2.1. Folklorda Tanrıçılıq inancının izləri
Qaraçay-malkar folklorunda tanrılarla bağlı poetik nümunələrə daha çox rast gəlinir. Mərasim nəğmələrində Teyri (Tanrı), Çoppa, Eliya, Şibila, Totur Ozay və b. adlar tez-tez çəkilir. Dolay, Erirey, Inay, Apsatı, Biynöger adlı cırlar ən qədim nümunələr sayılır (Iranda türklərin toplum yaşayış mərkəzi olan Savə bölgəsində bugün də şeirə yır, şairə yırçı deyirlər). Dolay tanrısı ilə bağlı nəğmələr qaraçaylar arasında bu gün də yaşayır. Azərbaycanda isə Dolay tanrısı haqqında nəğmə ilkin mənasını itirərək, məzmununu dəyişərək xalq mahnısına çevrilmişdir. Onu da xatırladaq ki, qaraçaylarda şərəfinə nəğmələr oxunan Debet və Anaxatır tanrılarının adını Azərbaycanın qərbində çaylara vermişlər.
Qaraçaylar Ayterek və Cannız Terek tanrılarını təmsil edən ağaclara, malkarlar Ravbaziy tanrısına, Çeqem vadisindəki Totur tanrısı şərəfinə Totur adlandırılan daşa sitayiş edirlər. Altaylar və Sibirdə yaşayan bəzi türk xalqları şamançılığa inanırlar. Bütpərəstliyi heç vaxt qəbul etməmişlər. Onlarda ağaca, daşa inam bu gün də yaşamaqdadır. Eləcə də, islamı çoxdan qəbul etmiş türklərin əksəriyyətində də bu inanclar yaşayır. Bu da onu göstərir ki, qaraçay-malkarlar şamançılıq dönəmindəki inanclarını və həmin dövrə aid müxtəlif bərəkət tanrılarının adlarını yırlarında qoruyub saxlamışlar. Belə ki, yağ-ayran almaq üçün nehrə çalxarkən Dolayın, xırmanda taxıl döyərkən Erireyin, yun darayıb, əyirib və toxuyarkən Inayın şərəfinə cırlar (yırlar) söyləyər, məhsullarının bərəkətli olmasını istəyərdilər.
Zaman keçdikcə bu mərasimlər və inanclar islamlaşmağa başlayır. Islamlaşmanın izlərini qaracay-malkarlarda da görmək olar. Ovun uğurlu olması üçün Apsatın qızı Baydimat (Patimat) - Fatimatın şərəfinə mərasimlər keçirirlər. Buradan Baydimatın Fatimaya çevrilməyə doğru getdiyinin şahidi oluruq. Belə ki, Fatimə Məhəmməd (ə.s.) peyğəmbərin qızı - dördüncü xəlifə Əlinin arvadıdır. Azərbaycanda müqəddəs sayılan, şərəfinə qurban kəsilən daş və qayaların əksəriyyəti islamın dördüncü xəlifəsi Əlinin adı və atı Düldülün ayaq izləri ilə bağlıdır.
Qaraçay-malkarların ov tanrısı Apsatın qızı Baydimat-Fatimatın igid ovçunu arxasınca yalçın qayanın zirvəsinə çıxarmasından, oradan düşə bilməyəcəyini görən igidin özünü qayadan atıb öldürməsindən bəhs edən “Biynöger” dastanı çox məşhurdur. Araşdırıcıların fikrincə, bu dastan 12-13-cü yüzillərdə yaradılmışdır.
Dostları ilə paylaş: |