Qasbot Bağır ulu Qoçqarov (Qoçqarlanı) (1834, Kuban quberniyasının Uçkulan yaxınlığındakı Qasbot kəndi -1940). Qasbot Bağır oğlunun uşaqlıq və yeniyetməliyi Qafqazda qanlı savaşların hökm sürdüyü bir dönəmə təsadüf etmişdir.
Balaca Qasbotun gözü qarşısında Şeyx Şamilin müridləri Rusiyanın toplu-tüfəngli ordularını pərən-pərənə salırdı. Analar döyüşlərdə şəhid olan oğullarına, bacılar qardaşlarına, qadınlar ərlərinə yırlar qoşurdular. Necə deyərlər Qasbotun gözü qarşısındaca hər gün yeni bir qəhrəmanlıq yırı yaranırdı. Istəsə də, istəməsə də o bu yırları eşidir, onlar yaddaşına hopur və onun bədii təxəyyülünü zənginləşdirirdi.
Kiçik yaşlarından yeddi il molla yanında təhsil alan, Quran oxumağı, ərəb və fars dillərini öyrənən Qasbot mədrəsədə təhsilini davam etdirə bilmir. Yeniyetmə çağlarında çoxlu cır (yır) və xalq mahnıları əzbərləyərək yığnaqlarında oxuyur. Oxuduqlarının təsiri ilə gənc yaşından öz şeirlərini söyləməyə başlayır. Şairin “Xorasan”, “Deboş”, “Aycayak” cırları və mahnıları xalq arasında geniş yayılır (Literatura narodov..., 1999:115). Araşdırıcılar xalq nəğmələri kimi bu gün də oxunan və antologiyalara daxil edilmiş “Candar”, “Barak”, “Qapalav” və “Qanamat”ın da yazarının Qasbot olduğu qənaətindədirlər (Türkiye dışındakı..., 2002:237, 22-ci cild).
Qasbot Qoçqarov mükəmməl dini təhsil almasa da, sonralar mədrəsə təhsili görmüş, Şərqin dini və mədəniyyət mərkəzlərini gəzib gəlmiş həmyerlilərinin söhbətlərini dinləməklə dini biliklərini artırmışdı. Ona görə də Qasbot Qoçqarovun cır və nəğmələrində didaktika, Islami dəyərlərə dayanan öyüd və nəsihətlər çoxluq təşkil edir. Ənənəyə sədaqəti və fitri istedadı sayəsində yazdığı cır və mahnılar qaraçay-malkar poeziyasının qızıl fondunu təşkil edir.
19-cu yüzilin sonları 20-ci yüzilin əvvəllərində Qasbot Qoçqarov Quzey Qafqazda yalnız Qaracay-malkarlar arasında deyil, noqaylar, çərkəzlər, abazalar, qumuqlar, qabardinlər və başqa xalqlar arasında da məşhur olmuşdu.
Qasbot Qoçqarovu üsyankar ruhlu şeirləri, həcvləri bolşeviklərin də diqqətini cəlb etmişdi. Bolşeviklər xalq arasında məşhur olan şairləri öz tərəfinə çəkməklə Kommunist Partiyasına, Leninə, Stalinə mədhiyyələr yazdırır, sosializm quruculuğunu tərənnüm etdirirdilər. Ləzgi xalq şairi Süleyman Stalskini, qazax Cambul Caboyevi, avar Həmzət Sadasanı və b. mükafatlarla, rəsmi toplantılara dəvətlərlə şirnikləndirərək sosializm quruculuğunun məddahına çevirə bilmişdilər.
Sovetlərin dinə mənfi münasibətini, milli ayrıseçkilik siyasətini, müxtəlif adlar altında azad düşüncəli insanları məhv etdiyini görən Qasbot Qoçqarov dəvətləri qəbul etmir. At üstündə dərvişvari bir həyat sürərək, kənd-kənd gəzib cırlar oxuyur. Nə yazıq ki, onun yaddaşında gəzdirdiyi yüzlərlə cırı, nəğməni, mahnını, ata sözü və məsəlləri toplayan olmur.
Şairin ölümündən 24 il sonra, yəni 1964-cü ildə “Saylamalar” (Seçmələr) və 1986-cı ildə “Qoçkarlanı Qasbot-Xalq cırçılanı tamadası” (Qasbot Qoçkar-xalq şairlərinin öncülü) kitabları nəşr edilir.
1940-cı ildə, 106 yaşında dünyasını dəyişən Qasbot Qoçqarov sağ qalsaydı yəqin ki, 1943-cü ildə xalqı ilə birlikdə o da Qazaxıstana və ya Sibirə sürgün ediləcəkdi. SSRI dağıldıqdan sonra Qasbot Qoçqarovun əsərləri Türkiyədə də çap olunmağa başladı. Qasbot Qoçqarovun yaradıcılığına türk xalqlarında da maraq artmışdır. Onun qaraçay milli ruhunu özündə daşıyan şeirləri Türk xalqlarının ədəbiyyatının bir parçasına çevrilməkdədir.
Dostları ilə paylaş: |