(Türkiye dışındakı..., 2002:209, 22-ci cild).
Uşaq folklorunun ən maraqlı janrlarından biri də tapmacalardır. Tapmaca yalnız yaddaşı iyiləməklə qalmır, həm də uşaqların biliyini artırır, hazırcavablığını yüksəldir. Tapmaca deyənin cavabı verilməyəndə qarşı tərəf əvəzini ödəməlidir. Bu ödənc adətən maddi deyil, mənəvi olur. Azərbaycanda tapmacanın cavabını tapmayanı tapmaca deyən rəmzi olaraq satmaq hüququ qazanır. Qaraçay-malkarlar isə tapmacanın cavabını tapmayan şəxs tapmadığı hər bir cavab üçün rəmzi olaraq bir kənd verməlidir. Tapmaca deyildiyi məclisdə bir kənd iki dəfə verilə bilməz. Bu gələnək də uşaqların coğrafi biliklərinin artmasına, xalqının yaşadığı kəndləri yaxşı-yaxşı tanımasına səbəb olur. Bu qaydanın bizim kəndlərdə də yaşadığını uşaqlıqda Göyçədə görmüşdüm.
Qaraçay-malkarlar tapmacaya “comak” və ya “elber” deyirlər. “Elber”də “el verdi” – “kənd verdi” sözünün qısaldılmış formasıdır. Bu janrın inkişafında XVIII yüzildə yaşamış Matçı Aliyin və XIX yüzildə yaşamış Appiy Xasanın xidmətləri böyük olmuşdur.
Mahmud Kaşğari “balu-balu” adlı bir şeir formasından söz açır. Qaraçay-malkarlarda isə uşağı əzizləyərkən oxunan nəğmələrə “bellav” (beşik nəğməsi) deyirlər. Bu da xalq arasında geniş yayılmışdır.
2.4. Nəğmələr
Qaraçay-malkarlarda sevgi nəğmələrinə süymeklik cır, yəni sevgi şeirləri deyirlər. Bunlar qısa və uzun, bəzən də süjetli ola bilir. Xalq arasında “Aycayak”, “Aktamak” və “Kemishan” kimi sevgi nəğmələri daha geniş yayılmışdır. Dillər əzbəri olmuş “Aktamak” nəğməsi Ismayıl Unuh ulu Semenlə Ija sülaləsindən olan Aktamak Yaqup qızının (əsil adı Anisat) sevgisindən danışır. Nəğməni yaradan tarixi şəxsiyyət, nəğmənin qəhrəmanı el şairi Ismayıl Semendir (1891-1981). Ufuk Tavkul yazır ki, “Şarkı oldukca uzun olup iki min dördlükten fazladır”.
Bizim bayatılarla eyni olan şeir şəklinə qaraçay-malkarlar “iynar” deyirlər. Ağıları isə “küv-küy”, “sıyıt”, “sarın” adlandirırlar. “Qaralav”, “Kanamat”, “Aybıçe ilə Ramazan” və “Zariyat” kimi süjetli ağılar günümüzədək gəlib çatmışdır. Bizcə, Azərbaycanda bu cür ağılar, mərsiyə və növhələr içərisində əridiyindən günümüzdə belə nümunələrlə rastlaşmırıq.
Xalq arasında “Çam cır” dedikləri nəğmələr çox oxunandır. Burada kimlərsə tənqid, hətta təhqir də edilir. Bu da Azərbaycandakı həcvləri xatırladır. “Çam cır”ın çoxunu el şairi Kalay ulu Appan söylədiyini yazırlar.
Dostları ilə paylaş: |