Askerbiy Söyün ulu Kireyev (1938, Qaraçay Çərkəz Muxtar Vilayəti). Noqay uşaq ədəbiyyatının inkişafında böyük xidməti olan yaradıcı ziyalılardandır. Uşaqlar üçün 20-yə yaxın kitab çap etdirən müəllifin “Küpelek” (Kəpənək), “Biyala” (Piyalə), Köqerşin” (Göyərçin), “Şenilşek” (Yellənçək), “Karliqaş” (Qaranquş), “Tulpar” və b. əsərləri uşaq poeziyasının nümunəvi əsərləri sayılır.
A.Kireyev bədii yaradıcılığında ümumtürk və onun bir qolu olan noqay folklorundan səmərəli bəhrələnmişdir. Şairin “Besik yırı” (Beşik nəğmələri-laylalar), eləcə də tapmacalar əsasında yazdığı şeirlər noqay uşaqlarının ana dilində söz ehtiyatının artmasında, nitqinin inkişafında və dünyagörüşünün formalaşmasında böyük rol oynamışdır.
Onun “Iyt, mısık em topqay”(It, pişik və qarğa), “Maymıl” (Meymun) və başqa əsərləri noqay mərasim mahnıları aytıslar üslubunda yazılmışdır. Bir çox şeirlərini isə heyvanların söhbəti formasında yazmışdır. Buna çöl dovşanı ilə ev dovşanının söhbətindən bəhs edən “Yolıqıs” (Görüş), qoyunların söhbətindən bəhs edən “Kaynadılar kazanda” (Qazanda qaynadılar) və b. əsərlərini nümunə göstərmək olar. Şairin uşaq şeirlərinin bir çoxu başqa dillərə də çevrilmişdir.
Dostları ilə paylaş: |