Dövlət büdcəsi layihəsinin tərtibi prosesi növbəti büdcə ilinə 11 ay qalmış başlanır və büdcə layihəsinin Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edildiyi günədək olan dövrü əhatə edir. Cari ilin aprel ayının 15-dək dövlət büdcəsinin və investisiya proqramının ilkin layihəsi hazırlanaraq büdcə-vergi siyasətinin əsas istiqamətləri, büdcə təsnifatının bölmələri səviyyəsində gəlir və xərclərin yuxarı həddi, dövlət borcları, prioritet xərclər, növbəti büdcə ili və sonrakı üç il üçün icmal büdcə proqnozu ilə birlikdə baxılmaq üçün müvafiq icra hakimiyyəti orqanına təqdim olunur.
Cari ilin may ayının 1-dək Maliyyə Nazirliyi tərəfindən növbəti il üzrə dövlət büdcəsinin layihəsi və sonrakı üç il üçün icmal, büdcə göstəricilərinin tərtibinə dair təlimat məktubu hazırlanır və büdcənin tərtibində iştirak edən təşkilatlara göndərilir. Avqust ayının 1-dək müvafiq Maliyyə Nazirliyi tərəfindən cari ilin altı ayının faktiki nəticələri nəzərə alınmaqla növbəti il üzrə orta müddətli makroiqtisadi göstəricilər, habelə sosial, iqtisadi və investisiya proqramları dəqiqləşdirilir.
Növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri cari ilin sentyabr ayının 10-dək Nazirlər Kabinetinə təqdim edilir.
Növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi isə ona əlavə edilmiş digər sənədlərlə birlikdə cari ilin oktyabr ayının 15-dən gec olmayaraq Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisinin müzakirəsinə və təsdiqinə təqdim edilir. Qanun layihəsi Azərbaycan Respublikasının Milli Məclisində cari ilin dekabr ayının 20-dən gec olmayaraq təsdiq edilir.
Beləliklə, mövcud qanunvericilik əsasında növbəti ilin dövlət büdcəsinin tərtibi İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanan sosial-iqtisadi inkişaf proqnozları əsasında Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir və Nazirlər Kabinetinə təqdim edilir. Hökumətin müzakirəsindən sonra Prezident Aparatına göndərilir və prezident tərəfindən bəyənildikdən sonra baxılmaq üçün Milli Məclisə təqdim olunur. Milli Məclisin qəbul etdiyi variant prezident tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir. Büdcəyə ictimai nəzarət funksiyası parlament tərəfindən həyata keçirilir.
Dostları ilə paylaş: |