Fxslxgghpxn ncplhkxn ncpxl


ON BEŞİNCİ DƏRS BUDDİZM (3)



Yüklə 0,83 Mb.
səhifə17/31
tarix01.07.2018
ölçüsü0,83 Mb.
#55417
1   ...   13   14   15   16   17   18   19   20   ...   31

ON BEŞİNCİ DƏRS

BUDDİZM (3)

ӘXLAQ


Keçən dərslərdə qeyd olundu ki, buddizmin əsas məqsəd və hədəfi insanı qəm-qüssələrdən, əzab-əziyyətlərdən xilas etməkdir. Sonra bəyan edildi ki, Budda bu hədəfə nail olmaq üçün dörd etiqadi prinsipi çıxış yolu kimi təqdim etmişdi. Bu dörd həqiqətin müştərək xüsusiyyəti bundan ibarətdir ki, vücud baxımından insanın varlıq aləminə bağlılığı onun bütün əzab-əziyyətlərinin əsas amilidir. Bu baxımdan buddizmin varlıq aləmi haqdakı nəzəri bir növ bədbinlik və mənfi xarakter daşıyır; çünki bu ayinin əxlaqi tövsiyələrinin əksəriyyəti arzuların tərk edilməsi, istək və meyillərin cilovlanmasına dəlalət edir. Bu ayində mənfi xüsusiyyətlərə malik olan əxlaqi göstərişlərin varlığına baxmayaraq, müsbət yönə malik olan tövsiyələr də gözə çapır; burada müsbət əxlaqi keyfiyyətlərin və dəyərlərin bir qrupu nəzərə alınmış, onların yerinə yetirilməsinə tövsiyələr edilmişdir.

Buddanın ən mühüm əxlaqi göstərişləri eyş-İşrətin tərk olunması, ehtiras və şəhvətlərin məzəmmət edilməsidir. O, bu işləri insanda sonsuz əzab-əziyyətlərin yaranmasının əsas amili hesab edirdi. Buddanın özü bu barədə belə deyirdi: «Həyatda üzləşdiyimiz əzab-əziyyətlər şəhvətpərəstliyin və ləzzət axtarmağın zəruri nəticəsidir. Buna görə də nəfsi bu hisslərdən tamamilə azad etmək və batini aləmi təmizləmək lazımdır. Başqa sözlə, həyacan və narahtılığa səbəb olan hər növ meyl və istəklərin tərk edilməsi vacibdir.»

Qeyd etmək lazımdır ki, ehtirasların tərk olunması, ləzzət və şəhvətlərdən pəhriz etməklə əlaqədar olan buddist təlimləri ilahi dinlərdə və əxlaqi məktəblərdə də diqqət mərkəzindədir; kamillik və səadətə nail olmaq üçün onların tərk olunması tövsiyə edilmişdir. Amma buddizmin sair dinlərlə fərqi bundan ibarətdir ki, bu məktəbdə həmin məsələlərə qarşı ifrata varılmışdır. Burada qadın, övlad, sərvət, elm və s. həyati və zəruri tələbat da bəyənilməz sayılmış və məzəmmət olunmuşdur. Bu işlər insanı özünə cəlb etdiyindən, onları əldən verməklə qəm-qüssəyə qərq olduğundan və eləcə də onun səadət və xoşbəxtliyə çatmasına mane olduğundan və nəticədə sonu görünməyən ardıcıl ölüm və doğulmalara səbəb olduğu üçün Budda onların tərk olunmasını əmr etmişdir.

Bu barədə bir əhvalat nəql olunur: “Bir gün öz övladını itirdiyinə görə ah-nalə edən, göz yaşları axıdan bir qoca qarı Buddanın yanına gəlir. O, bir anlığa ona baxır və tam soyuqqanlılıqla soruşur: Bu şəhərdə neçə nəfər yaşayır? Qadın cavab verir. Budda deyir: Ey ana! Bu şəhərin bütün sakinlərinin sənin övladın olmasını istərdinmi? Qadın cavab verir: Әlbəttə ki, istərdim. Budda cavab verir: Sənin bu qədər övladın olsa, gərək hər gün onlardan bir neçəsini əldən verməklə qəm-qüssəyə batasan. Çünki, hər gün bu şəhər əhalisindən neçə nəfəri ölür. Qarı fikrə gedir, sonra Budda ona deyir: Yüz nəfər yaxın adamı olan şəxs onların ayrılığında da yüz dəfə qəm-qüssəyə düçar olmalıdır. Onların sayı doxsan nəfər olsa, bu iş doxsan dəfə təkrarlanmalıdır. Bircə əzizi olan şəxs yalnız bir dəfə ayrılıq əzabını çəkir. Amma qəlbini bütünlüklə qohum-əqrəba məhəbbətindən təmizləyən şəxslər ümumiyyətlə əzab-əziyyətdən xilas olacaqdır.

Buddanın nəzərində tərk edilməsi lazım olan xoşagəlməz işlər həddindən artıqdır. Amma onların məcmusu on məsələdə xülasələnmişdir ki, bunlara onluq təşkil edən zəncirlər deyilir. Bu zəncirlər insanın səadət və qurtuluşa nail olmasına maneçilik törədir; onları tam qətiyyət və iradə ilə qırıb atmaq lazımdır. Həmin zəncirlər aşağıdakılardır:

1-Nəfsi sevmək;

2-Şəkk-şübhə;

3-Dini ayinlərdə zahirpərəstlik;

4-Şəhvət;

5-Qəzəb;


6-Yenidən doğulub ideal vəziyyətdə həyat sürmək arzusu;

7-Yenidən doğulub mücərrədlər aləmində yaşamaq arzusu;

8-Təkəbbür və qürur;

9-Xudbinlik və özünü bəyənmək;

10-Cəhalət və nadanlıq.

Öz nəfsini bu zəncirlərdən xilas edə bilən şəxslər, həqiqətdə arzu, təmənna, aludəçilik və asılılıq əsarətindən yaxa qurtarıb mütləq aramlığa və asayişə nail ola bilər.

Budda bu mərhələyə çatmaq üçün səkkiz mərhələdən ibarət olan seyr-süluk üslubunu təqdim edir:

1.Düzgün iman; Burada dördlük təşkil edən əsil həqiqətə kamil iman və həyatda onların tətbiq olunmasına iradə və əzm nəzərdə tutulur.

2.Düzgün təfəkkür; Burada cismani şəhvətlərin tərk olunmasına qarşı qətiyyət, başqalarına qarşı həqiqi məhəbbətə malik olmaq, canlılara əzab-əziyyət verməmək, arzuları tərk etmək nəzərdə tutulur.

3-4.Düzgün danışıq və düzgün rəftar; Burada əbəs və bihudə sözlərdən çəkinmək, xoşagəlməz əməlləri tərk etmək nəzərdə tutulur. Buna əsasən insan bütün məxluqatı sevməli, düzgün və sədaqətli rəftarla onlara mərhəmət göstərməlidir.

5.Düzgün yaşayış; Yəni hər bir şəxsin müəyyən bir məşğuliyyəti və sağlam peşəsi olmalıdır, öz enerjisini və vaxtını ona sərf etməlidir. Әlbəttə, bu məşğuliyyətlər buddizmin əsas prinsipləri ilə ziddiyyət təşkil etməməlidir. Məsələn, qəssablıq sənəti birinci əxlaqi prinsiplə, yəni canlıları öldürməmək əqidəsi ilə uyğun gəlmir və ona görə də tərk edilməlidir.

6.Düzgün səy və işgüzarlıq; Hər bir şəxs öz cism və əql qüvvəsini işlətməklə haqqı batildən seçə bilməlidir; xoşagəlməz bağlılıqları bəyənilən işlərdən ayırd etməyi bacarmalıdır.

7.Düzgün fikirləşmək; Hər bir şəxs öz təfəkkür və əndişə qüvvəsini müsbət istiqamətdə tənzim etməyi bacarmalı, gecə-gündüzdə müəyyən saatları ali-İnsani məqsədlər barəsində təfəkkürə sərf etməlidir.

8.Düzgün müraqibə. Bu son mərhələdir və onun əsnasında bu yolu gedən şəxs düzgün müraqibənin təmərküzləşməsi ilə Buddanın öyrətdiyi həqiqətlər həddinə (dördlük təşkil edən həqiqətlərə) ərhət (kamil insan) məqamına çatar. Bu halətdə salik və rahib sırf fənaya və kamil paklığa (nirvanaya) nail olur.

Bura qədər bəyan olunanlar buddizmin əxlaq və davranış təlimlərinin mənfi yönünə malik olan prinsiplər idi. On üçüncü dərsdə qeyd olunan on etiqadi əsas isə bu ayinin mənfi yönünə malik olan xüsusiyyətlərdən ibarət idi. Amma bu dində müsbət əxlaq normaları da nəzərə alınmışdır. Bu xüsusiyyətlərdən biri də yaranmışlara mərhəmət və hamıya qarşı xeyirxahlıq hissidir ki, bu da ərhət məqamına nail olmağın əlamətlərindəndir. Bu məqama nail olan şəxs hüsni-niyyət, batini saflıq və pak qəlblə bütün insanlar üçün xeyir və yaxşılıq istəməlidir. Budda bu barədə belə deyir: «Hamı səhra heyvanları kimi evsiş-eşiksiz olmalı, əhli-əyalsız yaşamaqla ömrünü nəfsini təkmilləşdirmək, kamala yetirmək yolunda sona çatdırmalıdır. Lakin həmin halda şəfqət və mərhəmətli olmağı da özünə adət etdirməli, ömrünü məxluqata xidmət və yaxşılığa sərf etməlidir. Elm öyrənib öyrətmək, gözəl nəsihətlərlə insanları nicat və qurtuluşa doğru hidayət etmək və öz körpəsinə mehriban olan bir ana kimi bütün insanlara qarşı mehriban olmaq lazımdır; ana öz körpəsinə qayğılı olub onu qorumaq yolunda öz canını belə fəda etməyə hazır olduğu kimi, o da öz batinini insanlara qarşı o qədər məhəbbət və xeyirxahlıqla doldurmalıdır ki, yaranmışların nicatı üçün öz canını əsirgəməməlidir; hər nə vardırsa, hər yerdə vardırsa pak və səfalı qəlblə, aludəlikdən, xudbinliklərdən uzaq olmaqla onlara məhəbbət göstərməlidir.»

Buddizmi qəbul edən hər bir şəxs bu məhəbbət və nikbinlik mərtəbəsinə nail olmaq üçün öz qəlbini tamamilə təmizləməli və başqalarına kin-küdurət tozunun onun qəlbinə qonmasına, hakim kəsilməsinə heç bir vəchlə icazə verməməlidir; hətta bir şəxs onu söysə, yaxud ona qarşı hörmətsizlik etsə belə narahat olmamalıdır. Çünki qəlbində «filankəs məni təhqir etdi, məni kötəklədi, mənim malımı oğurladı, yaxud mənə zülm etdi» kimi fikirlər insanın qəlbini qaraldır, ürəkdə kin-küdurət hissini hakim edir. Bu fikirlərin batini aləmdən təmizlənməsi çox çətin, bəzən də qeyri-mümkün olur. Təbiidir ki, intiqam almaq əxlaqi göstərişlərin ziddinədir. Budda öz ardıcıllarına tövsiyə edirdi ki, hətta öz zehinlərində belə, nəinki intiqamçılıq hissini yaxın buraxmamalı, hətta onların rəva gbrdükləri pisliklər barədə fikirləşməməlidirlər. Budda haqqında deyilir: “Bir gün şagirdlərindən Puna adlı birisi onun yanına gəldi və ondan meşədə yaşayan vəhşiləşmiş bir qövmü təlim-tərbiyə etmək üçün icazə istədi. Budda onun fikrinin nə dərəcədə ciddi olduğunu yoxlamaq üçün dedi: «Ey Puna, o qövm çox kobud, vəhşi və əzazildir, sənin üstünə qəzəblənib yaramaz sözlər deyəcəklər. Bu barədə fikirləşmisənmi?» Puna dedi: «Qorxusu yoxdur, ey mənim ustadım! Mən öz qəlbimdə onları mehriban və yaxşı insanlar hesab edəcəyəm. Çünki söymələrinə, dillə təhqir etmələrinə baxmayaraq, mənə cismani əzab-əziyyət çatdırmamışlar, daşla, çomaqla məni döyməmişlər.» Budda dedi: «Bu vəhşi qəbilə səni daşla, çomaqla döysələr necə?» Puna cavab verdi: «Yenə də öz-özümə deyəcəyəm ki, onlar mehriban və pak qəlbli insanlardır, çünki məni xəncər və qılıncla qətlə yetirmək istəmirlər.» Budda dedi: «Әgər belə etsələr nə edəcəksən?» Puna dedi: «Öz-özümə deyəcəyəm ki, onlar mənə qarşı çox mehriban və xeyirxahdırlar. Çünki həqiqətdə məni bu alçaq təbiətli cismdən xilas edərək azacıq bir əzabla varlığın əzabından qurtaracaqlar.» Budda bu cavabı eşitməklə belə dedi: «Çox yaxşı dedin ey Puna! Malik olduğun bu səbr və dözümlülük neməti ilə get, çalış, özün düz yolda olduğun kimi başqalarını da hidayət et.»

Buddadan söyüş barəsində belə nəql olunub: «Әgər bir şəxs öz axmaqlığı ucbatından mənə qarşı səhv bir addım atmış olsa, bu işin müqabilində onu öz sədaqətli məhəbbətimə layiq görəcəyəm; o, mənə qarşı pisliyini artırdıqca, mən də öz yaxşılıqlarımı artıracağam.» Buddistlərin müqəddəs kitablarından olan Damapadanın nəğmələrindən birində belə oxuyuruq:

«Qoy insan öz qəzəbinə məhəbbətlə üstün gəlsin, qoy o pisliklərə yaxşılıqla qələbə çalsın, qoy o tamahkar insanın müqabilində əli açıq, yalançının müqabilində isə düz danışan olsun.»

Başqa bir yerdə isə belə deyilir:

«Heç vaxt nifrəti nifrətlə aradan qaldırmaq olmaz; nifrət yalnız mehr-məhəbbətlə aradan qaldırılar.»

Yuxarıdakı cümlələrdən belə nəticə alınır ki, Budda ayininin başqalarına qarşı əxlaq və davranış normalarının əsası kamil sülh və qeydsiz-şərtsiz məhəbbət əsasındadır. Bu ayində kobud hərəkət hər bir şəraitdə qadağandır. Buna görə də bu ayinin xristianlıqla çox oxşarlığı vardır.

Bu ayində şəxsi əxlaqın əsası nəfsin öldürülməsi, bütün nəfsani istəklərin və meyillərin məhv edilməsi, maddi və dünyəvi əlaqələrin kəsilməsidir. Buna görə də onun sufi firqələrinə də oxşarlığı vardır. Buddiizm bütün əxlaq və davranış prinsiplərində mötədil yol seçdiyini iddia edir. Amma unutmaq olmaz ki, nəfsin paklaşdırılması və son qurtuluş məqamına nail olmaq üçün uzun illər boyu sovmiələrdə mümkün olan təfəkkür və müraqibə ilə bütün nəfsani və dünyəvi asılılıqları qırmağa təkid etdikləri halda necə demək olar ki, bu ayin öz ardıcıllarına mötədil mövqe seçməyi tövsiyə edir?! Bu mötədillik hansı ifrat və təfrit arasında yerləşir? Buddizm özünü cayn ayinində müşahidə olunan üzücü və çətin riyazətlər, ifrat zahidliklə qeydsiz-şərtsiz təfrit azadlıq arasında yerləşən mötədil mövqedə olduğunu dediyi üçün bu tənqid öz yerində qalır.

İnkar etmək olmaz ki, buddizm ayini o dövrün Hindistan cəmiyyətində mövcud olan brahmanizm və caynizm ayinlərindən müqayisəolunmaz dərəcədə fərqlənir. Bu ayin digərlərində mövcud olan bəzi ifrat və təfritlərdən kənarlaşdığına görə və daha mötədil bir yol kimi təqdim olunduğuna görə həmin zahidanə göstərişlərdən uzaqdır; həmçinin bu ayində brahmanizmin icad etdiyi sinifləşmə tələbkarlıqları gözə görünmür. Qeyd olunduğu kimi, brahmanizmdə əvvəla insan təkrar doğulmalar nəticəsində də heç vaxt sinfi quruluşdan xaric ola bilməz. Yalnız fərdlər yaxşı əməl sahibi olduqda daha yüksəkdə olan təbəqələrə keçə bilər. Әks halda daha aşağıda olan təbəqələrə süqut edəcəkdir. Halbuki buddizm yenidən doğulmalardan tamamilə xilas olmaq üçün müəyyən bir yol bəyan etmişdir və bu etiqada əsasən sinfi ziddiyyətlər də rədd edilir. İkincisi, brahmanizmdə əxlaq normaları hər bir təbəqə ilə əlaqədar fərqlidir və hər bir təbəqənin özünəməxsus əxlaq qaydaları vardır. Mümkündür ki, bir təbəqədə çirkin, xoşagəlməz və haram sayılan bir iş digər bir təbəqə üçün yaxşı və caiz hesab olunsun. Buddizmdə isə nisbətən mötədil və asan bir yol təklif edilir.

Burada digər bir məsələyə də diqqət yetirmək lazımdır: Әgər buddizmi islam məktəbinin əxlaq normaları və davranışları ilə müqayisə etsək, şübhəsiz islam qanunlarının mötədil və məntiqə uyğun olduğunda, buddizmin isə ifratçılığında heç bir şəkk-şübhə qalmayacaqdır. Çünki islam dini insanın maddi-mənəvi ehtiyaclarının hamısını qanuni bilmiş və bütün hallarda mötədil yol seçməyi şərt hesab etmişdir. Misal üçün islamda zahidlik dünyadan əl çəkmək və tərkidünyalıq mənasına deyil, maddi və dünyəvi istəklərin cilovlanması, nəzarət altına alınması mənasınadır. Bu mətləb islam əxlaqında geniş şəkildə bəyan olunmuşdur.


DӘRSİN XÜLASӘSİ


Buddizmdə ən mühüm əxlaq norması dünyada mövcud olan əzab-əziyyətlərdən tamamilə xilas olmaq üçün maddi və dünyəvi bağlılıqlardan qırılmaqdır. Bu hədəfə nail olmaq üçün bütün varlıqlara məhəbbət bəsləmək lazımdır. İnsan öz qəlbində heç bir şəxsə və heç bir şeyə qarşı kin-küdurət bəsləməməlidir.

SUALLAR VӘ TAPŞIRIQLAR


1-Buddizm nöqteyi-nəzərindən qurtuluşun maneələrini izah edin.

2-Buddizmdə qurtuluşa nail olmağın səkkiz əsas prinsiplərini izah edin.

3-Budda hamıya qarşı mehr-məhəbbət bəsləmək barədə nə tövsiyə edirdi?

4-İslam əxlaqına diqqət yetirməklə, buddizmin meyarları doğrudan da onun iddia etdiyi kimi mötədil mövqedədirmi?


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin