Oxunun ifadəliliyinin təmin edilməsi üçün ilkin şərt mətnin məzmununun şüurlu mənimsənilməsidir. İfadəlilik isə öz növbəsinə şüurluluğu artırır.
İfadəlilik üzərində iş apararkən müəllimin şagirdlərin oxusuna eyni tələbləri verməsi düzgün olmaz. Onlardan aktiyor kimi oxumağı tələb etmək isə ağılabatan şey deyil. İfadəli oxu vərdişlərinin yaradılması müəllimdən səbirli, qətiyyətli olmağı, müntəzəm və sistemli iş aparmağı tələb edir.
3. Oxuda “nitq texnikası” anlayışı və onun əhatə sahələri
Şagirdlərin emosional, ifadəli nitqə yiyəlnmələri üçün ilk növbədə nitq texnikası üzrə iş aparılmalıdır. «Nitq texnikası» anlayışına oxu və danışıq prosesinə tənəffüs, səs və diksiya daxildir.
Düzgün tənəffüs düzdün nəfəsalma və havanı qənaətlə, bərabər ölçüdə xərcləməkdən ibarətdir. Səsin təmizliyi, düzgünlüyü, gözəlliyi və dəyişməsi (tonal çalarlığı) düzgün nəfəsalmadan asılıdır. Buna nail olmaq üçün döş qəfəsinin bütün əzələ aparatından istifadə olunur. Sözlər və ya ifadələr arasındakı qısa fasilələr zamanı hiss olunmadan ciyərlərə hava daxil olur. Dərindən nəfəs alanda, xüsusilə, ciyərlərin daha tutumlu olan aşağı hissəsi hava ilə dolur, döş qəfəsi genişlənir, oxu zamanı hava məntiqi cəhətdən bitmiş hissələrə uyğun olaraq az – az xərclənir. Bu vaxt qabırğalar və diafraqma fəal hərəkət edir. Şagird nəfəsi elə –alıb verməlidir ki, oxu prosesinə mane olmasın. Kitabın üzərinə çox əyilmə , sinəni partanın kənarına dirəmə prosesində nəfəsalma çətinləşir, oxuyan tez – tez dayanıb, dərindən nəfəs almalı olur.
Düzgün nəfəsalmanı təmin etmək üçün müxtəlif təmrinlər məsləhət görülür: 1- dən 5-ə qədər saymaqla nəfəs almaq və ciyərlərin həddən artıq dolmasına yol verməmək; xüsusi mətnləri oxuyarkən nəfəsalmanı yoxlamaq və s.