1.1. Azərbaycan qaynaqlarında Qaqauz kəndi
Sovetlər Birliyi dağıldıqdan sonra əsarətdə olan xalqlar azadlıq əldə etmələrindən yararlanaraq tarixlərinə, mədəniyyətlərinə dair olduqca dəyərli araşdırmalar aparmaqla yanaşı, qaynaqları da nəşr etməyə başladılar. Bu da ərəb, fars dillərini, əski əlifbanı bilməyən, arxivlərə getmək imkanı olmayan araşdırıcıların da işini asanlaşdırdı. Akademik Ziya Bünyadov və tarix elmləri namizədi Hüsaməddin Məmmədov (Qaramanlı) Istanbulda Başbakanlık arxivində saxlanan, Azərbaycan tarixinə aid qaynaqlardan bir qismini 1996-cı ildə Bakıda «Elm» nəşriyyatında kiril əlifbası ilə çap etdirdilər (Irəvan, 1996).
Bu qaynaq bir vergi dəftəridir. 16-cı yüzilin sonlarında Səfəvi və Osmanlı dövlətləri arasında doqquz il sürən savaşa son verilmiş, 1590-cı ildə anlaşma imzalanmış, Səfəvilərin quzey-batı bölgələri Osmanlı dövlətinin tərkibinə qatılmışdır. Yeni bölgədə vergi toplanmasını nizama salmaq üçün Osmanlı məmurları siyahıyaalma keçirmişlər. Bu siyahıyaalma dəftərlərindən biri «Irəvan əyalətinin müfəssəl dəftəri» adlanır. Dəftərin 210-cu səhifəsində Irəvan əyalətinin Karni nahiyəsində Qaqauz adında bir kənd olduğu göstərilir (Irəvan, 1996:171). Daha sonrakı dövrlərdə isə bu bölgə Səfəvi və Osmanlı savaşlarında əldən-ələ keçir. Osmanlılar bu bölgəni təkrar zəbt etdikdə, yəni 1728-ci ildə vergi dəftərini yeniləşdirirlər.
Bölgənin tarixini öyrənən araşdırıcı Əziz Ələkbərli yazır: “Irəvan əyalətinin müfəssəl dəftəri”ndə (1590) Karni nahiyəsinin Qaqauz kəndi, “Irəvan əyalətinin icmal dəftəri”ndə (1728) isə həmin nahiyənin Kafavus kəndi kimi qeydə alınmışdır, lakin dəftəri çapa hazırlayanlar kəndin adını düzgün oxuya bilmədiklərindən Kafavus adından sonra sual (?) işarəsi qoymuşlar. Kənddə Həsən adlı şəxsin timarından dövlətin müxtəlif vergilər şəklində ildə 3.000 ağca gəlir götürdüyü də həmin bəlgədə göstərilmişdir.
I.Şopen (1832) isə Kakavus adını Gərnibasar mahalının kəndləri siyahısında vermişdir ki, bu da onun 1826-1829-cu illərdə Rusiya-Iran, Rusiya-Osmanlı savaşları zamanı böyük dağıntılara məruz qalmasından irəli gəlirdi” (Ələkbərli Ə., 2002:449).
Əziz Ələkbərli Budaq Budaqov və Qiyasəddin Qeybullayevin Qaqauz toponimini Orta Asiya türklərinin dillərindəki “qala xarabalığı” anlamında “kaka” sözündən və yunan dilindəki “us” şəkilçisindən ibarət olması fikri ilə razılaşmır. Onun fikrincə, adın hər iki komponenti türk dilindədir. Fikrini də belə izah edir: “…burada söhbət Qaqauz (Qaqa-uz, yəni “ata uz”, “böyük uz”) türklərinin adından gedə bilər və getməlidir. Qərbi Azərbaycan ərazisində uz tayfasının adı ilə bağlı toponimlərə nə qədər tez-tez rast gəlinməsi barədə bu kitabın I cildində, Vedibasar mahalı ərazisindəki bəzi kəndlərdən (Kotuz, Küsüs, Heyranus, Hakıs və s.) danışarkən ətraflı bəhs etmişik. Bununla belə, bir daha xatırlatmaq istəyirik ki, toponimlərdəki uz komponenti bir necə anlam daşıya bilər: 1. əski türk tayfalarından olan uz tayfasının adını; 2. tərəf, yan anlamını; 3. türk dillərindəki “dərə” anlamını; 4. cəm şəkilçisi kimi.
Son olaraq xatırladırıq ki, “Irəvan əyalətinin müfəssəl dəftəri”ndə (1590) Kavis adlı kəndi, I.Şopendə (1832) isə Kavusdar (Gavuslar –Ə.Ə.) adlı monastır da qeydə alınmışdır ki, biz bütün bu toponimləri eyniköklü hesab edirik” (Ələkbərli Ə., 2002:449).
Bu bölgədən XX yüzildə türklər qovulmuş, yerində Rusiyanın yardımı ilə Ermənistan Respublikası qurulmuşdur. Indi orada Qaqauz adında kəndə rast gəlinmir. Bolqarıstanın başkəndi Sofiyada Kiril və Mefodi kitabxanasında “Dəftəri-sicili-livayi-Irəvan” adlı bir vergi dəftəri də mövcuddur. Bu bəlgəni görmədiyimiz üçün orada Qaqauz adında kəndin olub-olmadığından xəbərsizik.
Dostları ilə paylaş: |