Açar sözlər: Noqaylar, Qıpçaq-Noqay ədəbiyyatı, folklor, “Yedigey” dastanı, çağdaş ədəbiyyat
Giriş
Noqayların ədəbiyyat tarixlərini miladi V-X yüzildəki Orxon-Yenisey qəbirüstü abidələrindən, Mahmud Kaşqarlının “Divan-i lüğat it-Türk”ündən (XI yüzil), Yusif Balasaqunlunun “Kutadqu biliq”indən, Hoca Əhməd Yəsəvinin “Hikmətlər”indən (XII yüzil), Süleyman Bakırkanlinın (XII yüzil), Əhməd Yügnəkinin (XIII yüzil), Rabğuzinin (XIV yüzil) yaradıcılığından, “Nehcül feradis” kimi əsərlərdən başlama meyli təqdirəlayiqdir. Hətta bəzi araşdırıcılar bu siyahını daha da genişləndirərək Xarəzminin “Məhəbbətnamə”sini, Qütbünün “Husrevü Şirin”ini, “Kodeks kumanikus”u və b. əsərləri də noqay ədəbiyyatının nümunələri hesab edirlər (Sikаliеv А., 1994: 44).
Miladi XIV yüzildən tarix səhnəsində “noqaylar” adı ilə görünən bir xalqın V-XIV yüzillərdə ədəbi əsərlər yaratması inandırıcı görünməyə bilər. Əslində bir xalq kimi onlar vardı və bölgədə aparıcı idilər. Lakin “noqaylar” adlandırılmırdılar. Bütün türk xalqları kimi onlar da qaynaqlarda ayrı-ayrı adlarla qeyd edilirdilər. “Noqay” adının bir ulusa, elə verilməsi tarixi isə XIV yüzildən başlayır. Cəsur döyüşçü, bacarıqlı sərkərdə, uzaqgörən siyasətçi, mahir diplomat və güclü dövlət qurucusu olan Noqay xanın öz ətrafına topladığı türk tayfaları sonralar bir etnos kimi birləşərək qüdrətli dövlət qurmuş və rəhbərlərinin adını yaşatmışlar. Beləliklə, qüdrətli sərkərdə və bacarıqlı dövlət adamı olan Noqayın adı xalq, toplum adına çevrilmişdir.
Qaynaqların verdiyi bilgiyə görə, Noqayın babası Taval bəy XII yüzilin sonlarında Qıpçaq bozqırlarının Aksu-Buq çayı çevrəsində yaşayan bir peçeneq boyunun-tayfasının başçısı imiş (Noqay Sami, 1997:20). Atasından gələn bəylik haqqı ilə boyunun-tayfasının başına keçən Noqay Çingiz xanın nəvəsi Batı xanın (1236-1255) yürüşlərində iştirak etmiş, az bir zamanda cəsur döyüşçü, bacarıqlı sərkərdə kimi şöhrət qazanmışdı. Batı xanın ölümündən sonra hakimiyyətə gələn qardaşı Bərkə xan (1255-1266) qabiliyyət və bacarığını nəzərə alaraq, Noqayı ordu komandanı təyin etmişdi. Bərkə xan yeni torpaqlar əldə etmək, indiki Azərbaycan ərazilərini tutmaq üçün 1262 və 1265-ci illərdə Elxanilərlə savaşmışdı. (ASE, 1978,:148, 2-ci cild). Ordu komandanı kimi Noqay Qafqaz dağlarını keçərək Hülakü xan və varisləri üzərinə yürüşlər edir. Döyüşlərdə qazandığı qələbələr onun şöhrətini daha da artırır. Beləliklə, o dövləti Bərkə xanla bərabər hüquqla idarə etməyə başlayır. (Sаfаrqаliеv M., 1949:58). Bərkə xanın ölümündən sonra Don və Dunay çayları arasındakı bölgə Noqay xanın nəzarəti altına keçir (ASE, 1983, 7:286). Bir çox tarixçilər Noqay xanın bu qələbəsini sərkərdəlik məharəti ilə yanaşı, islam amili ilə də bağlayırlar. Belə ki, Hülakü xan həmin vaxtlar buddist idi. Noqay xan və döyüşçülərinin əksəriyyəti islamı qəbul etmişdilər. Hülakü xanın işğal altına aldığı bölgədəki müsəlman əhali və xəlifə bu döyüşdə Noqay xanın tərəfini tutur. Qaynaqların verdiyi bilgiyə görə, Noqay xan islam amilindən bacarıqla yararlanmışdı.
Belə ki, o, daim Xorasandan və Anadoludan islamiyyəti yaymaq üçün qazilər gətirdirmiş. Şeyx Səfiyəddin Ərdəbili öz müridləri ilə birlikdə Qıpçaq çölündə (Dəşti Qıpçaq) və Kirımda islam dinini yaymışdı. 1263-cü ildə Sarı Saltuk Anadoludan on iki min türkmən ailəsi ilə birlikdə gələrək Kırım və Dobrucada – yəni Noqay xanın hakim olduğu bölgədə yerləşmişdi. Noqay xan Trakyadakı bir çox Bizans şəhər və qalalarını almış, Aynos qalasında olan Səlcuq sultanı II Izzəddin Keykavusu islam dinini qəbul etdiyinə görə əsirlikdən azad etmişdi (Noqay Sami, 1997:20). Noqay xanın əmri ilə Dobrucaya gedən Sarı Saltuk orada möhkəmləndikdən sonra 1280-ci ildə Varna yaxınlığında iki Bulqar qalasını tutmuş və ömrünün sonuna qədər də Macarıstana, Balkanlara yürüşlər etməklə Altınordanın (Qizıl Orda) sərhədlərini genişləndirmiş və nüfuzunu artırmışdır. Noqay xan isə həmin yerləri istədiyi kimi idarə etməklə yetərlənmir, hətta Altınordada (Qızıl Orda) xanlar onun istəyi ilə hakimiyyətə gətirilir və taxtdan uzaqlaşdırılırdı. Buna görə də bir çox dövlətlər Altınordaya deyil, onun yanına elçilər göndərir, diplomatik əlaqələr qurmağa çalışırdılar. 1270-71-ci illərdə Məmlük sultanı Məlik Zahir (Baybars 1260-1277) Noqay xanın yanına elçi göndərmiş və ona məktubla müraciət etmişdir.
Çingiz xan soyundan olmadığına görə Altınorda taxtını ələ keçirə bilməyəcəyini anlayan Noqay xan sarayla qohumluq əlaqələrini möhkəmləndirməklə yanaşı, xarici dövlətlərlə də sıx əlaqə qurur. O, 1273-cü ildə Bizans imperatoru Mixail Paleogosun ögey qızı Efrosiya ilə evlənir. Noqay xan rus knyazlarını da onunla birlikdə Polşa-Lehistan (Polonya), Macarıstan, Bolqarıstan, Serbiya üzərinə yürüşlərdə iştiraka məcbur edir. Quzeydəki rus knyazlarına elçilər göndərərək Litva dukalığına yürüşlər təşkil edərkən ona ərazilərində lazımi şərait yaratmalarını tələb edir. 1288-1291-ci illərdə Polşaya-Lehistana yürüş edərkən rus knyazları Mstislav ilə Danileviçi də özü ilə aparmışdı. Onun siyasi gücü Bolqarıstanda hökmdarların taxta çıxmasına belə təsir göstərirdi.
Sami Noqay “Noqay türkləri” kitabında yazır: “Əsgəri səfərlərdə tümənbaşı olan bir insana bacarığı, komandanlıq qabiliyyəti, sərt dissiplini, təşkilatçılığı, güclü idarəçiliyi, hökmdar soyu ilə yaxınlığı... onu dövlətin yüksək məqamlarına çıxardı və geniş imkan qazandırdı. Bu imkan isə, digər tərəfdən, idarəsi altındakı torpaqlarda yeni boyların onun hakimiyyətini tanimasını təmin etdi. Beləcə qısa zamanda Noqay xanın çevrəsində yeni böyük bir etnik birlik (ulus, el) yarandı və inkişaf etdi”.
Belə böyük qüdrət və nüfuzu olmasına baxmayaraq, zaman öz işini görürdü. 1290-cı ildə Noqay xanın taxta oturtduğu Toxta xan yerini möhkəmləndirdikdən sonra özünə tərəfdarlar toplayıb Noqay xanın fəaliyyətini məhdudlaşdırmağa çalışır. Uzun sürən bu gizli qarşıdurma 1298-ci ildə açıq toqquşmaya çevrilir. Döyüşdə Noqay xan yenilir. Onun əsgərlərinin və tərəfdarlarının bir qismi əsir alınaraq Misirdə və başqa qul bazarlarında satılır. Döyüşlər isə ara vermir. 40 ilə yaxın Altınorda dövlətində aparıcı şəxs olmuş, beş hökmdar yola salmış, qocalmış Noqay xan 1300-cü ildəki toqquşmaların birində rus əsgəri tərəfindən öldürülür (Krekov, Ekubovskiy, 1960:84).
Dostları ilə paylaş: |