Kuruptursın Başi ulu Orazbayev (1924, Dağıstan Respublikası, Noqay rayonunun Boranşı kəndi-1990). Noqay ədəbiyyatında önəmli yer tutan yazıçılardandır. Ədəbiyyata şeir və hekayələrlə gəlmişdir. 1962-ci ildə “Gen çöllər”, 1964-çü ildə “Nasip yıldızı”(Bəxt ulduzu) hekayə kitabları, 1970–ci ildə “Atadın quşağı”(Atanın qurşağı), 1976-cı ildə “Saban tübi” (Sarı qizıl), 1979-cu ildə “Danıl sagını” romanlarını nəşr etdirmişdir.
Söyün Imaməli ulu Kapayev (1927, Erkin Yurt kəndi -2001). Gənc yaşlarından şeir yazmağa başlamış, sonralar publisistika və nəsr sahəsində də qələmini sınamışdır. 1955-ci ildən noqayca çap olunan “Lenin yolu” qəzetinə redaktor təyin edilmişdir. 1957-ci ildə Stavropol Pedaqoji Institutunu bitirmişdir. Çoxsahəli yaradıcılığı olan S.Kapayev 1957-ci ildə “Dağ bulaqları”, 1958-ci ildə “Danıl uyandı” (Çöl oyandı), 1969-ci ildə “Yürek sırlarım” (Ürək sirrim) şeir kitablarını nəşr etdirmişdir.
Araşdırıcılar ədibin yaradıcılıq qaynağından söz açanda iki məsələyə diqqət yetirirlər. Zəngin noqay folkloru və özünün çətin həyat yolu. Çoxlu mahnılar və tərcümələr müəllifi kimi tanınan S.Kapayev üç roman, ondan çox povest və beş şeir kitabını noqay oxucusunun mühakiməsinə vermişdir. Onun “Tandır” (Təndir), “Yuvsan”(Yovşan) povestləri vaxtilə ən çox təbliğ edilən əsərlər olmuşdur.
Ədəbiyyatda yeniləşmənin öncüllərindən olan yazar noqaylarda sərbəst vəzndə şeirin ustadlarından sayılır. Onun durnalara xitabən yazdığı şeirdə deyilir:
Yarasık tı, - Gözəldir,
Şuvak bolup yaynaydı - Aydınlık olup parlar,
Küzgi kibik, küz kuni. - Güzgü kimi payız günü.
Tav betinde - Dağ belində
Kökşil turgan kök köldey, - Göydə duran göy göl kimi,
Köp-kömekyi - Tamam gömgöydü
Küz küninde kök yüzü. - (Güz) payız günündə göy üzü.
Sovet dönəmində ən çox inqilabdan, bolşeviklərin noqay xalqını xoşbəxtliyə çıxardığından yazan S.Kapayev ömrünün son illərində çap etdirdiyi povest və hekayələr kitabını “Müqəddəs Quran” adlandırmışdır. Son illər xalq arasında geniş yayılmış əfsanə, əsatir, rəvayət və nağılları bədiiləşdirib oxuculara təqdim etməsi öncələr yazdıqlarının üzrxahlığı kimi başa düşülə bilər. Bəlkə elə buna görədir ki, son kitablarından olan “Noqay evi” noqayların stolüstü kitabına çevrilmişdir. Burada xalqının tarixinə və etnoqrafiyasına geniş yer ayrılmışdır.
Söyün Kapayevin “Tazasu sərgisi” (1965), “Durnacık” (1974) və b. əsərləri noqay ədəbiyyatının savaş mövzusunda ən yaxşı əsərləri sayılır.
* * *
Sovetlər Birliyi çökdükdən sonra ədəbiyyatşünaslar 1920-30-cu illərdə M.Kurmanəliyevin, Z.Kabalıyevin, R.Kereytovun, I.Mirzayevin, V.Kazakovun formalaşdırdıqları ədəbiyyatı şüarçı ədəbiyyat kimi dəyərləndirirlər.
Dostları ilə paylaş: |