorlara uyğunlaşma ilə əlaqədar ola bilər. Dinamikanın ən sadə növü sutkalıq dinamikadır. Bu bitki aləminin fotosintezi və suyun buxarlanmasının sutka ərzində dəyişməsi ilə əlaqədardır. Dəyişmələr mövsüm xarakterli olduqda orqanizmlər dəyişmələrə daha aktiv meyl göstərirlər. Dinamika vaxtaşırı təkrar olunduğu üçün o, dövri dinamika adlanır. Ekosistemin inkişafına təsir edən dinamika istiqamətlənmiş dinamika adlandırılır. Dövri təkrar olan dinamika, tsiklli, dəyişən və ya «fuluktuasiya» adlandırılır. İstiqamətlənmiş dinamika ekosistemin inkişaf dinamikası adlandırılır. Bu dinamika ekosistemin və ya biosenozun dəyişməsi ilə nəticələnir. Bu proses «suksessiya» adlandırılır. «Suksessiya» iki hissəyə ayrılır - ilkin və ikinci. İlkin «suksessiya», inkişafını yaşayış mövcud olmayan obyektdən başlayır. İkinci «suksessiya» isə yaşayış «sıfır» olan nöqtədən yox, ekosistemin dağılması və ya digər dəyişikliklərdən, həyat tərzinin dəyişməsindən yaranır.