İkinci xəlifənin dövründə onun göstərişi ilə hədis ravilərindən bir neçə nəfər Mədinəyə çağırılıb, orada da qalmalı oldular. Onlar Mədinədən kənara çıxmaq və hədis söyləmək hüquqlarına malik deyildilər. Xəlifə onları belə sorğu-suala tuturdu: “Sizin şəhərlərdə yaydığınız hədislər nədir?” Onlar cavabında deyirdilər: “Bizi hədis söyləməkdən qadağan edirsənmi?” Xəlifə deyirdi: “Xeyr, lakin sizdən istəyirəm ki, sağ olduğum vaxta qədər mənim yanımdan (Mədinədən) getməyəsiniz. Biz yaxşı bilirik ki, sizin hansı hədislərini qəbul edək və hansılarını qəbul etməyək!” Beləliklə, onlar ömürlərinin sonuna qədər Mədinədə qaldılar.1 Onlar Əbuzər, Abdullah ibn Məs`ud, Abdullah ibn Hüzeyfə, Əbu Dərda və Əqəbə ibn Amir idilər.2
Bu hörmətli şəxslər şübhəsiz, qeyri-səhih hədislər nəql etmirdilər. Belə isə, hansı səbəb üzündən hədis nəql etməkdən məhrum olunurdular? Onların hədislərini kimlər qəbul etmirdilər?!3
Qərzə ibn Kə`b deyir: “Bir zaman xəlifə məni və səhabələrdən bir neçə nəfəri Kufəyə göndərdi və Mədinənin ətraf məntəqələrinə qədər bizi yola salmaq üçün bizimlə birgə hərəkət etdi. Sonra dedi: “Bilirsiniz ki, sizi yola salmaqda məqsədim nədir?” Dedik: “Bizə ehtiram üçün!” Dedi: “Əlbəttə, doğrudur, lakin başqa məqsədim vardır. Siz elə bir şəhərə gedirsiniz ki, oranın əhalisi məscid və təşkilatlarının fəzasını Qur`an oxumaqla ətirləmişlər. Sə`y edin ki, onları hədis söyləməklə yollarından çəkindirməyin, hədislə məşğul etməyin. Qur`anı hədisdən ayırın, heç bir hədisi onunla qatmayın. İmkan daxilində, Peyğəmbər (s)-dən az hədis nəql edin. Bilin ki, mən bu məqsədin gerçəkləşməsində sizə kömək edəcəyəm!”
Qərzə Kufəyə gəldikdə, camaat Peyğəmbəri-Əkrəm (s)-in buyurduğu hədisləri eşitmək məqsədilə onun ətrafına toplaşdılar. O isə deyirdi: “Xəlifə bizi Peyğəmbər (s)-in hədislərini deməkdən qadağan etmişdir!”4
Dostları ilə paylaş: |