Temirbolat Biybulat oğlu Biybolatov (21.12.1879, Teymurxanşura dairəsinin Töben (Aşağı) Qazanış kəndi-20.02.1942, Qazaxıstan Respublikasının Qaraqanda şəhəri). Qumuq ədəbiyyatında süjetli poemaların yaranmasında böyük rol oynamış şairin yaradıcılığı çoxsahəlidir. Gənc yaşlarından çar Rusiyasının Dağıstan Atlı Polkunda zabit kimi xidmət etməsinə baxmayaraq inqilaba qoşulmuş, mədəni-maarif sahəsində də gücünü sınamış, qumuq teatrının formalaşmasına böyük əmək sərf etmişdir. O, böyüklər üçün həvəskar teatr truppası təşkil edib tamaşalar göstərməklə yanaşı, uşaqlar üçün “Çiçəklər”, “Qış”, “Yaz“, “Börkçü” səhnəciklərini yazdığını da müasirləri xatırlayırlar.
1922-ci ildə „Şamil“, „Qazi Molla“, „Qara günlər“, 1928-ci ildə “Dağıstanda ulu inqilab”, “Xaspolad”, “Imam Əzəm və onun oğlu Əzəmət” və b. poema, pyeslər yazan T. Biybolatov haqqında tanınmış qumuq bilgini Abdulhakim M. Hacıyev yazır: „Qumuqların ilk edebiyat ve kültür dergisi „Tan çolpan“ın, kumuk tiyatrosunun, halk oyunları ve şarkıları toplusunun kurucularından birisi olan Temirbolat Biybolatov, çalıştığı bütün sahalarda halka faydalı bir çok işe imza attı. Besteci olarak bir çox bestenin yanı sıra “Şamil”, “Tan çolpan” operalarını, şair olarak pek çok şiirin yanında “Hacı Murat”, “Stepka Razin”, “Mədəndə yarış” ve başqa manzumeleri, dramaturg olaraq “Şamil”, “Su perisi“ ve beşqa piyesleri yaratmış, çevirmen olarak V.Şekspirin, F. Şillerin, A.S.Puşkinin M.Y.Lermantovun ve başka ünlü şairlerin eserlerini kumuk türkçesine çevirmiştir” (Türkiye dışındakı..., 2002:237, 20-ci cild). Kadr çatışmadığından o çox vaxt tamaşalarda aktyorluq və rejissorluq etmişdir.
Dağıstanda teatr texnikumunun, 1930-cu ildə Qumuq Dövlət Dram Teatrının və Dağıstan Mahnı və Rəqs Ansamblının yaradılmasında onun böyük rolu olmuşdur. Tamaşalara musiqi yazan, çox vaxt ifaçı kimi də çıxış edən T.Biybolatov hətta „Iki açar“ adlı film çəkməyə də nail olmuşdur.
T.Biybolatov bolşeviklərə inanıb onların yolunda əldə silah döyüşməsinə, sosializm quruculuğunun fəallarından olmasına, əsərlərində Sovetlərin ideologiyasını müdafiə etməsinə baxmayaraq mətbuatda və toplantılarda dəfələrlə kəskin tənqid edilmişdir. Tarixi mövzuda yazdığı əsərlərdə faktlara obyektiv yanaşmağa cəhd göstərdiyinə, dağlıların qəhrəmanlıqla çar Rusiyasına qarşı vuruşduqlarını yazdığına görə I.Aurbiyev onu “Şamil, Sovet ideologiyası və T.Bulatov” adlı məqaləsində kəskin tənqid etmişdir. Bütün bunlar onu göstərirdi ki, bolşeviklərlə T.Biybolatovun yolları ayrılırdı. Odur ki, aldandığını başa düşür, onun kimi aldanmışlarla birləşərək vətənini azad görmək üçün yollar arayırdı.
Çevirmən kimi də o olduqca məhsuldar işləmişdir. V.Şekspirin „Otello“, „Romeo və Cüllyetta“ faciələrini, Lope de Veqanın „Qoyun bulağı“, N.Poqodinin „Aristotel“, A.S.Puşkinin „Daş cəngavər“, A.Korneycukun „Eskadranın məhvi“ və b. əsərləri ana dilinə çevirmişdir.
Vətəni və milləti üçün böyük işlər görən bu insan Sovet irticasının qurbanı olmuşdur. 1938-ci ildə xalq düşməni adlandırılaraq həbs edilən T.Biybolatov 1942-ci ildə Qaraqanda həbsxanasının əlillər və çolaqlar düşərgəsində ölmüşdür.
Əli Qaziyav (1879, Dağıstan, Endrey kəndi-1964). Yaradıcilığa Birinci Dünya Savaşı illərində Dağıstan Atlı Alayının tərkibində döyüşlərdə iştirak edərkən başlamışdır. Qopuz çalıb sarınlar (bayatılar) oxuya-oxuya özü də yenilərini yaratmağa başlamışdır.
Şair Sovet dövründə kəndli komitəsində, kənd sovetində işləmiş, kolxozu, sosializmi tərənnüm edən, Ikinci Dünya Savaşı illərində faşizmi tənqid və təhqir edən, söyən şeirlər yazmışdır.
Şairin “Qaziyav Əli mahnı deyir”, “Qocanın qılıncı”, “Oktyabr bəhrələri”, “Seçilmiş əsərləri” adlı kitabları nəşr olunmuş və ona Dağıstanın xalq şairi adı verilmişdir. Antologiyada T.Əliyevin tərcüməsində “Ay işığı və qırmızı işıq”, “Onun ömrü uzun olsun”, “Qarğıdalı dəni” şeirləri çap olunmuşdur (Dağıstan ədəbiyyatı antologiyası, 1959: 20-23).
Dostları ilə paylaş: |